Ana səhifə Gündəm |
15 iyul – Türkiyənin çağdaş siyasi tarixində önəmli dönüş nöqtəsidir. Şübhə yoxdur ki, bu tarix türk millətinin iradəsinin hər şeydən uca və üstün olduğunun ən parlaq simgəsidir. Cənab Prezidentin məktubunda da qeyd edildiyi kimi, həmin gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunu şərh edən siyasi analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Türkiyədə baş verən hadisələr Azərbaycan üçün çox önəmlidir:
“Azərbaycan və Türkiyə təkcə strateji müttəfiq ölkələr deyil, həm də eyni yolu, qədəri paylaşan qardaş ölkələrdir. Türkiyədə baş verən, onun inkişafının qarşısını almağa yönəlik, dövlətçiliyinə qarşı ediləcək hər hansı bir qəsd, şübhəsiz ki, bizə də öz təsirini göstərmiş olar. Bu baxımdan iyul hadisələrinin ildönümünün Azərbaycanda da geniş şəkildə qeyd edilməsi, demokratiya şəhidlərinin ruhunun tədbirlərdə anılması, onların xatirəsinə ölkə məscidlərində vəhdət namazlarının qılınması bizim bir qardaş ölkə olaraq hər zaman Türkiyənin yanında olduğumuzun ən bariz göstəricisidir. 15 iyul çevriliş cəhdi, şübhəsiz ki, demokratiyaya bir qəsd idi. Amma burada ən önəmli olan milli iradəni ortaya qoyan türk millətidir. Türkiyə XXI əsrdə demokratiya şəhidləri verdi və həm bu şəhidlər, həm də siyasi mövqeyindən asılı olmayaraq küçələrə çıxan sadə türk vətəndaşı Türkiyənin həyatında necə böyük rol oynadığını və onun türk millətinin iradəsindən kənar bir şey gerçəkləşdirməyin mümkünsüzlüyünü ortaya qoymuş oldu. Prezidentin məktubunda da vurğulandığı kimi, həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur”, - deyə analitik bildirib.
Politoloq bildirib ki, Türkiyə rəhbərliyi çevriliş cəhdinin ildönümündə heç də əksər ölkələrdən bu tip məktublar qəbul etməyib:
“Prezident İlham Əliyevin bu məktubunda növbəti dəfə “bir millət – iki dövlət” prinsipinin, dövlət başlıları arasındakı dostluq və qardaşlığın və xalqlarımızın tale birliyinin qlobal ismarışı var. İlham Əliyev 2016-cı il 15 iyul gecəsində olduğu kimi, qardaş türk xalqının iradəsinin və bu iradəni əks etdirən hökumətin yanında olduğunu nümayiş etdirdi”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb. Prezident məktubunda 15 iyul şəhidlərinin ruhuna rəhmət diləyərək, bütün taleyüklü məsələlərdə Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu bildirib.
Tarix
2017.07.15 / 15:02
|
Müəllif
Nərmin Əkbərli
|