Yuxarı

Onun ölüm xəbərini efirdə oxuyanda gözüm doldu - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi

“Yazı masası” layihəsinin yeni qonağının kim olacağını redaksiyamızda müzakirə edəndə Zemfira Məhərrəmlinin adını çəkməklə hamımızın üzündə sevincqarışıq həmrəy bir ifadə yarandı. Elə bil, hamı məhz onun adını dilinə gətirmək istəyirmiş. İnsan nə peşə sahibi olursa-olsun, ən əsas sevilməyi bacarmalıdır.

Qulu (şair Qulu Ağsəs – red.) müəllim adəti üzrə telefonu qarşısında olanda ekranın işığına dinclik vermir, işarət barmağıyla basıb gözün çıxardır ki, işığı sönməsin. Birdən gələn mesajı görməz. Gözünü qırpmayan telefonu dərhal götürüb Zemfira xanıma zəng vurdu. Cavab alan kimi Zemfira xanımı sualıyla təəccübləndirdi: “Zemfira xanım, hardasınız?” Belə qəfil sualdan kim çaşmazdı? Sükutdan hiss elədik ki, Zemfira xanım hardasa uzaqda öz yerini təyin etməyə çalışır. Qulu müəllim: “Bizim uşaqlar sizə qonaq gələcək. Xanım Aydınla Vüsal Nuru”. Qulu müəllim Zemfira xanımla o qədər ərklə, o qədər doğma danışdı ki, onun hissi bizə yoluxdu. Telefonunu yerə qoymamış dedi:

– Zemfira xanım bacımızdır. Özgəsi deyil ki.

Zemfira xanım birdən-birə daha da doğmalaşdı, daha da əziz oldu. Sabah onun evinə gedəndə utancaqlıq ayaqlarımızdan qurğuşun kimi asılmayacaqdı, tərəddüd bizi yolda ləngitməyəcəkdi. Biz ki yad yerə getmirdik, Zemfira xanımdır da, özgəsi deyil ki.

Səhəri gün yollandıq əziz Zemfira Məhərrəmligilə. Hə, onu da deyim ki, bu dəfə trio şəklində getdik. Qulu müəllim elə redaksiyada təklif etmişdi ki, “Ulduz”un ən sadiq əməkdaşı, rəssam Ədalət Həsən də bizlə getsin, “nabroska”lar maraqlı olacaq. Yol boyu danışırdıq ki, gözümüzü açandan televiziyadan Qulu Məhərrəmlinin səsini eşitmişik, necə deyərlər, onun səsi qulağımızda böyümüşük. Hələ o dövrlərdə texnika bu qədər inkişaf etməmişdən əvvəl – 2-3 kanalı əlimizlə o yana-bu yana çevirdiyimiz televizor ekranından bizə əfsanəvi görünən bir insanın evinə, ailəsinə qonaq gedirik. Bir tərəfdən də Zemfira Məhərrəmli! Qarabağ müharibəsinin qadın səsi! Televiziyadan, qəzetdən tanıdığımız, gecə-gündüz gedən döyüşlərə baxmayaraq, özünü düşmənlə təmas xəttinə yetirib reportajlar hazırlayan həmin o cəsarətli xanım! Bunları danışa-danışa bir də baxdıq ki, Zemfira xanımın təbəssümü qapısının kandarından ruhumuzu işıqlandırır. Qapıdan girən kimi özümüzü güzgüdə gördük. Sanki güzgünü qəsdən orda qoyublar ki, içəri girən adam özünü görsün və evindəki kimi hiss eləsin. Bəlkə də təsadüfi deyildi. Bəlkə də Zemfira xanımın şüuraltısındakı qonaqpərvərlik, ürəyindəki insan sevgisi, hər kəsə isti münasibəti qeyri-ixtiyari özünü göstərib.

Zemfira xanım bizə, söhbətimizi çay süfrəsi arxasında aparmağı təklif etdi. Ədalət müəllim stolun başında əyləşdi, kağızını çıxartdı, yona-yona barmaq boyda qalmış karandaşını işə saldı. Biz danışdıq, o çəkdi...

Söhbətimiz öz-özünə qızışdı. Müsahibə almaq üçün sual verməyi unutduq, özümüzü maraqlandıran məqamlardan danışmaq istədik. Ən çox Zemfira xanım bizə ona görə maraqlıydı ki, o ilk dəfə qadın hərbçilər haqqında qalın-qalın kitablar yazıb. Ən maraqlı tərəfi də budur ki, Zemfira xanım döyüşçü qadınlar haqqında atəşkəs dövründə, şəhərin mərkəzində, qışda isti olan, yayda sərinləyən redaksiyalarda yox, başına güllə yağan səngərlərdə yazıb. İki balaca qız anası, cavan gəlin, şəhərdə doğulub, naz-qəmzəylə böyüyən bir adam bütün rahatlığını atıb döyüşə gedib. Gedib ki, hərbçi qadınları ölməyə qoymasın. Onları bir səngərdən alıb bütün xalqa tanıtmaq. Zemfira xanım özünə çox böyük və son dərəcə ağır bir missiya götürmüşdü. Dediyinə görə, onu heç kim buna məcbur eləməmişdi, içindən gəlmişdi. Şəhəri, rahatlığı, hətta isti evini, iki körpə qız balasını qoyub ön cəbhədə səngərləri gəzmək, döyüşən qızları ölümün barmaqları arasından axtarıb tapmaq, yazıb çatdırmaq onun ürəyindən gəlmişdi. Həmin o ağır illərdə Zemfira xanımın missiyası müharibə yaşayan bir xalq üçün böyük xidmət idi.

Söhbət Zemfira xanımın kitablarından düşdü. Zemfira xanım xüsusi bir doğmalıqla kitablarını bir-bir bizə təqdim etdi. “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”, “Qarabağ müharibəsi: zərif talelər”, “Ömür bitər, yol bitməz”, “Oyuncaq” “Söz adamı”, ingilis dilində çap olunan “Karabakh war witnessed by women” və Sankt-Peterburqda işıq üzü görən “Kарабахская война: сражались и женщины». Bu kitablar, elə bil, bir qəhrəmanın döşünə taxılmış medallar idi. Bu gün də Zemfira xanım öz səngərindədir.

– Otuz bir kitab müəllifi olan Qulu Məhərrəmliylə bir evdə yazı masanızı necə bölürsünüz?

Zemfira xanım deyir ki, hər şeyimiz ortaq olsa da, yazı masalarımız ayrı-ayrıdır. Hərə öz otağına – öz dünyasına çəkilir. Amma bəzən elə eyni masanın ətrafında – bir başında o, o biri başında da mən yazıram. Bir-birimizdən bəzən soruşarıq, nələrisə məsləhət alarıq. Amma ümumən bir-birimizin yaradıcılığına heç vaxt qarışmarıq. Onun öz yolu, öz dəst-xətti var, mənim öz yolum, öz üslubum var. Qulu müəllim daha çox elmi üslubda əsərlər yazır, lüğətlər hazırlayır. Təbii ki, bədii-publisistik yazıları, kitabları da var. Mən jurnalistəm. Yazıçılığa jurnalistikadan gəlmişəm. Mən, o böyük nehrə qoşulmaq istəmişəm.

– Niyə jurnalist olmaq istədiniz? Sizcə, bu taledir, yoxsa seçim?

– Ən böyük arzum jurnalist olmaq idi. Hətta orta məktəb illərimdə inşa yazıdan hər dəfə "beş" alanda ürəyimdə bir işartı olardı ki, mən jurnalist ola biləcəyəm. Tez-tez bu arzumun xəyallarını qururdum. Düşünürdüm ki, jurnalistika mənim düşüncələrimin, fikirlərimin, içimdə boy verən, hələlik pöhrə olan arzularımın, istəklərimin, şüurumdakı, ağlımdakı o işıqlı fikirlərin bir tərcümanı olacaq. Yəni mən düşüncələrimi onun vasitəsilə ifadə edəcəkdim. Bir sözlə, jurnalistika mənimçün yazmaq istədiklərimi ifadə etməyə bir vasitə olacaqdı.

Tale, qismət, həyatın qəribə oyunları Zemfira xanımı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib gələcəyin professoruyla qarşılaşdırıb.

– Qulu müəllimlə bir yerdə oxumuşam. Fəxrlə deyirəm ki, müəllimim də
Nəsir İmanquliyev olub. Qəzetçiliyi ondan öyrənmişəm. Universiteti fərqlənmə diplomuyla bitirdim və təyinatımı televiziyaya verdilər, çünki son kurslarda bu sahə üzrə ixtisaslaşırdım. Amma ürəyim qəzetçilikdə qalmışdı. Məyus olmuşdum. Nəsir İmanquliyevin köməkliyi ilə elə özünün yaratdığı “Bakı” və “Баку” qəzetlərində 1978-ci ildə müxbir kimi fəaliyyətə başladım. Elm-təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışdım. Və düz 25 il həmin qəzetdə sevdiyim işlə məşğul oldum. Bu iyirmi beş ildə mənim bir xeyli kitabım çap olundu. Son beş kitabımsa ötən üç ildə işıq üzü gördü.

Zemfira xanımın dilindən Qulu müəllimin adı düşmür. Onun adını sevgiylə, hörmətlə çəkməyə xəsislik etmir. Zemfira xanım deyir ki, hər şeyə görə, jurnalistikadakı bugünkü mövqeyinə, yerinə – ümumiyyətlə, hər şeyə görə Qulu Məhərrəmliyə borcludur.

– Qrupumuzdan 13 qız fakültəni bitirsə də, cəmi 2 nəfər – mən və yaxın rəfiqəm Rəhilə Gülgün bu çətin sənətdə uzun müddət duruş gətirə bildik. Çünki hər ikimizin həyat yoldaşı bizim seçdiyimiz sənətin adamı idi. Bizi başa düşür, işimizə dəyər verirdilər. Həyat yoldaşımla aramızda olan inam daim bizi güclü edib, qoruyub, bir-birimizin işini anlayışla qarşılamağımıza dayaq olub.

– Yaradıcı adam, deyək elə yazıçı, necə olmalıdır? Adi, sıravi insandan nə ilə fərqlənir? Ümumiyyətlə, fərqlənirmi?

– Fikrimcə, əsas yaxşı insan olmağı bacarmaqdı. Sıravi, tanınmayan, hansısa sahədə işləyən, adi adamların içində o qədər gözəl, mələk simalı insanlar var ki... İnsan yaxşılara baxıb, elə yaxşı olmaq istəyir. Bədii yaradıcılıqla məşğul olan adamları gözümün önünə gətirəndə düşünürəm ki, ilk növbədə xeyirxah olmaq lazımdır. Yazıçı istedadlı da ola bilər, orta səviyyəli də, lap bir nömrəli də ola bilər. Amma ilk növbədə insanın ruhu, ürəyi saf olmalıdır. Əgər o yanındakının, özüylə bir addımlayan qələm yoldaşının uğurlarını görmürsə, sevinmirsə və ya görmək istəmirsə, deməli, onun öz yazdıqlarının heç bir dəyəri yoxdur. İnsan başqasının uğurlarına sevinməyi bacarmalıdır.

– Sizi döyüş bölgələrinə – odun-alovun içinə nə çağırırdı? Bilirik ki, o zaman qızlarınız da azyaşlı olub. Necə qoyub getmisiniz onları?

– Bayaq Qulu Məhərrəmliylə bağlı dedim. Amma mənim jurnalistikada duruş gətirməyimdə anamın da rolu əvəzsizdir. Həmişə döyüş bölgələrinə gedəndə uşaqlarıma o baxırdı. Bəzən elə olurdu ki, Qulu müəllim də, mən də birlikdə gedirdik. Anam onda çox pis olurdu. Deyirdi ki, heç olmasa biriniz gedəndə biriniz qalın. İkiniz birdən getməyin. Belə olmaz axı. Mən qorxuram. Birdən bir şey olar. Qubadlı, Cəbrayıl, Zəngilan bölgələrində çox olmuşuq. Mən könüllü gedirdim, heç kim məni ora məcburi göndərməyib. Qəzetin o illərdəki baş redaktoru Əməkdar jurnalist Ağa Hüseynov da mənə "getmə" deyirdi. Amma mən cəbhə xəttinə getməyə qərarlıydım. Qayıtdıqdan sonra silsilə reportajlarım çap olunurdu: “Qeyrət” batalyonu qeyrətliləri səsləyir,” “Tərtər duman içində”, "Döyüşən şəhərin müdafiəçiləri”, “Ana vətən çağırır” və s. Erməni o qədər azğınlaşmışdı, o qədər bu hadisələr bizə təsir etmişdi ki, elə hamı cəbhəyə kömək istəyirdi. İlk vaxtlar Salatın kimi cəsurluqla ön xəttə atılmaq cəsarət tələb edirdi. Bu, böyük risk idi, əlbəttə. Ağdərə, Tərtər, Ağdam istiqamətində çox olmuşam. Ağdərədə komandirdən soruşdum ki, batalyonda döyüşçü xanımlar varmı? Dedi ki, bir xanım var, tibb bacısıdır, həm də döyüşçüdür. İndi düşmənlə çox yaxın məsafədə olduğumuzdan (məsafə hardasa 200-300 metr idi) gündüzlər o xanım hərbi hissədə olur, gecələrsə qonşu kənddə bir tənha ananın yanında qalır. Səhər yenə bura gəlir. Mən mütləq o xanımı görmək istədim. Dedilər ki, gecədir, çox çətindir getmə. Amma mən təkidlə o xanımla görüşmək istədiyimi bildirdim. Gecəydi. Bizə bir avtobus verdilər. Avtobusda sürücü idi, iki silahlı əsgər, mən, bir də qəzetimizin fotomüxbiri Hicran Babayev. Komandir mənim xahişimi yerinə yetirdi. Atışmasa bir dəqiqə olsun belə dayanmırdı. Avtobusun üstündən, böyür-başından güllələr yağırdı. Biz gecə o atışmanın içində qonşu kəndə getdik, xanımla görüşdük. Və barəsində yazı hazırladım. Döyüş bölgəsindən olan bir yazımın belə bir tarixçəsi var.

...Zemfira xanım danışdıqca heyrət edir, təəccüblənirdik. Döyüş bölgəsində gördüklərini elə danışırdı, elə bil filmə baxırdıq.

– Hər ana uşaqlarını qoyub getməyə cəsarət etməz. Bəs uşaqlar? Onlar necə qala bilirdilər? Evlə – uşaqlarla necə əlaqə saxlayırdınız? Mobil telefon yox, bir ayrı vasitə yox...

– İmkan olan kimi evə zəng vururdum. Bir dəfə qızımla (onda birinci sinifdə oxuyurdu) danışanda ağladı. Dedi ki, ana, bəs sən dedin tez gələcəksən? Niyə gəlmirsən? Axı biz darıxmışıq. Mənim formamın ağ qolçaqları çirklənib. Onu kim yusun? Tez gəl də. Ata da yoxdur. O da gedib Ağdama. Dedim, nənəyə ver yusun. Dedi ki, yox, sən gəl! Bax müəllimə məni danlayacaq. Sən gəl yu!

Uşaqla danışandan sonra hönkür-hönkür ağladım. Allaha dua elədim ki, bircə gedim evə sağ-salamat çatım. Onları görüm, bağrıma basım.

– Heç nəyə baxmayaraq, cəbhə xəttində, atışmanın ortasında olmusunuz. Bəs ana kimi qızınızı cəbhəyə göndərərdinizmi?

Zemfira xanımın gözləri yol çəkdi. Heç şübhəsiz ki, müharibəyə qayıtmışdı. Kimi axtarırdı, nəyi görürdü, bilmədik. Nəhayət, bizə geri döndü. Milli Qəhrəman Gültəkin Əsgərovadan danışdı.

– Gültəkinin anası Rəfiqə xanım gəldi gözümün qabağına, – dedi. – Gültəkinə yalvarırdı ki, getməsin. Deyirdi, uşağı mənim ümidimə qoyub getmə. Onsuz da atasız böyüyür. Birdən sənə də bir şey olar. Uşağına yazığın gəlsin. Gültəkin deyirmiş, ana, mən necə getməyim axı?! Getməliyəm! Orda əsgərlər güllə yarasından qan itirir, şəhid olur. Mən necə burda rahat otura bilərəm?! O vaxt döyüşən qızların çoxu könüllü gediblər. Bəziləri evdə heç nə demədən, məktub yazıb, qoyub gedib. Hətta qızları döyüşə aparmadıqlarını eşidən Kəmalə Qəhrəmanova adlı bir xanım, saçını kəsdirib, kişi kimi geyinib, özünü də Kamal Qəhrəmanov kimi qələmə verib, müharibəyə atılıb.

Bax indi siz soruşursunuz, düşünürəm. Bilmirəm... Çox çətindir, əslində. İstərdim ki, getməsin. Arxa cəbhədə müharibəyə nəyləsə yardım etsin, köməkliyi dəysin. Düzü, çalışardım, getməkdən çəkindirim. Yəqin ki, jurnalist olsa, getmək istəsə, qarşısını kəsməzdim. Amma bir ana üçün qızını cəbhə xəttinə yola salmaq, həqiqətən də, ağırdır.

Müharibə mövzusu bitmirdi. Hamımız təsirlənmişdik. Zemfira xanım danışdıqca gözlərimizdə ucalırdı. Biz bu qəhrəman jurnalistə sıradan bir adam kimi baxa bilmirdik.

İlk fürsətdə xahiş etdik ki, bizə iş otağını – yazı masasını göstərsin. Əslində, həm Zemfira xanımın, həm də Qulu Məhərrəmlinin yazı masası bizə maraqlıydı.

Otağa keçdik. Kitabları bağrına basmış qarabəniz rəf və güzgülü şkafa dirsəklənmiş yazı masası var idi. Masada bu yaxınlarda çap olunan, Zemfira xanımın sayca 13-cü kitabı "Qarabağ müharibəsi: zərif talelər"i elə qürurla dayanmışdı, elə bil bayrağı qoruyan əsgər idi. Götürüb vərəqlədik. Zemfira xanım kitabdan ağızdolusu danışdı. Hekayələr və portret yazıları toplanmışdı.

– “Qırxqız dastanı” – bu adı qaraqalpaq dastanının adından götürmüşəm. Kitabda 40 qadın döyüşçü qızın hünərindən yazmışam. Azərbaycan qadınının qəhrəmanlığı dünənin, bu günün işi deyil. “Koroğlu” dastanından tutmuş, üzü bu yana Azərbaycan qadınının qəhrəmanlıqları əsərlərdə təsvir olunur. Zireh geyinib döyüşən qadınlarımız çox olub. Qarabağ müharibəsində döyüşən bu qadınlar da həmin o qəhrəman qadınların davamçılarıdır. Mən də o qadınlar haqqında yazmağı özümə borc bildim. Bu kitabı ərsəyə gətirdim. "Qarabağ müharibəsi: zərif talelər" adlı kitabım həcmcə daha böyükdür. Bu kitab da Qarabağ müharibəsində kişilərlə çiyin-çiyinə döyüşmüş qadınların həyatı haqqındadır. Sənədli publisistikadır. Amma burda da müəllif təxəyyülü var. Təbii ki, faktlar fakt olaraq qalır. Bu kitabı ərsəyə gətirənəcən yazı masamda 6-7 ay "dustaq" olmuşam. Durmadan yazmışam. Hər şeydən – evdən-eşikdən, qohum-əqrəbadan, dost-tanışdan ayrı düşmüşdüm. Evə zəng gələndə əlimlə işarə edirdim ki, "evdə yoxam!" Bütün fikrimi, düşüncələrimi bu kitabın üzərində cəmləmişdim. Zənnimcə, artıq hər şey hazır idi və kitab çapa gedə bilərdi. Ən son anda kitab artıq nəşriyyata gedəcəkdi, dayandım. Bu kitabda Qarabağda döyüşən xanımlarla yanaşı, erməni əsirliyində olan, inanılmaz, dəhşətli zülmlərə məruz qalan, dözən bir neçə xanım haqqında da hekayətlər yazmışdım. Fikirləşdim ki, bəs cəbhə xəttində düşmənlə – ölümlə üzbəüz dayanıb müharibədən yazan, qələmi ilə döyüşən qızlarımız necə olsun?! Onlar haqqında bəs kim yazacaq?! Öz-özümə dedim ki, Zemfira, bu elə sənin missiyandır! Onlar haqqında da elə sən yazmalısan! Və mən kitabın çapını bir qədər ləngitdim. Başladım bu ideyam ətrafında işləyib, məlumat toplamağa. Salatın Əsgərova, Əntiqə Qonaq, Gülbəniz Arifqızı, Səriyyə Müslümqızı, Zəminə Xınalı, Tatyana Çaladze, Roza Əliqızı, "Aprel döyüşləri"ndən yazan Aida Eyvazlı və başqaları haqqında yazılar hazırlayıb kitaba daxil etdim. Təklif etdilər ki, kitabda onlar ayrıca bir bölüm kimi getsin. Amma mən onları cəbhədə döyüşən xanımlardan ayırmadığım üçün ayrıca yox, elə döyüşçülərlə bir sırada vermişəm. Beləlikə, yazdığım romanı belə yarımçıq qoyub bu işi gördüm. "Qarabağ müharibəsi: zərif talelər" kitabımı Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdim. Bu da mənim töhfəm olsun, dedim.

– Bu qədər işin içində bir zamanlar efirə gedən "Ana sözü" verilişinin də ssenari müəllifi və aparıcısı olmağı necə bacardınız? Bir qadın olaraq bu qədər işin öhdəsindən gəlmək çətin deyildimi?

– Müharibə artıq başlamışdı. İçində təpəri olan, gücü olan hər bir kəs nəsə etməyə çalışırdı. Kimi silahla, kimi qələmiylə, kimi fotoaparatıyla döyüşürdü. O illərdə çox güclü qadın hərəkatı yaranmışdı. Respublika Qadınlar Cəmiyyətinin üzvləri İçərişəhərdəki ofisdə toplaşırdı. Orda müxtəlif bölmələr vardı: yaralılara qulluq bölməsi, həkim qadınlar, jurnalist qadınlar, sənətçi qadınlar bölümü, kəndli qadınlar bölümü... Bu qadın hərəkatı böyük bir qüvvə idi. Biz Travmatologiya İnstitutuna və digər səhiyyə müəssisələrinə gedirdik. Yaralılar çox idi. Kimin nəyə gücü çatırdı, edirdi. Meyvə alırdıq, evdə yemək bişirib aparırdıq, evdən pal-paltar aparırdıq. Yəni bacardığımız, imkanımız çatan hər şeyi edirdik. Orda yatan hərbçilərlə söhbətləşib onların hünəri barədə yazılar hazırlayırdım. Qısası, İçərişəhərdəki görüşlərdən birində təklif olundu ki, televiziyada bir verilişimiz olsun. Və bu verilişi hazırlamaq mənə həvalə olundu. Bu ideya televiziyada yaxşı qarşılandı və veriliş efirə çıxmağa başladı. Ssenarini yazırdım, verilişi hazırlayırdıq. Bir gün ssenarini qismən dəyişməli oldum. Salatın Əsgərova şəhid olmuşdu. Verilişdə xəbəri oxumalı oldum. Özümü saxlaya bilmədim, səsim titrədi, gözlərim doldu. Bu təsirli anı heç vaxt unutmaram.

– Yazı masanızda publisistikadan bədii ədəbiyyata keçidiniz var – "Oyuncaq". O necə ərsəyə gəldi?

– Xalq yazıçısı Hüseyn Abbaszadə "Döyüşə qızlar gedir" kitabımı oxumuşdu. Bir gün redaksiyaya zəng vurdu. Kitabımla bağlı xoş sözlər söylədi. Sonra da inamla əlavə etdi: "Publisistikanız çox gözəl! Sənədli hekayələriniz də gözəl! Amma siz bədii yaradıcılığa da başlayın! Öz hekayələrinizi yazın!"

Və mənim ədəbiyyata gəlişim onun məsləhətiylə oldu. Çox ürəkləndim və yazdım. "Oyuncaq" adlı kitaba povest, hekayə, esselər və mənsur şeirlərimi daxil etdim.

– Qayıdaq lap əvvələ. Yazıya köklənmək, böyük bir yazıya balaca bir hərfdən başlamaqdan...

– Belə bir fikir var ki, biz başqalarından yaza-yaza özümüz haqqında danışırıq. Yazıya mütləq köklənmək lazımdır. Hər yazının öz vaxtı, öz zamanı, öz məkanı var. Elə birdən-birə oturub yazmaq da olmur. Ovqata düşmək, köklənmək çox vacib məsələdir. Yazı vaxtı bircə limonlu çay masamın üstündən əskik olmur. Bəzən saatlarla yazı masamın arxasında oluram. Arabir çaydan qurtumlayıb düşünürəm, yazıram. Vaxtı belə unuduram. Bir də baxıram ki, artıq hava işıqlanıb. Amma əvvəldə dediyim kimi, yazı mənim özümü ifadə vasitəmdir. Bu mənə zövq verir. Bəzən yazdığım mövzular ürəyimə ağrı versə də, yorulmuram, usanmıram.

Biz də Zemfira xanımla söhbətdən yorulmadıq, usanmadıq. Amma o, bağa tələsirdi. Təklif elədi ki, biz də onunla gedək. Açığı, böyük məmnuniyyətlə gedərdik, təklif edən yad adam deyildi ki, bizim Zemfira xanım idi. Orda da Qulu Məhərrəmli var idi. Onunla fürsətdən istifadə edib danışardıq. Amma irəli qaçan zaman bizi geriyə çəkirdi. Söhbətimiz yekunlaşanda Ədalət müəllimin ağ vərəqlərindən Zemfira xanım gülümsəyirdi.

Zemfira xanım bizə kitablarını imzaladı. Necə qarşılamışdısa, elə də yola saldı.

"Ömür bitər, yol bitməz" kitabında Zemfira xanım yazıb: "Yaşadığımız dünya sanki yollardan hörülüb. Əgər yollar yoxsa, dünya-aləmə baş vura bilmərik!"

Biz də yolumuza davam edirik. Gələn sayımızda yeni "Yazı masası"nı sizə təqdim etmək üçün.

Tarix
2018.08.30 / 08:30
Müəllif
Xanım Aydın, Vüsal Nuru
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla