Son iyirmi beş ildə nəinki xarici ölkələrdə, o cümlədən,
Türkiyədə və Rusiyada, hətta Azərbaycanda nəşr olunmuş əlliyə qədər
kitabım üçün bir qəpik Azərbaycan manatı, türk lirəsi, rus rublu,
dollar, ya yevro almamışam.
Axar.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Anar APA-ya
müsahibəsində kitablarına görə qonorar alıb-almaması haqda
danışarkən deyib. O, bir müddət əvvəl haqqında yayılan FETÖ
ittihamlarına da cavab verib:
"Azərbaycanda bəzi kitablarımı öz hesabıma çap etdirməyə məcbur
olmuşam. Yeri gəlmişkən, bir faktı da açıqlayım. Moskvanın mötəbər
nəşriyyatı öz təşəbbüsü ilə mənim bir cildliyimi buraxmaq istədi.
Dedim ki, çoxdandı Moskvada nəşr olunmamışam, bir yox, iki
cildliyimi buraxdırmaq istərdim. Dedilər, onda ikinci cild üçün
vəsaiti özünüz tapmalısınız. Hətta nəşriyyat müdirliyi qabağa düşüb
özləri Moskvada yaşayan iki azərbaycanlı milyarderə müraciət etdi.
Hər ikisi müxtəlif bəhanələrlə imtina etdi. Mənə yer eləyən o oldu
ki, һәmin nәşriyyat Moskvada yaşayan erməni oliqarxlarından adı
bədnam Zori Balayanın kitabının nəşri üçün maddi yardım istəyəndə,
erməni varlıları "bir kitab niyə?" deyə, o cızma-qaraçının səkkiz
cildinə vəsait ayırıb. Mirzə Cəlil demişkәn, "ermənilər pis
adamdır, biz yaxşıyıq". Amma Azərbaycanda bir xeyirxahımın ikinci
cildi maliyyələşdirdiyini deməyi və ona minnətdarlığımı bildirməyi
borc bilirəm. Adının çəkilməsini isə özü istəmədi.
FETÖ ittihamını ilk dəfə sizdən eşidirəm. Görünür, sizin hansısa
xüsusi informasiya mənbələriniz var ki, mənim özümə məlum olmayan
ittihamları çatdırırlar. Əgər baş tutarsa, gələn müsahibəmizdə mənə
İŞİD-in ideoloqu olmaq, ya Hillari Klintonun məğlubiyyətinə
səbəbkar olmaq haqqında ittihamları çatdırsanız, təəccüblənmərəm.
Odur ki, belə mənasız ittihamlara nə geniş, nə dar cavab verməyi
lazım bilirəm".
Qeyd edək ki, iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə
cəhddən sonra aralarında xalq yazıçısı Anarın da olduğu bir neçə
ziyalının Fətullah Gülənlə əlaqəsi olması haqda şayiələr
yayılmışdı.