Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2017


“Onun əlini erməni dişləməyib...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan taleyi" layihəsində

Gözlərini əlimə dikmişdi. Saçları qısa, çox səliqəli idi. Gözləri... gözləri isə xırda, həm də çox məyus görünürdü. Bu qədər uşağın içində bu qızcığazın diqqətimi çəkməyinə səbəb onun mənə və sağ əlimin barmaqlarına diqqətlə baxması olmuşdu.

Yaxın qohumumun uşağından ötrü gəlmişdim bura. Nizami rayonunda yerləşən uşaq bağçasının direktoru ilə görüşüb, bir xahiş edəcəkdim. İndi isə bağçanın həyətində pərakəndə halda durmuş azyaşlıları seyr edirdim. Uşaqlar elə bil bağçada açılan çiçəklər idilər. Balaca, zərif, səliqəli və həddindən artıq şirin görünürdülər. Hər birini bağrıma basmaq, nəvəm kimi öpüb, əzizləmək keçirdi könlümdən. Onlar isə yaz çiçəkləri kimi məktəbəqədər təhsil müəssisəsinin qarşısında, az qala, ətir saçırdılar...

Bir azdan tərbiyəçi müəllimə uşaqları səslədi:

- Gəlin, sırada durun, əl-ələ tutun, keçin bəri tərəfə... Ay sağ olun.

Uşaqlar müəllimənin ardınca düşüb, uşaq bağçasının həyətindəki əyləncə yerinə yığışdı. İki-bir, üç-bir oynamağa başladılar. Dəmir barmaqlıqlarla toxunmuş bala qapını keçib, tərbiyəçi müəllimdən direktoru soruşdum.

- Bir azdan gələr, - dedi.

Kənara çəkildim. Gözləməli idim. Bayaqkı qızcığazın mənə tərəf baxışına gülümsədim, əl eləyib yanıma çağırdım. Müəlliməyə tərəf baxdı və kiçik addımlarla yaxınlaşdı. Dodaqları da məyus halda büzülmüşdü, yəqin, dəcəl uşaqlar bunu incidir - düşündüm.

Tərbiyəçi xanım dərhal oturduğum skamyaya yaxınlaşdı.

Uşaq isə yenə də əlimə baxırdı. Müəllimənin gəlişini gördükdə tələsik soruşdu:

- Dayı, sən müharibədə olmusan? - gözləri hələ də sağ əlimin köntöy, şişkin, əyri-üyrü barmaqlarında idi.

- Hə, mənim balam, olmuşam, amma əlimə görə soruşursansa, bunlar döyüşdən qalmayıb, uşaqlıq illərimin nadincliyindəndir.

Uşaq məyus oldu:

- Elə bildim davada sən erməniləri öldürəndə əlini dişləyiblər, belə olub, - deyib uşaqların yanına qaçdı.

Verəcəyim cavab artıq onun üçün maraqsız olacaqdı. Eləcə gülümsədim. Söhbətimizə şahidlik edən müəllim balaca qızcığazın ardınca baxdı:

- Çox istiqanlı uşaqdır, hər şeylə maraqlanır, babası müharibədə şəhid olub. Ona görə sizin də müharibədə olduğunuzu zənn edib.

Müəllimlə müharibənin acılarından, körpələrin yetim qalmasından bir neçə dəqiqəlik söhbətimizdən sonra adının Sürmə olduğunu öyrəndiyim balaca qızla söhbət etmək istədiyimi bildirdim. Müəllim uşağı yanımıza çağırdı. Barmaqlarını bir-birinə dolaşdıra-dolaşdıra uşaq müəlliməsinə yaxınlaşdı. Soruşdum:

- Mən sənin adını bilirəm. De görüm, adını nə üçün Sürmə qoyublar?

- Babamın anasının adı imiş. Anam deyirdi, babam ölməmişdən deyərmiş ki, nəvəmə anamın adını qoyacam. Sonra da anam böyüyüb, mənim babama görə öz nənəsinin adını mənə verib.

Xırda, səlis səslə danışırdı Sürmə. Yenə də barmaqları bir-birinin qəsdinə durmuşdu, ayaqqabılarının burnu ilə bağçanın asfalt döşəməsini "deşirdi".

- Sənin baban igid adam olub...

- Mənim babamı tanıyırdın? - sualı verib müəlliməyə tərəf baxdı qızcığaz.

- Mən bütün döyüşən babaları, dayıları, əmiləri tanıyıram. Onlar əsl qəhrəmandırlar.

- Mənim babam da qəhrəman olub. Anam danışırdı. Anam babamı çox görməyib ki... Məktəbə təzə gedirmiş babam şəhid olanda. Sonra biz qaçqın olmuşuq. Mən qaçqın deyiləm ha, anamın anası, dayısı, əmisi qaçqın olub, anam burda oxuyub, sonra da toyu olub. Mənim böyük xalamın qızı var, o qaçqındır, mən isə yox. Bilirsən niyə?

Müəllimənin təbəssümü, az qala, qulaqlarındakı sırğalara qədər dartılmış ağzından sifətinə yayıldı:

- İndi ürəyindəkilərin hər birini danışacaq, sirr saxlamayacaq.

Mənim fikrim isə uşaqdadır:

- Niyə, quzum, mənim, sən niyə qaçqın deyilsən? Ona görə ki, adam vətəndə qaçqın olmaz?

- Niyə olmur ki, mənim anam, nənəm, dayılarım, xalam - hamısı qaçqın deyil? Mənim təkcə babam qaçqın deyil, onu öz kəndimizdə basdırıblar, qalıb orda.

- Yaxşı, quzum mənim, bəs niyə sən özünü qaçqın hesab etmirsən?

- Çünkü anam institutda oxuyanda atam onu istəyib, toyları olub, mənim atam da qaçqın deyil axı, ona görə mən də qaçqın deyiləm.

- Bu, yaxşıdır, yoxsa pis?

- Mən bilmirəm, - çiyinlərini çəkdi, sonra tam sakit səslə, pıçıldayırmış kimi əlavə etdi: - Deyəsən pisdir. Çünkü nənəm həmişə atama deyinəndə anam üçün deyir ki, özümüzkülərdən birinə ərə getsəydin, Sürməyə də çörək pulu verərdilər, bağçada, institutda pulsuz oxuyardı böyüyəndə.

Müəllimə Sürməyə yüngülcə təpindi:

- Day bəsdi, göyərçin bala, dayını yorma, evdə olan söhbətləri də yad adama demə.

Uşaq xırda gözlərini qıyıb müəlliməyə baxdı:

- Bəs deyirdiz ki, biz yad deyilik, bir vətənin balalarıyıq, dayı da yaxşı dayıdır, özü də müharibədə olub, nə olsun onun...

Dinmədi, susub geri - uşaqların yanına qalxdı.

Sürmə yəqin ki, "nə olsun onun əlini erməni dişləməyib", - deyəcəkdi.

Tarix
2016.04.12 / 09:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

17 yaş kiçik tələbəsi ilə evlənən Salayevin ən böyük səhvi...

Zabit məni aldadıb qaçırdı, sonra isə... – Sevdanın faciəsi

Şaban Nazpərinin adını çəkəndə udqunub dedi ki...

Azərbaycanda mason təşkilatı qurulub? - Üzvlər danışır

Samiraldo yaşadığı dəhşətləri danışdı – Foto

Erməni bizimlə yeyib-içən ermənini söydü ki... - Polkovnik

Erməni Qarabağdan bizə xəbər daşıyırdı, biz də... - Amaşov

Kəramət özü-özünü yıxıb-sürüdü - Müsahibə

Türkmanlar türk polisindən niyə narazıdır? – Fotolar

Şeyxin oğlu iki rükət namazı güclə qılır - Hacı Qalib

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla