İradə Aytellə görüşüb həmsöhbət olmaq üçün çoxdan
razılaşmışdıq. Bu günlərdə bir neçə günlük Bakıda oldu. Zəngləşib,
görüş üçün vədləşdik. Amma dediyimiz zaman görüşmək mümkün olmadı.
Məni dost itkisi bir günlük də olsa Lerikə apardı, onun isə
yaradıcılığı ilə bağlı yeni layihələri, növbəti kitabının nəşri
vaxtını "yedi". Amma bir qədər gec olsa da, sözü və özü "dikbaş"
olan bu xanımla Axar.az-ın "Sevgi etirafı" layihəsində həmsöhbət
oldum.
- İradə xanım, görüşəcəkdik, amma vədələşdiyimiz gün hər
ikimizin başı qarışıq oldu. Deyin, necəsiniz?
- Əhvalım payıza köklənib: gah buludlanıram, gah üşüyürəm, gah
da Günəşin gülümsər gözlərindən hərarət alıram. Bütün insanlar kimi
mən də payızlaşmışam.
- "Sevgi etirafı" layihəmizin qonağısınız. Amma güclə
tapmışam sizi, ona görə də çox şeydən danışacağıq.
- Danışaq...
- Döyüşçülərin ox qabında adətən 40 ox olur. Sevən
ürəyin neçə oxu ola bilər? Deyək ki, biri, ikisi daşa dəydi o
oxların. Ehtiyatda olanı varmı, yəni dəfələrlə sevmək
olarmı?
Şeirlərində, hekayələrində olduğu kimi, səsi də sevgi donuna
bürünmüşdü:
- Burada sevgi şairimiz Nüsrət Kəsəmənlinin misraları yada
düşür: "Sən demə yenidən sevmək olarmış". Əlbəttə, nə qədər ki,
insan yaşayır, ürək döyünür, hiss edir, sevgilər də olacaq.
Yeniyetmə yaşlarımızda bir başqa sevirik – ülvi hisslərlə,
böyüdükcə dünyaya və sevgiyə baxışımız da böyüyür, kamilləşir. O
zaman ki, oturuşmuş yaşda sevməyə başlayırsan, o sevgi bütün
sevgilərin məcmusu olaraq doğulur və özülündən güc alıb daha mətin,
daha sağlam olur. Bu barədə dostlarla söhbətimiz olub bir neçə
dəfə, mən ilk dəfə 6-7 yaşlarımda sevmişəm.
- İradə xanım, bəlkə, bu sevgi deyilmiş, o yaşlarda
sevmək olurmu?
- Bəli, Faiq müəllim, olur. O yaşın da özünə uyğun sevgisi olur.
Qarşı tərəfə bağlanırsan, onsuz darıxırsan, onu görəndə xoşbəxt
olursan, şıltaqlıq edirsən. Və ilk ülvi sevgimi təxminən 13-14
yaşlarımda yaşamışam. Qəribədir ki, özümdən 20 yaş böyük olan
qonşuma. Hətta ilk sevgimin təsirindən ilk hekayəm də yazılıb.
- Oxumuşam o hekayəni. Bütün oxucular kimi mənim də
diqqətimi çəkib. Çox səmimi hisslərlə yazılmış hekayədir.
Maraqlıdır, oradakı qəhrəmanınızla rastlaşırsınızmı?
- O zaman biz atamın işi ilə əlaqədar Göygöl rayonunda
yaşayırdıq. O adam qonşumuz idi. Sonra biz oradan köçdük və... bir
də heç vaxt onu görmədim. Etiraf edim ki, onu görmək istəyi
ilə,
"Yenə tanış dalan, o tanış küçə
Yenə xatirələr oyandı, dindi
Bu tanış dalanı burulsam yenə
Səni görəcəyəm bəlkə də indi..." -
pıçıltıları ilə o tanış dalana getmişəm. Heç vaxt qarşılaşmamışıq.
Əvvəllər kimsədən onu soruşmağa cürət etməzdim, bu yaxınlarda
eşitdim ki, Rusiyada yaşayır və səhhətində ciddi problemlər
var...
- Söylədiyiniz misralar özünüzündürmü?
- Mənim deyil, orta məktəb illərində oxuduğum
hansısa romanda var idi, yaddaşıma çöküb...
- Müdrik bir kəlamınız da var: "Sevgini kim görübsə,
Tanrını görüb, demək..."
- Sevgi mənim üçün Tanrıdır. Yəni hiss edirik, duyuruq, ağuşunda
isinirik, ona səcdə edirik, onunla sevinirik, kədərlənirik, lakin
onu heç vaxt görmürük. Bax, bu, SEVGİDİR! Bax, bu, TANRIDIR!
Bunları bir-birindən ayırmaq olmaz. Sevgi bəşəriyyətdən əvvəl
yaranıb. Tanrım - Sevgi öz xaliqini Adəmi, Adəm isə Həvvanı
yaradıb, öz canından. Adəmlə Həvva Sevginin - Tanrının balalarıdır,
bəşəriyyət sevginin balalarıdır. Və mən Tanrını görmüşəm. O, məni
xoşbəxt edib, O, məni yaşadıb. Onun əzabı da məni yaşadıb,
yaşadır...
- Sizin sevginiz nağıllı, noğullu, ağıllı olubmu? Axı
sevənlər dəlicəsinə sevir.
- Mən nağıl kimi sevdim, nağıl kimi o sevgi ömrünü yaşadım. Elə
şirin idi ki, uşaqlıqda yediyim noğuldan da şirin. Ağıllı sevdimmi,
bax, bunu deyə bilməyəcəyəm. Onda ağlım başımda deyildi.
- Gəl, sənə bir nağıl söyləyim,
O nağıl ömrümün noğulu idi.
O nağılda biri vardı - o Səndin,
O nağılda biri yoxdu - o məndim.
Bu, sizin şeirinizdir.
- Bu, yeganə şeirimdir ki, ünvanına öz səsimdə çatıb. Onda mənim
böyük səhvim üzündən biz ayrılmışdıq. Lap nağıllardakı kimi,
yamyaşıl bir çəmənlikdə, Ulu Pir ağaclarının ətəyində bu şeiri ona
pıçıldamışam. Qəribədir ki, heç vaxt öz şeirlərimi əzbər bilmədiyim
halda, o gün bu şeir sətir-sətir dodaqlarımdan axdı. Göz yaşlarımla
söyləyirdim bu şeiri və inanmayacaqsınız, birdən-birə göylər də göz
yaşı tökdü. Elə bir leysan yağdı ki... Siz mənə nələri
xatırlatdınız, Faiq müəllim... Son şeirim də elə o yağmurlu günün
təsirindən yazıldı.
- O şeiri səsləndirərsinizmi?
- Əlbəttə...
İçimdə bir ad
Adımı çəkmə deyir!
O adı sıxmaqdan
Dişlərim ağrıyır,
Dilim göynəyir,
İlahi, niyə dar edirsən
Geydirdiyin bu köynəyi?!
Bir müqəddəs çəməndə,
Yaralı, uralı bir ağac kötüyünə
Söykənib
O adı hayqıracam!
Göylərin naləsi -
Göylərin göz yaşlarının səsi
Səsimə qarışacaq,
Sən bizə açacaqsan bir çəmən qucaq…
Ona şeir söyləyəcəm
"Gəl, sənə bir nağıl söyləyim,
O nağıl ömrümün noğulu idi…"
İlahi, necə susduracaqsan
İçimdəki bu göynəyi?!
İçimdə bir od
Odumu çəkmə deyir!
Torpaq altında havasız qaralan
Budağam,
Ağacam,
Kötüyəm,
Dağ-dağam!
Və…
Çəmənində Pir olacaq
Kömür-kömür vücudum.
O Pirə tapınacaq
günahı olanlar,
gunahdan qaçanlar.
O Pirdə yaşayacaq
Onun dilində
Qədəhlənən adım.
Arzu bağlayacaqlar
Arzusu bağlı qalanlar
O Pir olan, bir olan ağac vücuduma.
İlahi, necə öldürəcəksən,
Bu taleyi döyənəyi?!
- Niyə ayrıldınız? Şeirlərinizdən görünür ki, ilahi bir
sevgi yaşamısınız. Yoxsa özünüz dediyiniz kimi, ilahi bir sevginin
ilahi qorxusundan çəkindiniz?
Başını ehmalca yana əyir. Saçları fikirləri kimi dağınıqdır, əli
ilə saçlarını toplayır, eyni zamanda da fikirlərini bir yerə
cəmləyir. Bu dəfə heç kəsin eşidə bilməyəcəyi qədər pıçıltılı səslə
dillənir:
- O qorxu elə bir çəkici qorxu idi ki, intihara can atan insanın
ölümə sevgisi qədər, ölümlə üzləşəcəyini idrak edə-edə ana olmaq
istəyən qadının bala arzusu qədər, Vətən üçün odun-alovun içərisinə
oğul yola salan atanın qüruru qədər... Ayrılmağımıza səbəb qorxu
deyildi. Sizə bir həqiqəti də etiraf edim, o adamla ailə
qurmadığıma peşman deyiləm. Ona olan sevgim elə böyükdür ki, o
sevginin ailə həyatına qədər çatıb məişət mübahisələrinə, övlad
olarsa, övlad sevgisinə, olmazsa, övladsızlıq acısına
parçalanmasını istəmirdim. O sevgi içimdə əbədi yaşasın deyə,
beləcə əlçatmaz qalmalı idi. Ailə tamam başqa sehrdir. Ailə böyük
sevgidən yaranmalı deyil, ailə sevgidən yaranıb böyük hisslərlə,
böyük sevgiyə yol almalıdır. İnsan sevəndə gözləri elə yumulur ki,
qarşı tərəfin heç bir qüsurunu görmür, oysa, ailə cilalanmış,
ağıllı bir bağla bağlanmalıdır ki, uzunömürlü olsun. Dəli, kor,
sabahını düşünməyən sevgidən necə ailə ola bilər axı. Bunun səhəri
var, qayğıları var, övlad dünyaya gətirmək, tərbiyələndirmək və
ilaxır. Ailədə qarşılıqlı anlaşma, hörmət, hər hansı səhvə göz
yummağı bacarmaq, qüsura kor olmaq yox, o qüsuru anlayışlı şəkildə
aradan qaldırmaq lazımdır. İlahi sevgi isə bunlardan xali, azad və
əbədi bir hissdir ki, o, cismən Tanrı qədər uzaq, ruhən Tanrı qədər
yaxın olmalıdır. Nə gözəl ki, içimdə bu böyüklükdə sevgi yanğısı
var. Nə gözəl ki, o yanğıya ailə qurmaqla su çiləmədim...
- Onda şeirlərinizlə oxucuya "nağıl" danışmırsınız ki?
Sevgi kitabınızın səhifələrində sən olan səhifə boş
olurdumu?
- Mən heç vaxt oxucuya nağıl danışmamışam. Həmişə yaşadıqlarımı
pıçıldamışam oxucuya. Axı mənim içimdəkiləri pıçıldamağa kimsəm –
rəfiqəm belə yoxdur. Mən çəkdiklərimi yazdıqlarıma pıçıldayıram və
yazdıqlarım oxuculara qədər yol alır. Bəzən bəlkə də heç oxunmuram
da. Və heç vaxt "heç vaxt" deyənlərdən olmamışam. Bəlkə də sevgi
kitabımın səhifəsi yenilənəcək, bəlkə də artıq dolub o səhifə. Bu
barədə heç nə deyə bilmərəm.
- İradə xanım, yazanda oxucunu
düşünürsünüzmü?
- Qətiyyən! Oxucum məni bağışlasın. Mən heç vaxt oxucunu
düşünərək yazmadım. Özümü düşünüb yazıram, özüm üçün yazıram.
İçimdəki fırtınanı yazmaqla söndürürəm. Fikir vermisinizsə,
yazdıqlarım heç bir sərhəd tanımır. Bəzən kobuddur, bəzən
hirslidir, bəzən qayğıkeşdir, mehribandır, çılğındır... Əgər
oxucunu düşünsəydim, qol-qanadı sınıq olardı yazdıqlarımın.
Yazılandan sonra isə... etiraf edim ki, sıxılıram, utanıram. "Gərək
bunu deməzdim, bunu yazmazdım, ayıbdır", - düşünürəm. Dərdimi
kimsəyə söyləməyi sevmirəm, şeirlərim məni satır. Bax, onda oxucunu
düşünürəm... onda da gec olur.
- Niyə sizdə - xanım yazarlarımızda kişilərə bu qədər
aqressiya var? Sevginiz cavabsız qalıb, yaxud başqa bir səbəb
axtaraq? Məsələn, deyirsiniz ki, kişiləri bağışlamağa
dəyməz.
Gülümsəyir, sual yerinə düşüb deyəsən, kişilərə acığını açıb
tökəcək, yəqin:
- Off, məni danışdırırsınız. Yenə elə sözlər deyəcəyəm ki, sonra
peşman olacağam. Amma deyəcəyəm! Bir xanım yaxınım var, mənə sual
verdi ki, kişi sənin üçün nə deməkdir? Cavab verdim ki, heç nə. Heç
bir anlamı olmayan varlıq. Faiq müəllim, lütfən, inciməyin.
İçimdəkiləri həmişə olduğu kimi demişəm. Amma sevdiyim kişi mənim
atamdır, balamdır, ümidimdir, dayağımdır, Tanrımdır! Bax, mən
beləyəm. Kişilər - əlbəttə, hamıya aid deyil – indi sanki
cılızlaşıb. İndi deyəndə mən əski kişiləri bilmirəm necə olub. Amma
kişi məfhumu var də, indi o məfhuma uyğun gələn kişi bilmirəm
varmı. Kişi kasıb olar, eybəcər olar, amma kişi iradədən varlı
olmalı, qadınını sevməklə yanaşı qorumağı da bacarmalıdır. Qadın
kişidən ilk növbədə güvən istəyir. Güvən olmasa, sevmərik o kişini.
Doğru deyirəm, kişilər bağışlanmağa dəyməz. Bir kərə bağışladınsa,
həmin səhvi yenidən təkrarlayacaq.
- Siz bir vaxtlar Feysbukda çox oldunuz, sonra fasilələr
yarandı. Deyəsən, yalqız deyilsiniz. Axı demişdiniz ki, Feysbukda
olmaq yalqız olmağın əlamətidir.
- Yalnız idim, çox yalnız. Hamıdan, hər şeydən, ədəbiyyatdan,
sosial şəbəkədən uzaq düşmüşdüm. Əvvəllər özümü dünyanın ən güclü
qadını hiss edərdim. Qınayırdım zəif iradəli qadınları... son illər
gördüm ki, mən də bütün qadınlar kimi zəifəmmiş. Yalqız deyiləm,
amma yalnızam.
- Özünüzü zəif hiss edirsiniz, amma bildiyimə görə, siz
çox kişinin həsəd apardığı iş sahibisiniz. Ayaqda durmağı
bacarırsınız.
- Doğrudur, işim-gücüm var. Tanrıya şükür ki, ayaqda durmağı
bacarıram. Qadına ən əvvəl sosial təminat vacibdir, məncə. Bax,
burada da kişiləri bağışlamaq olmaz fikrinə gəlirəm. Qadın kişidən
asılı olduqca daha da zəifləyir. Qız balaların təhsili, iş-güc
sahibi olması ən vacib şərtdir. Kişilərə bel bağlamaq olmaz. Elə
yerdə qadını tək qoyur ki...
- İradə xanım, yalan danışmısınızmı?
- Əlbəttə, danışmışam. Yalanı sevməsəm belə, danışmışam.
- Bura qədər "mus-mus" dedim, keçək Mustafaya.
Haqqınızda, sevgi dünyanız barədə söz-söhbət gəzdi. Dedilər ki, bir
yazıçı ilə duyğularınız, hissləriniz bir olub, amma heç əl-ələ də
tutmamısınız...
- "Mus-mus"ları ümumiyyətlə sevmirəm. Bəli, belə bir söz gəzir.
Açıq deyirəm, o yazıçı Kənan Hacıdır. Kənan Hacını illərdir
tanıyıram. Kənan Hacını sevirəm! Amma bir insan kimi, dost kimi,
məni anlayan həmkar kimi. Bizim aramızda şeirləşmələr, görüşmələr
var. Lakin bütün bunlar iki yaxın dostun bir-birinə olan
bağlılığıdır. Mənim şeirlər yazdığım, sevdiyim o insan Kənan Hacı
deyil. Ümumiyyətlə, sevdiyim şəxs ədəbiyyat adamı deyil. Kənan Hacı
da İradə Ayteli sevib, sevir. Biz o qədər ruhən yaxın, amma
xasiyyətcə fərqli adamlarıq ki, inanın, heç vaxt ailə ola
bilməzdik. Mən bütün qadınlar kimi deyiləm. Qadın ərə balası kimi
qayğı göstərməli, atası kimi güvənməli, anası kimi bağlanmalıdır.
İradə elə deyil. Mənim qayğım da, qulluğum da, güvənim də özüm kimi
havalıdır. Gah olacaq, gah olmayacaq. Ən əsası İradənin ömür
yoldaşı ən azından İradədən güclü xarakterə malik biri olmalı idi.
Bu qədər, Faiq müəllim, lütfən, daha danışmayaq... Sizə çox
minnətdaram, mənə dəyər verib, dərdləşdiyiniz üçün...