Ana səhifə Toplum |
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun ofisi qarət edilib.
Bu barədə "Axar.az"a məlumatı təsdiqləyən komitə başçısı dedi ki, hadisə dünən gecə saatlarında baş verib və ona ciddi maddi ziyan dəyib:
"Anlamadığım odur ki, ofisimizin yerləşdiyi bina yetərincə müdafiə olunduğu halda necə qarət ediblər? Otağın divarını söküb və ordan da otağa keçiblər. Katibənin otağının qapısını sındırıblar və bahalı DVD-ni və bir neçə qiymətli əşyanı aparıblar. Dəhlizdə televizor var. Onu da aparmaq istəyiblər, ancaq yekə olduğuna görə apara bilməyiblər".
Elçin Behbudov həbsdə olan keçmiş polis işçisi Hacı Məmmədovun özünün çəkdiyi və ona hədiyyə etdiyi rəsmlərin oğurlanmadığını da dedi:
"Hacı Məmmədovun yağlı boya ilə çəkdiyi rəsmlər var idi. Ona toxunmayıblar. Yəqin bilsəydilər ki, o çəkib, aparardılar".
E. Behbudov bildirdi ki, hadisə barədə Səbail Rayon Polis İdarəsinə məlumat verilib və əməliyyat qrupu hadisə yerində araşdırma aparır.
***
Bir saatdan sonra isə məlum olub ki, E.Behbudovun ofisində oğurluq və talan olmayıb, sadəcə, onların ofisdən köçdüyünü düşünən fəhlələr divarı umurublar, əşyalar isə ortalıqda qalmasın deyə, başqa otağa yığıblar:
"Ofisə gələndə divarın söküldüyünü gördük, əşyalar yox idi. Dərhal polisə müraciət etdik. Məlum oldu ki, binada təmir işləri aparan fəhlələr bizim oradan köçdüyümüzü, otağın boş olduğunu zənn edib divarı uçurublar. Ondan sonra da əşyaların ortalıqda qalmaması üçün digər otağa yığıblar. Artıq bütün əşyalar mənə təhvil verilib".
Tarix
2013.11.11 / 15:13
|
Müəllif
Tural Qurbanlı
|