Yuxarı

Ürək-damar xəstəliklərinin başlıca səbəbi... - Cərrah

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az ürək-damar cərrahı Ramil Əliyevin Müstəqil.az-a müsahibəsin təqdim edir:

- Azərbaycanda ən çox hansı ürək-damar xəstəliklərinə rast gəlinir?

- Həm dünyada, həm Azərbaycanda ən çox infarkta və ürək çatışmazlığına rast gəlinir. Anadangəlmə ürək qüsurları ilə doğulan uşaqlar Azərbaycanda digər ölkələrdən daha çoxdur.

- Xəstəliklərin yayılmasında genetik amilin rolu nə dərəcədədir?

- Son tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin genetik dəyişiklərlə çox sıx əlaqəsi var. Azərbaycanda ürək-damar xəstəlikləri getdikcə artır və təəssüf ki, biz də gündəlik praktikamızda bu cür xəstələrlə daha çox qarşılaşırıq. Bu, tək bizim ölkəmizə məxsus tendensiya deyil, bütövlükdə bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur. Xüsusilə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər məhz ürək-damar xəstəlikləridir.

- Anadangəlmə ürək qüsuru olan xəstələrin müalicəsi necə həyata keçirilir?

- Anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi çox böyük səy və diqqət tələb edir. Belə ki, qüsurların yüngül, kompensə olunmuş variantlarında dərman müalicəsinin aparılması məsləhət görülür. Əksər hallarda anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi yollarla aradan qaldırılır. Son illərdə bir sıra anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv üsullardan da geniş istifadə edilir. Bütün hallarda belə uşaqlar mütəmadi olaraq həkim-kardioloqun nəzarəti altında olmalıdır.

- Qadınlar, yoxsa kişilər arasında infarkt xəstəliyi daha çox yayılıb?

- Kişilərdə daha çox rast gəlinir. Amma son illərdə dünyada qadınlarda da bu xəstəlik artıb. Özü də zərif cins infarktı ağır keçirir, ümumiyyətlə, qadınlarda diaqnoz qoyulması bir az çətin olur. Qadınlar adətən həkimə gecikirlər. Çünki özləri də ürək xəstəliyindən əziyyət çəkdiklərini bilmirlər. Həkimə gec gəldikləri zaman isə keçirdikləri infarkt ölümlə nəticələnir.

- Ümumiyyətlə, ürək-damar xəstəliklərinin, infarktların əsas səbəbi nədir?

- Ürək-damar xəstəliklərinin başlıca səbəbi genetika ilə bağlıdır. Genetik olaraq sözügedən xəstəlik bir ailədə varsa, həmin nəsildə digər insanların da tutulma ehtimalı yüksəkdir. Ürək damarı tutulduğu zaman damarın o nahiyəsini qidalandıran hüceyrəsi infarkt olur və ürəyin o hissəsi sıradan çıxır. İrsi yolla keçməkdən başqa, ikinci, ən ciddi risk faktoru şəkərdir. Şəkər xəstəliyi də bizim ölkəmizdə hədsiz dərəcədə çoxdur. Daha sonrakı risk faktorları arasında təzyiq problemi və xolesterinin normal miqdarda olmamasıdır. Ümumiyyətlə, siqaret çəkmə, oturaq həyat, Azərbaycan mətbəxi, yağlı yeməklər, xəmir məmulatları və qırmızı ətdən çox istifadə – bütün bunlar risk faktorlarıdır. Bundan başqa, stress də ürək-damar xəstəliklərinin əsas səbəbi olmasa da, xəstəliyin ortaya çıxma səbəblərindən biridir.

- Duzlu xörəklərdən çox istifadə də damarların tıxaclaşmasına səbəb olurmu?

- Əslində, duzlu yeməklər damarların kirəclənməsindən daha çox təzyiqin yüksəlməsinə səbəb olur, birbaşa damarlara zərəri yoxdur. Amma təzyiq yüksək olduğu zaman ürək damarlarını zədələdiyi üçün bilavasitə ürək damarlarının tutulmasına gətirib çıxarır.

- Piylənmə ilə ürək-damar xəstəlikləri arasında əlaqə varmı?

- Kök insanlarda risk daha böyükdür. Çünki artıq çəkili insanlarda adətən xolesterin yüksəkliyi olur. Yəni piylənmə və xolesterin yüksəkliyi ürək-damar xəstəliklərinin səbəbləri sırasındadır. Artıq çəkili insanlar daha az hərəkət edirlər və buna bağlı olaraq da ürək-damar xəstəlikləri artır.

- Ürək-damarxəstəliklərinin əlamətləri hansılardır?

- Sinənin ortasında, mədə nahiyyəsindən başlayıb boyuna qədər və yaxud alt çənəyə qədər olan ağrılar ürək-damar ağrılarıdır. Bu ağrı göynədici, yandırıcı, basqı və yaxud sıxılma şəklində olur. Xəstələrin bəzilərində sadəcə mədə, alt çənə və boyunda ola, hər iki qola, çiyinə yayıla bilər. Bəzi insanlarda heç ağrının olmaması da mümkündür. Bu cür insanlar ən şanssız qrupdur ki, qəfləti ölümlə qarşılaşırlar. Bəzən xəstədə ürək ağrısı xarakteri daşımayan ağrılar da ola bilər. Onu da deyim ki, adətən sancı, batma, “ürəyim ağrıyır” deyərək sol tərəfi göstərən insanlardakı ağrılar ürək ağrısı deyil. Batma, qulunc deyilən yerlərdəki ağrılar əzələ ağrılarıdır.

- Ürək-damar xəstəliyinə tutulmamaq üçün nə məsləhət görərdiniz?

- Qida çox önəmlidir. Ən əsas bizim tövsiyə edəcəyimiz şey qırmızı ətdən uzaq durmaqdır. Əsasən toyuq, balıq əti yemək lazımdır. Onların da içalatlarından uzaq durmaq lazımdır. Xəmir xörəkləri, kərə və qatı yağlardan az istifadə tövsiyə edilir. Ağ çörəkdən çox az istifadə etməli, yediyimizi tələsə-tələsə deyil, olduqca asta-asta yemək lazımdır ki, doyduğumuzu başa düşək. Çünki doyma siqnalları beyinə 20 dəqiqə sonra çatır.

- Gülüşün infarkt riskini azaltdığı deyilir…

- Daim deyib-gülən, müsbət auralı insanlarda stress daha az olur. Belələrinin təzyiqləri də adətən daha yaxşı olur. Eyni zamanda maddələr mübadiləsi, şəkər və xolesterinin də miqdarı normada qeydə alınır. Gülən insanlar daha rahat insanlar olduğundan, onlarda ürək-damar xəstəliklərinə daha az rast gəlinir.

Tarix
2017.01.26 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla