Yuxarı

İşimlə məşğulam, böyüklərsə mənə “fermer” deyir...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə də layihə çərçivəsində üz tutduğumuz kənd Xırmandalıdır – ancaq Masallının yox, Biləsuvarın Xırmandalısı.

Biləsuvar rayonunun Xırmandalı kəndinə pambıqçı, qabaqcıl fermer təsərrüfat başçısı olan 70 yaşlı Zərxanım Zahid qızı Həsənovanın sorağı ilə getmişdik. Biləsuvardakı dostlar ağbirçək pambıqçı xanım haqda xoş sözlər demişdi, onu da əlavə etmişdilər ki, gündüz onu evdə tapmaq olmur, sahədə olacaq.

Zərxanım xalaya iş gününün sonunda zəng etdim, telefonu dərhal açdı:

- Hə, xalan qurban, eşidirəm, başına dönərəm elə sənin...

- Yox, ay xala, mən sən deyən bacıoğlu deyiləm, təzə tapılanlardanam, - yazacağım yazının qəhrəmanı ilə zarafat etdim.

Telefonun o başından kiməsə müraciətlə, “Bıy, başıma xeyir, Xudakərim döymüş ki bu, adə, gör bu kişi kimdir mənə zəng vurey”, - dedi.

İmkan vermədim ki, telefonu kiməsə ötürsün, özümü təqdim etdim, jurnalist olduğumu dedim.
- Bıy, başıma xeyir, ay bala, gecə vaxtı mən səni necə yola salacam, sənə pambıq pay verəsi döyüləm ha...

Sanki qonağı mütləq pay-püşlə yola salmalıymış... Zərxanım xalanın danışığı, səmimiliyi, hiylədən uzaq rəftarı, tanımadığı adama ərk etməsi ürəyimcə idi.

- Ay xala, nə əl, nə ovuc, bu, mənim işimdir.

Ürəkdən gülməyim xoşuna gəldi:

- Gir kəndin içinə, soruş, deyəcəklər. Gəl qəbiristanlığın qapısına çatanda dön sola, çayın qırağı ilə ehmal ol, ürəyimi üzmə, yol sürüşkəndir, çaya düşərsən, 2-ci pələd mənimkidir...

Zərxanım xalanın pələdini-qapısını tapmaq çətin olmadı. Darvazanın kandarında əlində fənər qonağını gözləyirdi. Yaşına və səsinə yaraşmayan qıvraqlıq vardı, salamımı almadan:

- Elə bildim, bacımoğlu Xudakərimsən. Cəlilabadın Sabirabad kəndində yaşayır bacım, onun da balaları Bakıya köçüb, mənimkilər kimi.

Arvada diqqətlə baxdım, sifəti çox doğma gəldi. Yenidən tanışlıq verdim, Xudakərimlə uşaqlıq dostluğumuzu bu günə qədər davam etdirməyimizi dedim, bacısı Nurxanım xalaya çox oxşadığını dedim.

Beləcə Zərxanım xala ilə üz-üzə, diz-dizə oturub, xala-bala söhbət etdik.

- Dəstə qız idim ilk dəfə sahəyə, pambıq yığmağa gedəndə. Elə o vaxtdanda işim ancaq pambıq əkib-becərmək olub. Düzdür, arada boşluq yarandı, pambığa hökumət diqqət verə bilmədi, onda da bostançılıqla məşğul oldum.

Zərxanım xala kənddə yeganə qadındır ki, fermer təsərrüfatı ilə məşğuldur. Deyir ki, işsiz qalanda quluncum ağrıyır.

- Xalx gedir doxdura, iynə-dərman vurdurur, sağalmır, mən iki-üç təpkəc vururam, pambığın alağını, sovkasın təmizdəyirəm, oluram sağlam.

Nəvəsinin gətirdiyi çayı qarşıma qoyur. Əmisi oğlu Hörməti də çağırıb ki, gəl otur yanımda, görək, “bu şavax əlləşəndə, qapıya gələn kimdir”. Onu da deyir ki, nə edirəmsə, Hörmət kişi yanımdadır, o, əsas köməkçimdir.

- Necə oldu fermer təsərrüfatı yaratdın?

- Adı da dilimə yatmır e, bala canı, bir də gördüm mənə rayonda, pambıq məntəqəsində, başçılar oturan idarədə “fermer” deyirlər. Mən elə həmişə gördüyüm işi görürəm. Öz torpağımı əkib becərirəm. 6 hektar torpağım var. Gördüm qalıram bekar, özümün briqadam olub da, həmin qızları topladım başıma. İndi kənd adamlarının pay torpağını kirayə götürürəm, əkib-becəririk. Lap sovet vaxtından belə olmuşam. Bu il pambığım hələ koldadır. Buna baxmayaraq, hektara 50-60 sent məhsul təhvil vermişəm. Bala, zəhmətimizə qiyməti çox da vermirlər. Neynəyək, torpağın nazını çəkməkdən başqa əlimizdən nə gələ bilər ki...

Bu dəfə özü durub mətbəxə keçir, çaylarımızı təzələyir:

- İcraya məktub yazmışam, deyirəm ki, dövlət fondundan mənə 100-150 hektar torpaq verin, mal-heyvan tapdalayır oraları. Hələ bir soraq yoxdur. Kəndin qədim yolu vardı, Bakıdan gələndə rayona o yolla gələrdilər. O yolu bağlayıblar, kənarında evdən də böyük istixanalar salıblar, pomidor-xiyar yetişdirirlər. Camaatın çörək yeriydi də ora, mal-heyvan, qaz, hinduşka otlayırdı. Neynək, edib-edib də. Bu da bir işdir. 2-3 nəfər maaş alır, amma mənə niyə torpaq vermirlər, day onu sənə demirəm...

Zərxanım xalanın özünəməxsus siyasəti də var. Sözünü elə deyir ki, guya heç demək istəmir.

- Texnikanı, traktoru kirayə götürürük. Adamlarımız dolanmalıdır da. Gərək bir-birimizə dəstək olaq. Mənə deyirlər, bəs, filan kənddə adam var, texnikanı ucuz verir. Mən onu götürmürəm. Axı kəndimizdə filankəsin traktoru ola-ola başqasından niyə götürüm? Gor qonşularıyıq, bir kənddə yaşayırıq, elə ona verim də xeyiri. Amma adamlarımızda xainlik də var.

Sonra susur, danışmır. Pis şeylərdən bəhs etmək istəmir. Elə bu vaxt ona zəng gəlir. Telefonu açır, zəng vuranın kimliyini öyrənmədən salamsız-kəlamsız deyir:

- Ədə, başına dönərəm, gör bizə bu gecə vaxtı kim gəlib, - sonra zarafat edir. - Tay-tuşsuz da, xalanın evinə gəlib, birdən lağlağı edər səninlə, al danış...

Uşaqlıq dostum Xudakərimdir. Təəccüblə “sən orda nə gəzirsən?” soruşur. “Xalama qonaq gəlmişəm” deyib, mətləbi anladıram. Xudakərimlə ərkli danışığım söhbətimizdə səmimiyyəti daha da artırır – axı, yad deyiləm!

Zərxanım xala deyir ki, ona kənd adamları hörmətlə yanaşır.

- Hər kəsin xeyrində, uzaq olsun, şərində yaxından iştirak edirəm. Böyüklər də hörmətimi saxlayır. Xalan prezident seçkilərində yüzbaşı olur. Kişilərə onbaşılıq həvalə olunur, mən isə yüzbaşı oluram. Mehriban xanımın da qəbulunda olmuşam. Özümə görə yox, kənddə 12 yaşlı oğlan uşağı vardı, serroz xəstəsi idi. Anası ciyərini balasına verirdi, həkimlər isə 60 min pul istəyirdilər ananın ciyərini balaya köçürməyə. Dedim, belə olmaz, Heydər Əliyevi misal çəkdim, dedim, dağ boyda kişi əyilib uşaqların üzündən öpərdi, ondan nümunə götürün. Getdim Bakıya, Mehriban xanımla görüşdüm, ömru uzun olsun, Allah onun əskik etməsin, bütün xərci götürdü üstünə. Mehriban xanımın xilas elədiyi uşaq indi həyət-bacada top-top oynayır, ürəyim onun vurduğu top kimi fərəhindən atılıb-düşür.

Zərxanımın xeyirxahlığı bununla da bitmir:

- Neçə nəfər kənd adamının pulunu aldadıb alıb, gedib tapmışam. Bloknotumu çıxarıb demişəm, baxın görün burda kimlərin telefonu var, bu dəqiqə zəng edərəm, gəlib apararlar sizi, camaatın pulunu qaytarın! Qaytarıblar. Elə bu günlərdə Əmənkənddən birinin 26 min manatını qaytartdım. Dedim, bala, cavanlığını pula satma, bu pulu o adamlar zülmlə qazanıblar.
Zərxanım xala ilə gecədən keçmişə qədər söhbət etdik. Sözarası dedi ki, sabaha hava yaxşı olsa, qızları çölə pambıq sahəsinə çıxaracaq. Tez ayağa durub “xala, istirahət edin, mən də yol adamıyam...”, - deyib oradan ayrıldım.

Qeyd: Layihə Qadın Konsensus Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Fermer təsərrüfatlarından reportajlar “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihə çərçivəsində hazırlanır.

Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrinin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılmasına diqqət ayrılır.

Tarix
2016.12.13 / 09:59
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla