Ana səhifə Gündəm |
Noyabrın 5-dən 7-dək Bakıda "Böyük İpək Yolu" Beynəlxalq
Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan,
Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstandan olmaqla, ümumilikdə, 10
ölkədən İdarə Heyətinin üzvləri iştirak edib.
Publika.az xəbər
verir ki, İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənovla görüşüblər.
Görüşdə Əli Həsənov "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqına
üzv gəncləri salamlayaraq onlara öz təşəkkürünü bildirib, onları
maraqlandıran sualları cavablandırmağa hazır olduğunu
vurğulayıb.
Daha sonra Əli Həsənov Mədəniyyətlərarası Dialoqun inkişafında
"Böyük İpək Yolu" BGİ-nin uğurlu fəaliyyətini yüksək
qiymətləndirirək Təşkilatın daha da genişləndirilməsinin vacib
olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Təşkilat üzvlərinin
sayının artırılaraq hər ölkədən bir deyil, bir neçə gənclər
təşkilatının cəlb edilməsi daha məqsədəuyğundur: "Azərbaycanda
gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Ölkə Prezidenti gənclər və idman sahəsinə xüsusi önəm verir. Çünki
gəncliyini düşünməyən xalqın perspektivi ola bilməz. Dövlətimiz
çalışır ki, gənclərimiz daha sağlam, savadlı, intellektual və
kreativ istiqamətlərdə inkişaf etsinlər. Bu sahədə fəaliyyət
göstərən təşkilatların qarşısında duran əsas məsələ isə gənclərə
dəstək olmaqdır. Müxtəlif dinləri və mədəniyyətləri bir araya
gətirmək, hər bir xalqın mədəniyyətində gözəl keyfiyyətləri, müsbət
cəhətləri təbliğ etmək lazımdır. Sizə bu yolda uğurlar arzulayıram.
Ümid edirəm ki, Azərbaycandan ən yaxşı nümunələri götürəcək,
ölkəmizdən dost olaraq ayrılacaqsınız".
"Böyük İpək yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov
Əli Həsənova qəbul üçün təşəkkürünü bildirib, Bakıda başlayan
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin
növbəti iclası haqqında geniş məlumat verib.
Qeyd edib ki, İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və
Saloniki şəhərlərində idarə heyətlərinin iclaslarını
keçiriblər.
İttifaqın gördüyü işlər haqqında məlumat verən Fuad Muradov onu da
əlavə edib ki, Təşkilatın "Gənc şairələrin beynəlxalq forumu" Şərq
Tərəfdaşlığı ölkələri arasında ən yaxşı mədəniyyətlərarası layihə
mükafatına layiq görülüb.
İdarə Heyətinin Bakıda keçirilən iclasında təşkilatın illik hesabatı dinlənilib. Eyni zamanda, yeni loqo və brend-book təqdim edilib və İdarə Heyəti tərəfindən təsdiqlənib.
Görüşdə 2016-cı ilin fəaliyyət proqramı müzakirə edilib.
İttifaqın gördüyü işlər barədə iştirakçılara slayd nümayiş etdirilib. Müzakirələrdə "Böyük İpək Yolu"nun növbəti Forumun keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, əsas məqsədi İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olan İttifaqa 32 ölkədən üzv təşkilat daxildir.
Tarix
2015.11.07 / 12:36
|
Müəllif
Axar.az
|