Yuxarı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Noyabrın 12-də Avropanın bir-birindən təxminən 600 kilometr məsafədə yerləşən şəhərlərdə Azərbaycanla bağlı iki hadisə baş verdi.

Birincisi Dublində idi: Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak üçün İrlandiyanın paytaxtında olan Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşdü. Liderlər Azərbaycan və Britaniya arasında “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni mübadilə etdilər. Bakı-London xəttində tarixi əlaqələri strateji səviyyəyə yüksəldən bu bəyannamənin ölkəmizin beynəlxalq münasibətlərin güc balansında mövqelərini gücləndirəcəyi aydın görünür.

İkincisi, Londonda idi: Britaniyanın paytaxtında “Maqnitski Mükafatı”nın təqdimatı keçirilirdi və təltif olunanlar arasında AXCP sədri Əli Kərimlinin adı yer alırdı. Bunun Azərbaycana qarşı siyasi təzyiq vasitəsi olduğu sirr deyil və belə görünür ki, Börnhem Dublində Əliyevlə əlaqələri strateji səviyyəyə yüksəltdiyi vaxt, paytaxtında bu münasibətləri sabotaj etmək cəhdləri edilib.

“Maqnitski Mükafatı”nın təqdimat mərasiminin vaxt seçimi də bunu təsdiq edir. Bu mükafat üzrə təltifetmə hər ilin noyabr ayında keçirilir. Ötən il 13 noyabr, 2024-cü ildə 14 noyabr, 2023-cü ildə 13 noyabrda baş tutub. Bu il məhz 12 noyabrda – Əliyevlə Börnhemin görüşü fonuna keçirilməsi Bakı-London münasibətlərinin strateji səviyyəyə yüksəlməsinə qarşı planlaşdırılmış addımdır. Çünki ənənəyə görə, “Maqnitski Mükafatı”nın təqdimatında iştirak edən britaniyalı parlamentarilər Britaniya hökumətinə təltif edilən şəxslərin təmsil etdiyi ölkələrlə əməkdaşlıqdan çəkinmək çağırışı edirlər. Əli Kərimlinin adının mükafatlandırılanlar siyahısına daxil edilməsi və təltifin həm Azərbaycan, həm Britaniya üçün tarixi hadisə hesab olunacaq 12 noyabrda verilməsinin buna hesablandığı aydın görünür.

Burada əsas sual belədir: Əli Kərimlinin adını “Maqnitski Mükafatı”na salanlar kimlərdir və onların məqsədi nədir?

Bu mükafatın Əli Kərimliyə verilməsi təklifini ilk dəfə Rebekka Vinsent irəli sürüb. 2024-cü ildə Qubad İbadoğluya mükafat veriləndə münsiflər heyətində yer alan Vinsent Əli Kərimlinin də təltif edilməsini təklif etdi. Azərbaycan ictimaiyyəti bu xanımın adını yaxşı xatırlayır. Vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı kimi fəaliyyət göstərən Rebekka Vinsent diplomatik missiyadan kənar fəaliyyəti ilə tanınıb. O, Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlir, paytaxtımızda əyləşib, Azərbaycana qarşı fəaliyyəti körükləyirdi. Sonradan bu xanımın “Miledi” ləqəbli casus olduğu, xarici kəşfiyyat xidmətinin təlimatı ilə Azərbaycanda şəbəkə qurduğu ortaya çıxdı. Vinsent ifşa olunduqdan sonra diplomatik fəaliyyətindən də uzaqlaşdı və “insan haqlarının müdafiəçi”sinə çevrildi. Bütün fəaliyyətini Azərbaycana qarşı qarayaxma kampaniyaları üzərində quran Vinsent ortaq maraqlardan çıxış etdiyi erməni diasporu/lobbisi ilə sıx əlaqələrə malikdir. Əli Kərimlinin mükafatalandırılmasına bu xanımın lobbiçilik etməsi birincinin zaman-zaman açıq mənbələrdə yayılan anti-Azərbaycan şəbəkəsi ilə əlaqələrinə diqqət çəkir.

“Maqnitski Mükafatı”nın təqdimatında baş verənlər isə bu əlaqələri çılpaqlığı ilə ortaya çıxardı.

Mərasimdə mükafatı Əli Kərimlinin adlndan qızı Sezən Kərimli alıb. Mükafatı ona təqdim edən isə Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baroness Helena Kennedi idi. Sezən Kərimli də çıxışında Baroness Helena Kennediyə və “Maqnistki Mükafatı”nın təsisçisi, Amerika əsilli britaniyalı maliyyəçi Bill Brauderə müstəsna şəkildə təşəkkür edib.

Baroness Helena Kennedi: adın arxasında görünməz olan detallara diqqət edək.

Baroness Helena Kennedi Böyük Britaniya Erməni Milli Komitəsinin (Armenian National Committee of the United Kingdom - ANC-UK) “sevimli” siyasətçilərindəndir. ANC-UK Amerika Erməni Milli Komitəsinin (ANCA) Britaniya qolu, yaxud erməni diasporu/lobbisinin “Vaşinqton bataqlığı”ndakı fəaliyyətinin “London bataqlığı”nda davam etdirilməsi hesab edilə bilər: siyasətçiləri müxtəlif yollarla ələ alır, onları öz maraqlarının xidmətçisinə çevirirlər. Baroness Kennedi də Böyük Britaniya parlamentində erməni maraqlarına bu xidməti həyata keçirir. Onun xidmət etdiyi “erməni maraqları”nın hazırda Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə aidiyyəti yoxdur. Əksinə bu, məhz sülhə qarşı olan revanşistlərin maraqlarına uyğun gəlir, Baroness Kennedi xüsusilə Qarabağdan Ermənistana qaçmış separatçıların qalıqlarının Londondakı “səsi”, yaxud “dayağı” rolunda çıxış edir. Bununla bağlı iki fakt onun fəaliyyətini anlamağa yetərlidir.

1. 2024-cü ildə Beynəlxalq Vəkillər Kollegiyasının (İnternational Bar Association - İBA) Qarabağdan Ermənistana qaçan separatçıların Azərbaycana qarşı ərazi iddiaları və digər ittihamlarının dəstəkləndiyi tədbirlərinə spikerlik edən Baroness Kennedi idi.

2. Baroness Kennedi “Qarabağda erməni mədəni irsinin dağıdıması iddialarını” araşdıran tədqiqata həmsədrlik edir, eyni zamanda, o, bu ilin fevralında “Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) və Britaniya parlamentinin bir sıra üzvləri tərəfindən “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” iddiası ilə başlanan və hazırda davam edən sorğu prosesinin əsas təşkilatçılarındandır. Kennedinin sorğu prosesində keçmiş qondarma rejimin “nümayəndəsi” Artak Beqlaryan, erməni diaspor təşkilatı “Center for Truth and Justice”nin (CFTJ) nümayəndələri, ANC-UK-un sədri Annette Moskofian və üzvü Andre Vartanianla “dəlilləri təqdim edən tərəf” kimi görüşüb. Onunla görüşənlər arasında Luis Okampo da var.

Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun erməni maraqlarına lobbiçilik etdiyi, xüsusilə “Qarabağda etnik təmizləmə” kimi ittihamlarla Azərbaycana qarşı kampaniyalar təşkil etdiyinə dair etirafları var. Bu ilin may ayında yayılan etiraflarda Okampo antiazərbaycan fəaliyyətinə görə ermənilərdən pul aldığını da gizlətmir.

Cavablar məlumdur: Əli Kərimlinin erməni diasporu/lobbisini təmsil edən bu şəxslər tərəfindən “Maqnitski Mükafatı”na təqdim edilməsi və təltif olunması onun da bu şəbəkəyə bağlı olduğu və növbəti dəfə Azərbaycana qarşı istifadə edildiyi fikrini gücləndirir. Və bu, AXCP sədrinin erməni diasporu/lobbisinin də yer aldığı antiazərbaycan qüvvələrin Bakıya qarşı addımlarına sinxron şəkildə fəaliyyət göstərməsini – 2022-ci ilin sentyabrın sərhəddə erməni təxribatları nəticəsində baş verən döyüşlərdən sonra Əli Kərimli də Bakını Ermənistan ərazisini “tutmaq”da günahlandırır, bununla bağlı beynəlxalq müstəvidə irəli sürülən ittihamları təkrarlayırdı - yada salır.

Kimlərsə, “Əli Kərimli həbsdədir, mükafatın verilməsində onun nə rolu ola bilər” deyə soruşa bilər. Bəzən bir azərbaycanlı olaraq, “kaş ki belə olaydı” deyə düşünmımək olmur, halbuki hər şey göz önündə baş verir.

Birincisi, mükafatı qəbul edən Ə.Kərimlinin qızı Sezən Kərimlidir və o, bunu erməni maraqlarına xidmət edən şəxsdən alır, buna görə ona xüsusi təşəkkür edir.

İkincisi, Ə.Kərimli həbsdə olsa da, övladları – qızı Sezən Kərimli Britaniyada, oğlu Türkel Kərimli ABŞ-da məhz erməni lobbisinin üzvü olan siyasətçilərlə sıx təmasdadır, bunu gizlətmirlər də.

Misal üçün, Türkel Kərimli bu ilin yazında Amerika Erməni Milli Komitəsinin (ANCA) fəal dəstəkçilərindən olan senator Piter Velçlə görüşüb. P.Velç Vətən müharibəsi zamanı ABŞ Nümayəndələr Palatasında ordumuzun əleyhinə irəli sürülən 1165 saylı qətnamənin həmmüəlliflərindəndir. Daha sonra o, Dövlət Departamentini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırdı, səbəb kimi irəli Qarabağda separatçıların təmizlənməsi idi. Velç hərbi cinayətlərinə görə həbs edilən erməni separatçıların – Araikin, Rubenin və digərlərinin azadlığa çıxması istiqamətində də çalışır.

Türkel Kərimli görüşdüyü şəxsin kim olduğunu bilmirmi?

Təəssüf ki, bilir və bundan narahat olmadığı görünür. Hələ 2016-cı ildə Qarabağ işğalda olan vaxt T.Kərimli hazırda hərbi cinayətlərinə görə Bakıda həbsdə olan separatçı Bako Saakyanın oğlu Armen Saakyanla birlikdə Azərbaycanın əleyhinə çıxışlar edirdi. Görünür, missiyanı indi də davam etdirir.

Əli Kərimlinin qızı Sevən Türkel isə eyni fəaliyyəti Londonda həyata keçirir. Misal üçün, sentyabrda o, “insan haqları müdafiəçisi” Benedik Rocerslə görüşərək, atasına dəstək istəyib, Əli Kərimlinin sosial media səhifələrini işlədən partiyadaşları da bunu böyük həvəslə tirajlayıblar. B.Rocers o şəxsdir ki, 1994-cü ildə Qarabağa qanunsuz səfər edərək, Azərbaycan ərazilərini “qədim erməni torpağı” adlandırmışdı. Qarabağın işğalı dövründə ermənilərə dəstək verdi, bu gün münaqişə başa çatsa da, hələ də revanşist ermənilərin maraqlarına xidmət edir.

Sezən Türkel kiminlə görüşdüyü və atasına kimdən dəstək istədiyini bilmirmi? Təəsüf ki, bilir və o da qardaşı kimi, bundan narahat olana bənzəmir.

Görünür, Əli Kərimli erməni diasporu/lobbisinin də yer aldığı antiazərbaycan şəbəkəsi ilə əməkdaşlığını övladlarına həvalə edib. Bir ata kimi sevinə bilər, çünki oğlu da, qızı da Azərbaycan əleyhinə olan – söhbət Qarabağ iddialarına dəstək verən, eləcə də hərbi cinayətkarları azadlığa çıxarmaq istəyənlərdən dəstək əldə etməkdirsə, - artıq burada hakimiyyət yox, dövlət maraqlarına qarşı əməl var, - fəaliyyəti “uğurla” icra edirlər.

Tarix
2026.11.15 / 12:06
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla