Yuxarı

Ön cəbhə rayonunda qaz, su problemi... - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Q.Paşayeva ön cəbhə rayonu olan Tovuzun bir sıra problemlərini qaldıraraq hökuməti 2018-ci ildə onları həll etməyə çağırıb.

Axar.az xəbər verir ki, millət vəkili Tovuz da daxil olmaqla, ön cəbhə rayonlarına daha çox diqqət göstərməyin vacibliyindən söz açıb. O bildirib ki, Tovuz rayonunun Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli və Cilovdarlı kəndləri içməli su problemindən ciddi əziyyət çəkir.

Millət vəkili bu problemin həlli üçün “Azərsu” rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək, hökuməti qısa zamanda minlərlə insanın üzləşdiyi bu problemin həlli istiqamətində addım atmağa çağırıb. Millət vəkili eyni zamanda bulaqlarla zəngin Tovuzda su rezervlərinin tikintisi ilə də bu istiqamətdə problemlərin bir hissəsini azaltmağın mümkün olduğunu qeyd edib. Q.Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi ciddi problemə də toxunub və müvafiq qurumları Tovuzda bu istiqamətdə daha çox iş görməyə çağırıb. O bildirib ki, əks halda Tovuzda kənd təsərrüfatı ilə məşğulluq sahəsində ciddi problemlər yaranacaq. Kənd təsərrrüfatı isə əksər insanların dolanışıq mənbəyidir.

Bundan başqa, millət vəkili Qənirə Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb və bildirib ki, Tovuzun bir sıra kəndlərində qazlaşma prosesi hələ də başa çatmayıb. Millət vəkili “Azəriqaz” rəhbərliyini ön cəbhə rayonu olan Tovuz rayonunun kəndlərinin qazlaşdırılması prosesini başa çatdırmağa çağırıb.

O bildirib ki, 104 yaşayış məntəqəsindən 48-nin və yeni salınan məhlələrin qazlaşdırılmaması nəticəsində meşələrin qırılması prosesinin qarşısını lazımi qədər almaq mümkün olmur, bu isə öz növbəsində bulaqların qurumasına, yəni ekoloji vəziyyətə öz təsirini göstərir. Millət vəkili Tovuzla bağlı icra hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə bu məsələlərin həlli istiqamətində təkliflər göndərildiyini deyərək, onların qısa zamanda dəyərləndirilməsinə çağırıb.

Q. Paşayeva vurğulayıb ki, Tovuzun böyük və təhsil göstəriciləri yaxşı olan kəndlərindən olan Bozalqanlı da daxil olmaqla, bir sıra kəndlərində yeni məktəb tikintisinə böyük ehtiyac var. O bildirib ki, bu kəndlər əhali sayına görə böyük kəndlərdəndir və onların hər birinin sadəcə bir məktəbi var və ümumi istilik sistemləri olmayan həmin məktəblər təhsil üçün yaxşı vəziyyətdə deyil. Bu məsələ ilə bağlı Təhsil naziri Mikayıl Cabbarov ilə danışdığını deyən millət vəkili Qənirə Paşayeva hökumətə həmin kəndlərdə yeni məktəb tikintisi ilə bağlı rəsmi müraciət göndərdiyini də bildirərək, bu məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhsil və yeni məktəb tikintisi sahəsində böyük işlər görüldüyünü və Tovuzda da yeni məktəblər tikildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hökumətdən bu kəndləri də diqqətdə saxlamağı və maliyyə ayrılmasını xahiş edib.

Tarix
2017.11.22 / 01:01
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla