Yuxarı

Yas təmtərağı: Komitə niyə qarşısını ala bilmir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə yas məclislərinin təmtəraqlı şəkildə təşkil edilməsi indiyədək formalaşmış qaydalara söykəndiyindən onun sadələşdirilməsi və nizama salınması müəyyən zaman tələb edir.

Bu sözləri Axar.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova yas mərasimlərində israfçılığa yol açanlara qarşı görülən tədbirlər barədə açıqlamasında deyib. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2014-cü ildən bu məsələyə xüsusi diqqət ayırır:

“DQİDK hər zaman cəmiyyətimizin maraq dairəsində olan ictimai məsələləri diqqətdə saxlayır. Bu məsələlərdən biri də yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi, onların islam dəyərlərinə uyğun təşkil olunması və israfçılıq hallarının qarşısının alınmasıdır. Son dövrlər bölgələrdən paytaxta qədər hər yerdə dini maarifləndirmə işləri aparılır, bu məsələ ilə bağlı dini hökmlər və müqəddəs kitabın tələbləri əhaliyə çatdırılır. Vətəndaşlarla keçirdiyimiz görüşlərin ilkin təəssüratı artıq bu dəyişikliyin məhz ictimai və sosial sifariş olması qənaətini yaradır. Dövlət Komitəsinin diqqəti və aktivliyi sayəsində ictimaiyyət və müvafiq qurumlar bu məsələnin tezliklə həll olunmasının vacibliyinə lazımi reaksiya verir. Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu məsələdə öz dəstəyini nümayiş etdirir. Hətta QMİ-nin Qazilər Şurası 2009-cu ildə yas mərasimlərində israfçılığa yol verilməməsinə dair fitva da verib”.

E.Kərimova qeyd edib ki, yas mərasimləri ilə bağlı qanunvericiliyə hansısa məhdudlaşdırıcı dəyişiklik edilməsi və ya digər məcburedici hərəkətlərə yol verilməsi doğru deyil:

“Yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər. Məhz buna görədir ki, DQİDK digər məsələlərdə olduğu kimi, ölkədə yas mərasimlərinin sadə şəkildə keçirilməsinin təmin edilməsində maarifləndirmənin zəruriliyinə xüsusi diqqət yetirir. Bu məqsədlə tanınmış din xadimlərinin, ictimaiyyət, dövlət nümayəndələrinin, habelə KİV-in iştirakı ilə başlanılmış təbliğat işləri bugünədək davam etməkdədir. Bunun üçün hansı sosial təbəqəyə mənsubluğundan asılı olmayaraq, cəmiyyət üzvləri qarşılıqlı şəkildə bir-birini islamın vacib şərtləri mövzusunda məlumatlandırmalıdır. Yalnız bu yolla yas mərasimlərinin təmtəraqlı keçirilməsinin dini ehkam olması ilə bağlı cəmiyyətdə formalaşmış stereotipin aradan qaldırılması mümkündür. Bu məsələnin həlli ilə bağlı artıq ilkin müsbət nəticələr əldə edilib. Artıq 3 və 7 mərasimləri ayrı-ayrılıqda deyil, birlikdə - 3 mərasimi olaraq keçirilir, eləcə də cümə axşamları qeyd edilmir. İlk dəfə olaraq, Naxçıvanda yas mərasimlərinin sadə şəkildə keçirilməsinin ənənə halını alması təqdirəlayiq və digər bölgələrimiz üçün nümunəvi haldır. Ümumilikdə, respublikada bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müvafiq addımlar atılır“.

E.Kərimova vurğulayıb ki, aparılan maarifləndirmə işləri sayəsində bir sıra yerlərdə israfçılığa yol verilməməsi ilə bağlı əhali ortaq razılığa gəlib:

“Məsələn, Bakının Şağan kəndi və Balaxanı qəsəbəsi belə yerlərdəndir. Çox istərdik ki, belə təşəbbüslər digər kənd və qəsəbələrdə də həyata keçirilsin. Dövlət Komitəsi tərəfindən aparılmış araşdırmalara əsasən, Gəncə və Naftalan şəhərlərində, eləcə də Füzuli, Lerik, Ağdaş, Astara, Siyəzən, Goranboy, Tərtər, Qəbələ rayonlarında əhalinin mütləq əksəriyyəti yas mərasimlərini tövsiyə edilən sadələşdirilmiş qaydada keçirir. Habelə Şirvan, İmişli, Salyan, Neftçala, Hacıqabul, Zərdab, Göyçay, Biləsuvar, Şəki, Şəmkir, Oğuz və digər rayonlarda əhali yas məclislərini əsasən sadə şəkildə icra edir. Dövlət Komitəsi hazırda bölgələrdə bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərini gücləndirməkdədir”.

E.Kərimova vurğulayıb ki, yas məclislərinin sadələşdirilmiş qaydada keçirilməsində mərasim evlərinin sahiblərinin, o cümlədən mərasim xidmətlərini təşkil və təklif edən şəxslərin də üzərinə mühüm vəzifə düşür:

“Onlar sadə ehsan süfrəsi menyusu tərtib edərək, onun yas məclisinin sahibləri arasında təşviqinə çalışmalıdırlar. Eləcə də din xadimləri bu sahədə öz dəstəyini göstərməlidir. Çünki məhz onlar yeri düşdükcə ictimaiyyət arasında təbliğat aparmaqla ziyafət masasına çevrilmiş yas məclislərinin dindən uzaq olduğunu izah etməli, sadə təşkil olunan yas məclisini qınaq obyektinə çevirənlərin dini baxımdan, hətta günah işlədiklərini açıqlamalı, borc-xərclə verilən ehsanın mərhumun ruhuna heç bir savab qazandırmadığını açıq şəkildə deməlidirlər. İnsanların savab olaraq hansı əməlləri yerinə yetirməli olduqları onlara ətraflı izah olunmalıdır. Bu baxımdan bir sıra imam və axundların moizələri və çıxışları həm məscidlərdə, həm də sosial şəbəkələrdə yayılır. İnsanlar maarifləndikcə, İslamı öyrəndikcə bu cür mənfi hallar aradan qalxacaq və yas mərasimlərindəki israfçılığa son qoyulacaqdır. Hər kəs bu sahədə fəal olmalı, mövqeyini bildirməli, ətrafında bu barədə maarifləndirici iş aparmalıdır.”.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Şağan qəsəbəsində 1 sentyabrdan etibarən yas mərasimlərində süfrələrdə israfçılığa yol verilməməsi barədə ortaq fikrə gəlinib.

Tarix
2017.09.13 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla