Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


Heydər Əliyev soruşdu ki, Elçibəydən... - Millət vəkili

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Teleqraf.com-a istinadən Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova ilə müsahibəni təqdim edir:

- Elmira xanım, bu yaxınlarda Xalq yazıçısı fəxri adı ilə təltif olundunuz. Ən müxtəlif dönəmlərdə jurnalist, bədii tərcüməçi, yaradıcı şəxs, siyasətçi kimi çalışmısınız, fəaliyyətiniz müxtəlif sahələri əhatə edir. Onlardan hansı sizə daha doğmadır?

- Yaradıcılığım 1970-ci ilin axırları başlayıb, ən əvvəl telejurnalistikaya gəlmişəm. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra AzTV-də “Xəbərlər” proqramında çalışmağa başlamışam. Amma o vaxtkı jurnalistika məni qane etmirdi, böyük qadağalar, senzura vardı, iş mənə çox maraqsız görünürdü. Azad fikirli insan kimi jurnalistikadan getməyi qərara aldım. Tale elə gətirdi ki, Yazıçılar İttifaqında işlədim, İmran Qasımov, Mirzə İbrahimov, İsmayıl Şıxlı kimi böyük yazıçıların köməkçisi oldum, məsləhətçi statusunda çalışdım və orada ədəbiyyata qovuşdum. Elə zənn edirdim ki, tamamilə jurnalistikadan getmişəm. Əvvəl sətri, sonra bədii tərcümə ilə məşğul olmağa başladım. Klassiklərimizin, eləcə də Manaf Süleymanov, Bayram Bayramov, Anarın əsərlərini rus dilinə tərcümə edirdim, o materiallar hətta Moskvada, Peterburqda çapdan çıxırdı.

10 il bu peşə ilə, eyni zamanda elmlə məşğul oldum, “Cəlil Məmmədquluzadə və XIX əsr rus ədəbi realizmi” mövzusunda namizədlik dissertasiyasını müdafiə elədim, 1980-ci illərdə isə AMEA-ya keçərək doktorluq dissertasiyası üzərində işləməyə başladım.

Heç fikirləşmirdim ki, jurnalistikaya geri qayıdacağam. Yazıçılar İttifaqına üzv seçildim, elmdə özümü sınadım, 80-ci illərin axırları isə Qarabağ hadisələri bir çoxumuzu publisistikaya yönəltdi, təkanverici qüvvə oldu. Biz yazmağa, o vaxtkı hakimiyyətə və siyasətə qarşı etirazımızı bildirməyə başladıq. Ədəbi işçi kimi həmişə özümdə yaradıcılıq həvəsi hiss edirdim, sadəcə həmin dönəmdə jurnalistika məni qane etmirdi. 1980-ci illərin sonlarında isə senzura bir qədər zəiflədi. Biz bəzi şeyləri yazmağa başladıq.

Qarabağa Xalq Yardımı Komitəsinin nəzdində Sabir Rüstəmxanlının baş redaktorluğu ilə “Azərbaycan” qəzeti təsis olundu. Yadımdadır, Mirşahin və bir neçə talantlı insanlar bu qəzetə gəldi. Orda böyük həcmli məqalələrim dərc olunurdu, Əbürrəhman Vəzirova qarşı çıxış edirdim. Rəhmətlik Nəcəf Nəcəfovu müdafiə edirdim, məqalələrim diqqəti cəlb edirdi. Anar müəllim mənə dedi ki, “Literaturnaya qazeta”da yer boşdur, istəyirəm səni Azərbaycan üzrə müxbir kimi tövsiyə edim. O vaxt çox məsuliyyətli bir iş idi. Təsəvvür edin ki, Ermənistan üzrə müxbir Zori Balayan idi. Mənsə heç kəsə tanış olmayan bir xanım...

1 il sınaq müddəti oldu. Ağıllarına gətirə bilməzdilər ki, redaksiyaya necə aktiv bir insan gələcək. Gəlişimlə orada dönüş yarandı, Elmira Axundova az qala hər nömrədə Azərbaycanın xeyrinə material verməyə başladı. Ədəbiyyatçılardan Elçin, Anar, Hidayət, Əziz Mirəhmədovdan müsahibələrim dərc olunmuşdu, onlar ədəbiyyatla yanaşı Qarabağ dərdimizdən də danışırdılar. Bədnam Zori Balayan etiraz əlaməti olaraq bir neçə ilə qəzeti tərk elədi ki, siz Azərbaycana aid materialları daha çox verirsiniz. Rus və erməni jurnalistləri məni tanımağa başladılar. Həm məndən ehtiyat edirdilər, həm də mənə hörmətlə yanaşırdılar. Məni Bakının “rəsmi ruporu” adlandırırdılar. Bir sözlə, jurnalistikada böyük nailiyyətlərim oldu, artıq publisistikaya da keçmişdim. Məşhur siyasətçi, dahi insan Heydər Əliyevlə tanış olanda bizim ünsiyyətimiz və yaradıcılıq tellərimiz başladı.

- Neçənci il idi?

- Heydər Əliyevlə 1990-cı ildə tanış oldum, 1991 və 1992-ci illərdə onunla mütəmadi əlaqə saxlayırdım. Qorxmadım, çəkinmədim, Heydər Əliyevdən müsahibələr aldım, bir sıra rus mətbuatında mənim şərhimlə intervülər dərc olundu. Heydər Əliyev mənə böyük hörmət edirdi, hakimiyyətə gəlməzdən qabaq Bakıda onunla ünsiyyətdə olmuşdum, Cəlal Əliyevin evində görüşüb ondan müsahibələr götürmüşdüm. Beləliklə, əməkdaşlığımız davam elədi.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə mənə vəzifə təklif elədi. Dedi, harada istəyirsə, işləsin. Mən o vaxt “Literaturnaya qazeta”, “İzvestiya”, “Delavoy Mir” qəzetlərində müxbirliklə bərabər “Azadlıq” radiosunun rus bölməsinin də müxbiri idim. Bu cür tanınmış qəzetlərdə fəaliyyətimi dayandırmaq istəmirdim, dedim ki, vəzifəm Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaqdır, lakin məni xaricdəki səfərlərinizdə özünüzlə götürsəniz, məmnuniyyətlə, həmin səfərləri də işıqlandıraram. Gülümsəyərək dedi ki, baş üstə.

1994-cü ildən 2002-ci ilədək məni bir çox səfərlərində özü ilə aparıb, bu səfərlərin nəticəsi olaraq başqa bir yaradıcılıq səhifəsi açmışam. Nəticədə publisistik və analitik siyasi məqalələr yazmağa başladım.

- Deyəsən, Heydər Əliyev sizə “Azərtac”a baş direktor vəzifəsini də təklif edib.

- Bəli, 1994-cü ildə bu barədə təklif gəlmişdi, Heydər Əliyev incidi ki, razılaşmadım. 2 dəfə “Bakinskiy raboçiy” qəzetinə baş redaktorluq təklifi edildi, amma mən jurnalistikanı, sərbəst yaradıcılıq yolunu seçdim.

- Məmur kimi çalışa bilməzdiniz?

- Başa düşürdüm ki, jurnalistikaya təzə-təzə girişmişəm. Bu sahəyə 1980-ci illərin axırlarında 35 yaşımda gəlmişdim, yaradıcılıq, tərcüməçilik illəri, elm geridə qalmışdı, hər şeyi jurnalistikaya həsr eləmişdim, qəfildən jurnalistikadan məmurluğa keçmək mənim üçün ağır görünürdü. Təzə-təzə məşhurlaşmışdım, nə gizlədim, yaxşı qonorar, maaş alırdım.

90-cı illər çox ağır idi, həyat yoldaşım televiziyada işləyəndə çox az maaş alırdı, o pulla iki uşağımızı dolandıra bilməzdik. Mən isə “Azadlıq” radiosunda dollarla məvacib alırdım. Ailəmi saxlamaq da düşündürücü faktor idi. Bütün bunlara rəğmən Heydər Əliyev məni başa düşdü və dostluğumuz davam elədi. Sonradan bir çox portret yaratdım, Heydər Əliyevin özü haqda maraqlı publisistik-analitik yazılarım çıxdı, səfərləri barədə “Həqiqət anları” adlı kitab buraxdım.

1996-97-ci illərdə bir əhvalat diqqətimi cəlb elədi, Əjdər Xanbabayevin ölümü... Bununla bağlı cinayət işi ilə tanış oldum, bəzi məqamları ciddi araşdırdım, o zaman baş prokurorun birinci müavini İsa Nəcəfova təklif elədim ki, gəl, bu barədə kitab yazaq. Çünki çox maraqlı siyasi-detektiv kitab ola bilərdi. Bu hadisə qələmə alındı, deyə bilərəm ki, bu, Azərbaycan ədəbiyyatında ilk siyasi detektiv janrda yazılmış romandır. Bu roman rəsmi sənədlər əsasında yazılıb, təbii, bədii təxəyyül də var. Təvazökarlıqdan uzaq da olsa, Azərbaycan ədəbiyyatında tarixi-sənədli roman-tədqiqatın yaradıcısıyam. Heydər Əliyev haqqında 7 cildlik böyük roman- tədqiqat yazılanda İsa Həbibbəyli öz rəyində qeyd eləmişdi ki, Elmira Axundova ədəbiyyata yeni janr gətirdi, o da sənədli-bioqrafik roman-tədqiqatdır. Əsas nailiyyətim, bax, budur. Mənə elə gəlir, Xalq yazıçısı adı almağımda bu nailiyyətlərin rolu var.

Bilirəm ki, sosial şəbəkələrdə bəzi mülahizələr irəli sürülür – nəyə görə bu ad verildi, nə yazıb ki... Əvvəla, mən 30-a yaxın kitabın müəllifiyəm. Siyasi bioqrafiya janrında kitabım da var, xatirələr toplusu da var, Tarixçi Əlövsət Quliyev haqqında sənədli-bioqrafik roman yazmışam, Anar Məmmədxanov barədə də... Eləcə də siyasi kitablarım var, nəhayət, 7 cildlik möhtəşəm əsər qələmə almışam. Ən əsası, bu romanlar təkcə Azərbaycanda qalmır. Onların oxucu auditoriyası çox genişdir. Əvvəla rus dilində yazılıb və dərhal dilimizə tərcümə olunub. Bütün kitablarım iki dildə çıxmaqla yanaşı bir sıra xarici dillərə də tərcümə olunur. “Naşirin qətli” romanım fransız, ingilis, alman, polyak dilində çıxıb. Heydər Əliyev haqqında kitabım 5 əcnəbi dildə çap olunmaqdadır. İngilis, türk, tacik, macar dillərində çıxıb, indi kitabın gürcü dilində çapına hazırlıq gedir. Kimin əsərləri xarici dillərdə çap olunur? Maraq olmasa heç kəsi məcbur edə bilməzsən ki, get filan kitabı nəşr elə. Kitabın satılacağına və maraq doğuracağına əmin olmasalar heç kəs onu tərcümə eləməz.

Əvvəl operativ jurnalistika, sonra tərcümə və elmi fəaliyyətim olub, daha sonra beynəlxalq jurnalistikaya və publisistikaya qayıdış oldu, nəhayət, hazırda sırf ədəbi yaradıcılıq, bədii-publisistik, sənədli roman-tədqiqatlar yazıram. Axır zamanlar oxuculara bədii roman və povestlər yox, məhz bioqrafik və sənədli romanlar maraqlı gəlir. Dünya və rus ədəbiyyatını oxuyuram, orada da xatirə janrında, məktub formasında, sırf sənədlər əsasında böyük şəxsiyyətlərin tarixçələri oxucuların marağına səbəb olur.

Qərbdə tanınmış şəxslər, prezidentlər, sabiq dövlət rəhbərləri haqda kitablar çıxır. Mənə elə gəlir ki, bizdə də belə kitablar yazılmalıdır. Məsələn, mən İlham Əliyev haqda “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitab yazdım. Bu insanın 15 ildə öz xalqına və dövlətinə nə bəxş etdiyini sırf faktlarla təmtəraqlı təriflərdən, məddahlıqdan uzaq, mübaliğəsiz yazılıb. Qərbdə belə üslubu xoşlayırlar. Ona görə bu kitab oxunur və 5-6 dilə çap olunub. Mənə daha doğma publisistikadır. Axır vaxtlar siyasi yox, bədii publisistik üslubda yazıram. Tanınmış insanların, dostlarımın ədəbi portretlərini yaradıram. “Dostlarımın gözəl cizgiləri” adlı kitabım çap olunub, hazırda ikinci kitab üzərində işləyirəm.

- Bayaq sosial şəbəkədəki tənqidlərdən söz açdınız. Azərbaycan gəncləri oxucu auditoriyanızda hansı yerdədir, bəlkə sosial şəbəkələrdəki o tənqidlər həmin kəsimlə əlaqəni düzgün qurmamaqdan irəli gəlir?

- Sosial şəbəkələrlə əlaqəm yoxdur, orada yoxam. Deyirlər, kim sosial şəbəkələrdə yoxdursa, o özü də yoxdur. Mən bununla razı deyiləm. Çünki yazılarım bir sıra saytlarda çıxır və onların da oxucuları həmin məqalələri Feysbuka aparırlar. Ona görə yazılarım internetdə mövcuddur. Sosial şəbəkələrə girmirəm, həm vaxtım yoxdur, həm də əsəblərimi korlamaq istəmirəm. Özünü doğrultmuş, məşhur, böyük işlərlə məşğul olan insanların sosial şəbəkələrdə oturmağa vaxtı olmur. Ona görə də deməzdim hamı, ancaq bir çox insanlar var ki, özünü doğrulda bilməyib və ya dəyərli iş axtarmır, monitor qarşısında oturub hər şeyə qarşı öz narazılığını bildirir, bir əmma tapırlar.

Onlardan soruşmaq istərdim, heç olmazsa iki səhifəlik məqalə, oçerk, hekayə yazmısınızmı, onu Moskva, Kiyev və ya Peterburqda çap edə bilərsinizmi? Bizim çox yüksək səviyyəli yazılarımız, romanlarımız, monoqrafiyalarımız var, cənab prezident sağ olsun, yüksək dəyər verərək məni bu ada layiq gördü. Axırıncı iki ildə demək olar hər 2-3 aydan bir ona xarici dillərdə çıxan kitablarımı prezidentə hədiyyə göndərirəm. O bu kitabların miqyasını görüb, 15 ildir bu ad heç kimə verilməmişdi. Əlbəttə, bunun məsuliyyətini hiss edirəm. Bu, mənim üçün böyük şöhrətdir.

Bir çox insanlar bu adı almağa can atırlar, tale belə gətirdi ki, mən bu ada layiq görüldüm, təvazökarlıqdan uzaq da olsa hesab edirəm ki, keçdiyim ədəbiyyat və elmi yolum buna əsas verdi. 40 ilə yaxındır ki, ədəbiyyat yolunu gedirəm və bir gün belə olsun qələmimi yerə qoymamışam. Çox sədaqətlə, səmimiyyətlə, heç bir təmənna güdmədən bu yolda addımlayıram. Milli maraqlarımızı müdafiə edirəm, ilk jurnalistəm ki, Qorbaçovun dostu Yeqorovun rəhbərlik etdiyi “Obşaya qazeta” kimi MDB nəşrində Zori Balayanı terrorçu adlandırıb onun tarixçəsini yazmışam. O, hərbi əsirlərə bizə qarşı təbliğat aparırdı ki, bizə qarşı işləsinlər, obyektlərimizi partlatsınlar, bütün bunları faktlarla göstərmişəm.

“Literaturnaya qazeta”da Əjdər Xanbabayevin ölümü haqda Qorbaçovu, bizim “KQB”mizi ifşa edən böyük ədəbi oçerk çap edə bilmişəm. “OMON” hadisələri, dövlət çevrilişi barədə məqalələr yazaraq Mahir və Rövşən Cavadovların təhlükəli hərəkətlərini ifşa eləmişəm. Bu məqaləmə görə Heydər Əliyev məni təbrik eləmişdi ki, əsl sənətkarsan, bax, belə çətin mövzuları ümumittifaq səviyyəsinə Rusiya mətbuatına çıxara bilirsən. Bu, hər kəsin işi deyildi. Çoxları Rusiya mətbuatına 3 cümlə ilə çıxırdılar. Mənimsə palaz-palaz materiallarım dərc olunurdu. Bu mənada çox böyük xidmətlərim var.

- Heydər Əliyevlə güclü dostluq əlaqələriniz olub, maraqlıdır ki, eyni zamanda Əbülfəz Elçibəy barədə də yüksək fikirdə olmusunuz, tənqidi məqalə yazmamısınız...

- Heç vaxt Əbülfəz Elçibəyi tənqid eləməmişəm. Prezident seçiləndə çalışmışam ki, müsbət cəhətlərini ümumittifaq səviyyəsində açım. Çünki bizim prezidentimiz, simvolumuz idi. Heç vaxt jurnalistikaya şəxsi hislərimi gətirməmişəm. Kələkidə olanda ondan müsahibə götürmüşəm. 1998-ci ildə o, Bakıya qayıdanda “Xəqani 33”də mətbuat konfransında iştirak edirdim, məni görüb dedi ki, xanım, siz Heydər Əliyevdən çox yazırsız, məndən heç yazmırsız. Dedim, axı sizdən böyük müsahibə götürmüşəm. Dedi, bəs indi götürə bilərsən, buna inanmıram. Qayıtdım ki, müsahibə versəniz, məmnuniyyətlə, çap edərəm. 2 saatlıq söhbətimiz oldu, böyük müsahibə alındı, onu “Literaturnaya qazeta”da çap elədik. Hətta qəzeti aparanda özü yox idi, köməkçisinə verdim, sonra köməkçisi zəng edib təşəkkür elədi və Əbülfəz bəyin sözlərini çatdırdı ki, mən o xanıma inanmırdım, amma o, kişi qızı çıxdı, müsahibəni dərc elədi.

Müsahibə barədə Heydər Əliyevə də məlumat çatdırmışdılar. Bir dəfə səfərə gedəndə Rəfiq Zəka bunu xatırlatdı, Heydər Əliyev soruşdu ki, Elçibəydən müsahibə götürmüsüz? Dedim, hə, burada nə problem var ki, vaxtilə müxalifətdə olanda sizdən müsahibə götürürdüm, indi Elçibəy müxalifətdədir, ondan götürürəm. Güldü. Soruşdu, nə yazmışdınız, bir neçə abzas dedim, söylədi ki, yaxşı ki, çap eləmisiz. Elçibəyi müsahibədə romantik insan kimi göstərmişdim. Məsələn, o deyirdi ki, Heydər Əliyevi başa düşürəm, o yaxşı hərəkətlər edir, amma neft müqavilələri ilə bağlı onunla razılaşmıram, 10 faiz payı Rusiyaya verdi, gərək verməyəydi. Söyləmişdi ki, o, İranla münasibəti yaxınlaşdırdı, olmaz, İranda filan qədər həmvətənlərimiz çox pis şəraitdə yaşayır, amma o, İranla əlaqə qurur.

Mən də Elçibəyə dedim ki, ay Əbülfəz bəy, ona görə siz müxalifətdəsiniz, Heydər Əliyev isə prezidentdir. Çünki o, düzgün və tarazlaşmış siyasət yürüdür, sizin kimi siyasət aparsaydı, onu da devirərdilər. Güldü. Bütün bu fikirlər qəzetdə çıxdı. Bu müsahibə Heydər Əliyevin də xoşuna gəlmişdi, Əbülfəz Elçibəyin də. Çünki nə söyləmişdisə, onu yazmışdım. Elçibəy yaxşı, böyük insan idi, amma romantik idi, onun fikirləri böyük siyasətə uyğun gəlmirdi. O fikirlərlə heç bir dövlətin prezidenti ola bilməzdi. Çünki o, bəzi şeyləri düzgün başa düşmürdü, bəzi şeyləri qabaqlayırdı, bəlkə onun hələ zamana ehtiyacı vardı.

Amma Heydər Əliyev hər zaman reallıqdan çıxış edirdi, siyasətdə mümkün olan şeyi edirdi, mümkünsüz şeyə heç vaxt addım atmazdı. Bax, budur onunla Elçibəy arasındakı fərq. “Şüşə saray” romanımda Heydər Əliyevlə Əbülfəz Elçibəyin ilk bədii obrazını yaratmışam. İkisi üçün də Azərbaycan çox doğma məfhum idi, hər ikisi Azərbaycan üçün canlarını verməyə hazır idilər. Hansı yolla getdiklərini bədii formada əks elətdirdim, Elçibəyin siyasəti axırda iflasa uğradı, amma Heydər Əliyev böyük uğurla qələbə çaldı.

Sonradan Heydər Əliyev barədə yazdığım kitablarda o məsələyə qayıtmışdım, həm Elçibəyin obrazını yaratmışdım, həm də Xalq Cəbhəsinin hakimiyyət dövrünü yazmışdım.

- Bu qədər zəngin yaradıcılıq sferanız var, övladlarınızın heç biri davamçınız olmadı?

- Hansısa mənada qızım mənim ardımca getdi. Lalə rejissordur, ssenari yazır, Moskvada kino rəyçisi kimi də tanınır. Rusiya Kinematoqrafçılar İttifaqının, Rejissor Gildiyasının üzvüdür. Əlbəttə, yazmaq qabiliyyəti ən çox məndə və mərhum qardaşım Əli Qafarovda olub. Qardaşım çox tanınmış ssenarist, yazıçı idi. Onu indi də yada salırlar, çox erkən, 44 yaşında dünyasını dəyişdi. Oğlum Həbibin isə yazı-pozu ilə əlaqəsi yoxdur.

- Dediniz, prezidentlə xarici səfərlərdə iştirakı özünüz təklif elədiniz, bəs Heydər Əliyevlə ilk səfəriniz hara olmuşdu?

- İlk dəfə 1994-cü ildə Türkiyəyə, Çinə və İngiltərəyə səfər etmişdik, ondan sonra Amerikaya getdik, ilk dəfə BMT-də dövlət rəhbəri kimi çıxış etməli idi. O vaxt Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu öldürmüşdülər, o isə Nyu Yorkda idi. Heydər Əliyev çox gərgin qrafikdə çalışırdı. Yadımızdadır, balaca jurnalist qrupu Heydər Əliyevin keçirdiyi görüşlərdən yazmalı idi. “Azadlıq” radiosu operativ idi və davamlı olaraq xəbərlər verməli idi. Amerikada jurnalistlər üçün heç bir şərait yaradılmamışdı, Heydər Əliyevin mühafizəsi və biz səhərdən axşama qədər otaqda ayaqüstə dayanırdıq. Heydər Əliyevlə görüşmək istəyən xarici dövlətlərin rəhbərləri, xarici işlər nazirləri görüş üçün gəlirdilər. Elə olurdu gün ərzində 30 görüş keçirilirdi.

Bir gün elə yorulmuşduq ki, döşəməyə oturduq və yazılarımızı yazmağa başladıq. Mühafizə bizə baxdı və qaldırmağa cəhd göstərdi, dedik, ayaqüstə ölürük qalxa bilmərik. Prezidentin fotoqrafı bizi çəkdi, o foto indi də durur. Fotoda mənim, Elmira Əmrahqızı, Qulu Məhərrəmli və başqa jurnalistlərin yerdə oturub yazı yazırdıqları əks olunub. Bu şəkli Heydər Əliyevə həsr olunmuş kitaba qoymuşdum, özünün xoşuna gəlmişdi, dedi ki, belə nadir şəkilləri nə yaxşı saxlamısan.

Bir dəfə Çinə səfər 8 mart Beynəlxalq Qadınlar Gününə təsadüf eləmişdi, Heydər Əliyev səhər gələndə bizimlə salamlaşdı, jurnalist qrupunda yenə də mən, Elmira Əmrahqızı, İradə Vəkilova, deputat Asya Manafova təmsil olunurdu. Bizə yaxınlaşıb təbrik elədi, zarafatla dedi ki, bizi restorana çağıracaqsınızmı, bu gün bayramınızdır. Mən də dilli-dilavər idim axı... Dedim ki, biz niyə, bayram bizimdir, siz kişilər bizi dəvət eləməlisiniz. Dedi eləmi? Çəkinmədən dedim, bəli. Bu dialoqu yadında saxlayıbmış, görüşlər saat 5-də qurtardı, protokol şöbəsinin rəhbəri Elçin Bağırov yanımıza gəlib mənə zarafatla irad bildirdi ki, niyə dedin, sizdən ötrü Pekində hədiyyə axtarışındayam, cənab prezident sizin şərəfinizə ziyafət təşkil edib.

Biz o ziyafətdə iştirak elədik, yazıçı Habil də ordaydı, onunla zarafatlaşdılar, bizə bir qutu Çin kosmetikası və əllə işlənmiş süfrə hədiyyə elədi. 25 il keçib, o süfrəyə hələ də toxunmamışam, yadigar saxlayıram.

- Elmira xanım, tərcümeyi-halınızda xoreoqrafiya məktəbində oxuduğunuz qeyd olunub. Klassik, yoxsa milli rəqslər bölməsində təhsil almısınız?

- Bəli, xoreoqrafiya məktəbini bitirmişəm. Klassik baleti öyrənirdik, Opera və Balet Teatrının səhnələrində, balet tamaşalarında ifalar etmişəm. Gördüm ki, böyük balerina olmayacağam, buna gücüm çatmırdı, gözlərim zəifləməyə başlamışdı. Mən məktəbin komsomol təşkilatının katibi idim, məni buraxmırdılar ki, bəs, bu işləri kim görəcək. Orta məktəb attestatımda Bakı Xoreoqrafiya Məktəbinin məzunu yazılıb. Hamı baxanda gülür ki, bu nədir... Amma bu məktəb mənə çox şey verdi. Musiqini, fransız dilini öyrəndik, çox intizamlı böyüdük. Biz eyni vaxtda musiqi, xoreoqrafiya və müxtəlif fənlər üzrə təhsil alırdıq.

O məktəbi bitirənlərin hamısı böyük nailiyyət əldə edib. Mənimlə oxuyan bir sıra insanlar “Bolşoy teatr”da işləyir. Sinif yoldaşım Aleksandra Nikuşina Azərbaycanın xalq artistidir.

- Ananız hansı peşənin sahibi olub?

- Anam tikinti sahəsində mütəxəssis idi. 30-cu illərin əvvəlində Bakı vağzalını tikintisində layihəçi kimi Ukraynadan gəlib. Bakı vağzalının müəlliflərindən biri mənim anamdır.

- Maraqlı faktdır.

- Bəli, elə atamla da orada tanış olublar. Atam hərbçi idi.

- Adətən, rusdilli ailələr çox da dinə bağlı olmurlar, amma atanız mömin olub...

- Yox, biz rusdilli deyildik ki. Evdə rus dilində danışanda bizə acıqlanırdı. Atam çox inanclı idi, Təzə Pir məscidi onun ikinci evi idi. Biz onun mömin olmağına gülürdük. Səhhəti imkan vermirdi, amma oruc tuturdu. Nə olmasa da Masallının Mollaoba kəndində anadan olmuşdu. Kənd adından da göründüyü kimi mollaların obasıdır, orada hamı Qurani-Kərimi oxuya bilir. Hacı Fuad Nurullayev atamın əmisi nəvəsidir, onu mən oxutmuşam, İslam Universitetinə Hacı Sabirin yanına özüm aparmışam. Gedib xaricdə də oxuyub, indi doktorluq dissertasiyası yazır.

Atam Şeyxülislam Allahşükür Paşazadəni doğma oğlu qədər çox istəyirdi. Vaxtilə ona Orta Asiyada oxumağa kömək eləmişdi. Biz Şeyx həzrətləri ilə bacı-qardaş kimiyik, mənə çox hörmət edir. O da, qardaşı Cavanşir də çox böyük biliklərə can atırdılar. Şeyxülislam Daşkənddən gələndə bizə baş çəkirdi, anamın borşundan yeyib bizimlə söhbət aparardı, onunla Allahdan, allahsızlıqdan, Allah varmı, yoxsa yox, varsa haradadır kimi mövzulardan danışardıq. Mən və qardaşım ateist, o isə mömin idi. Dərin biliyi ilə kürəyimizi vururdu. Əsaslı sübut və dəlillərlə danışardı.

- Cavanlıqda ateist olmusunuz, bəs indi?

- İndi Allaha inanıram, hər yuxudan duranda deyirəm ki, ay Allah, sənə min şükür gözlərimizi açdıq. Mən Heydər Əliyevlə ümrə ziyarətində olmuşam. Oradan gətirdiyim üzüyü 25 ildir barmağımdan çıxarmıram. Kəbənin içərisinə girən seçmə insanlardanam, 10 min insandan biri ora girə bilir, orada hönkürüb ağlamışam, deməli, Allah məni eşidib və Həccimi qəbul edib. Allaha da, İsaya da, Musaya da, xristianlığa da, Bibliyaya da inanıram. Onlar da bizim peyğəmbərimizdir. Məhəmməd peyğəmbər bütün dinləri birləşdirib güclü və möhtəşəm din yaradıb. Lev Tolstoy kimi böyük mütəfəkkir İslamı seçib, indi bunu inkar edirlər, amma o, İslamı qəbul etmək istəyirdi. Belə misallar onlarladır. İndi İslama ona görə səlib yürüşü elan edirlər. Çünki bu din hamı tərəfindən qəbul edilir və hamı deyir ki, ən güclü və bəşəri dindir.

Uşaqlar indi İsa peyğəmbərə inanmırlar, deyirlər çarmıxa çəkiblər, 3 gündən sonra ayılıb səmaya uçub. Bu, gözəl röyadır, rəvayətdir. Buna kim inanar? Amma İslama inanırsan, çünki hər şey anlaşıqlıdır. Min il qabaq yazılanlar indi elmdə də təsdiq olunur. İnanıram ki, Quran ilahi qüvvədən gəlib. O qüdrəti Məkkədə, Mədinədə görmüşəm. 3 milyard adam haqsızlığa qarşı ölümə də getməyə hazırdırsa, deməli, bu din nədənsə xəbər verir. İnamsız yaşamaq çətindir. Allah böyükdür. Bunu öz həyatımda hiss etmişəm.

Məkkədən qayıdanda özümlə yanaşı həyat yoldaşıma da firuzəyi qaşlı kişi üzüyü gətirmişdim. Yoldaşıma dedim ki, bunu tax, çünki oradan gəlib, səni qoruyacaq. Ateist idi, sovet vaxtında böyümüşdü, güldü taxdı, 2-3 gün sonra üzük partladı, firuzəyi qaş parça-parça olub üzükdən çıxdı, ömrümdə elə şey görməmişdim, Allah o üzüyü yoldaşımın barmağında qəbul eləmədi. Dedim, çıxar üzüyü. Bizimlə ümrə ziyarətində olan uşaqlardan soruşuram heç kəs üzüyü saxlamayıb. Səudiyyə kralı bizə saat bağışlamışdı, kimisi gəldi satdı, kimisə itirdi.

Amma mən o saatı saxlamışam, hərdən taxıram, vəfalı olmaq lazımdır. Çox xoşbəxtəm, dünyada məndən xoşbəxti yoxdur, çünki ailə, yaradıcılıq və ictimai həyatımda özümü doğrultmuşam, xalq məni sevir, mənə hörmət edir, cənab prezident mənə ən yüksək qiyməti verib, keçmiş prezidentimiz Heydər Əliyev məni 49 yaşımda “Şöhrət” ordeni ilə təltif eləmişdi, indiki prezidentimiz həm dövlət mükafatı, həm də Xalq yazıçısı adı verib. Bundan böyük xoşbəxtlik ola bilməz.

Hələ qüvvəmiz var, ağlımız başındadır, yenə işləyəcək, fəaliyyətimizə davam edəcəyik.

Tarix
2018.06.29 / 23:58
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanın məşhur hambalı: 22 yaş kiçik aktrisa ilə... - Video

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Gülərək ölən xalq artisti: SSRİ onun bu “səhv”ini bağışlamadı

Türkiyədən Mübarizlə bağlı möhtəşəm süjet - Video

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Kamal Sunalın həyat yoldaşı hər kəsi kövrəltdi - Foto

Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

"Atamı Səməd Vurğuna yazılan məktubdan sonra tutdular"

Düşmənin yüz metrliyində... - Reportaj

Azərbaycan bu baxımdan bizə nümunədir – Avstriya səfiri

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla