Ana səhifə Sağlıq |
Bakı şəhəri 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlının ölümünün səbəbləri məlum olub. Həmkarı tərəfindən əməliyyat olunan həkim Ə.Bayramlını həkim dostu cəmi 4 gün yaşada bilib.
Axar.az xəbər verir ki, “MediStyle Hospital"da Əziz Bayramlını əməliyyat edən həkim Ayaz Hümbətov Publika.az-a açıqlamasında əməliyyatdan əvvəl xəstənin bütün müayinələrinin aparıldığını, heç bir problem olmadığını bildirib. Əmliyyatdan iki gün sonra Ə.Bayramlı ayağa qalxıb, gəzib. Əməliyyatın 4-cü günündə isə komaya düşüb:
“O, başında küt ağrıların olmasından şikayətlənib, həmin gün klinikada nevropatoloq olmayıb. Səhəri gün isə nevropatoloq gələnə qədər artıq vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib, sonra komaya düşüb. Nevropatoloq müayinə edib, maqnit rezonans tomoqrafiyası (MRT) edilib. Ona beyin ocağında işemik insult diaqnozu qoyulub”.
Həkimin sözlərinə görə, Ə.Bayramlının ölüm səbəbinin əməliyyatla əlaqəsi yoxdur:
“Əməliyyatdan sonra tromb ağciyərə vura bilərdi, ancaq ciyərdə heç bir problem yox idi, həmçinin ona qarşı da lazımı müalicə aparılırdı. Tromblaşma beyində müşahidə edilib. Əziz Bayramlı özü də həkim idi, hansı iynə-dərmana ehtiyacı olduğunu yaxşı bilirdi”.
Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından da bildirilib ki, Ə.Bayramlının ölüm səbəbi keçirdiyi əməliyyatla birbaşa əlaqəli deyil. O, oynaq əməliyyatı olub, ölüm səbəbi isə beyin arteriyasında tromblaşmadır.
Qeyd edək ki, Bakı şəhəri 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də keçirdiyi əməliyyatdan 4 gün sonra dünyasını dəyişib.
63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2018.04.17 / 11:53
|
Müəllif
Nigar İxtiyarqızı
|