Yuxarı

Bu qərarı yalnız Bakı və Aşqabad verəcək – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

1996-ci ildən danışıqlara başlayan beş Xəzəryanı ölkə dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümumi çərçivələri razılaşdırdı.

Bu sözləri Axar.az-a Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı dəyərləndirən millət vəkili Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, 12 avqustda dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək:

“SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başladı. İran Xəzərin bölünməsini göl prinsipi üzrə, yəni hər bir ölkəyə bərabər pay verilməsini təklif edirdi. Digər 4 ölkə isə dəniz, yəni orta xətt prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Keçən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin, Qazaxıstan və Türkmənistan öz aralarında dənizin şimal hissəsini orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar. 22 il ərzində 5 sammit keçirildi. Nəhayət ki, dünən keçirilən sonuncu sammitdə Xəzərin dibinin dəniz, suyunun isə göl kimi bölünməsi razılaşdırıldı. 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Konvensiyanı bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı “dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda, Xəzərin suyunun və təkinin tərkibi və forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi”.

Deputat qeyd edib ki, imzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir:

“Konvensiyanın əsas ideyası ondan ibarətdir ki, Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu ola bilməz, dəniz-gölün bölünməsinin ümumi prinsipləri müəyyən olunub və bundan sonra qonşu tərəflər arasında olan konfliktlər beştərəfli yox, ikitərəfli qaydada həll edilməlidir. Bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi. ABŞ-ın Energy İnformation Administration (EİA) agentliyinin təqribi hesablamalarına görə Xəzərin neft və qazla zəngin təkində 6.5 milyard ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trilyon dollardır. İndiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçiriblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olmuş və hətta bəzi hallarda silahlı münaqişə təhlükələri yaranmışdı. Belə mübahisələr Qazaxsan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olmuşdu. O zaman mübahisə edən tərəflər arasında əsas arqument bu idi ki, Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri beş ölkə həll etməlidir. Amma indi artıq yalnız qonşu ölkələr həll edəcək”.

T.Mirkişilinin sözlərinə görə, Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb və bunun üçün ayrıca sazişlər tələb olunur:

“Azərbaycan-Rusiya-Qazaxstan və Qazaxstan-Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq İran da ümumi qaydalara imza atdı. İran ciddi sanksiyalar altındadır, indiki halda qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi Tehran üçün çox əhəmiyyətlidir. İran üçün ən önəmli məsələ olan təhlükəsizlik məsələsi Konvensiyada öz əksini tapıb. Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qüvvələrinin mövcud ola bilməsini özündə əks etdirən Konvensiya, eyni zamanda, bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir”.

Millət vəkili hesab edir ki, indiyə qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasına da mane olurdu:

“Konvensiyaya görə bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcək. Ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər. Doğrudur, Konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydaları üçün 5 ölkənin razılığı tələb olunur. Bu razılıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək. Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 milyard kubmetr qazın ixracına imkan verə bilər. Ümumilikdə, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çox önəmlidir və Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür. Bakı-Tiflis-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində tranzit nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir”.

Tarix
2018.08.13 / 17:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla