Ana səhifə Siyasət |
Müstəqil Kürdüstan Yaxın Şərqdə yeni təhdidlərə gətirib çıxaracaq.
Bu sözləri Axar.az-a siyasi analitik Vüqar Zifəroğlu deyib.
Analitik Kürdistanın yaradılması ideyasına bölgə dövlətlərinin münasibətlərinin müsbət olmadığını deyib:
“Bu, təkcə Türkiyə, İran və İraqa aid deyil, eyni zamanda ərəb ölkələrini də buraya şamil etmək olar. Doğrudur, kürd muxtar idarəetməsinə ərəblər son zamanlar müsbət yanaşırdılar. Bunun əsas səbəbi isə ərəblərin əslində Tehranın nəzarətində olan Bağdad və Dəməşqə təzyiq göstərməsidir”.
V.Zifəroğlunun sözlərinə görə, müstəqillik kürdlərə çox baha başa gələcək:
“Kürdüstanın müstəqilliyinin böyük problemlərə yol açacağı indidən məlumdur. Bu problemlər sırasında əsas yeri İraqın ərazi bütövlüyünün pozulması, bölgə dövlətlərinin, xüsusilə, əhalisi arasında kürd xalqının da yaşadığı ölkələrə qarşı gələcəkdə müəyyən təhdidlərin yaranması tutur. Əsasən də Türkiyə, İran və Suriya bu təhdidlərlə daha çox üz-üzə qalacaq. Kürdüstan bir dövlət olaraq onu qəbul etməyəcək ölkələrlə əhatələnəcək və bu, doğrudan da haradasa İsrailin taleyini yaşamaq kimi bir şey olacaq. Kürdüstan layihəsi İsrail baxımından ABŞ üçün son dərəcə önəmlidir. İraq Kürdüstanı İsrail üçün artıq İraq, Suriya və İran üzərində bir nəzarət mexanizmidir. Ümumiyyətlə, İsrail dövləti ərəb blokadasına qarşı – Misir və İordaniya xaric - həmişə bir müttəfiq arayışında olub. Bu baxımdan İraqdakı kürd varlığı önəmli faktordur. Bundan əlavə İsrail İraqdakı kürdlərlə dərin və sağlam münasibətlərə malikdir. Məsələn, Barzan və Akradakı “yəhudi kürdlərlə” Bərzani ailəsinin son dərəcə yaxın münasibətləri var. Həmçinin İsrailin quruluşunda və eləcə də 1967-ci il müharibəsindən sonra yəhudilərin İsrailə köçündə kürdlərin böyük dəstəyi olub”.
Qeyd edək ki, İraq Kürd Muxtar Vilayəti sentyabrda müstəqilliklə bağlı referendum keçirmək istəyir. Artıq Türkiyə, İran və İraq bu referenduma qarşı olduğunu bildirib. İran və Türkiyə yeni kürd dövlətinin bölgədə yalnız ABŞ-ın maraqlarını təmin edəcəyini açıqlayıb. Üstəlik, Türkiyədəki bəzi partiyalar Kürdüstanın ikici İsrail layihəsi olduğunu vurğulayıblar.
Tarix
2017.07.22 / 08:30
|
Müəllif
Firuzə Vahidqızı
|