Ana səhifə Toplum |
1967-ci il noyabrın 6-dan istismarı başlanmış Bakı Metropolitenində Azərbaycan müstəqillik qazanana qədər gediş haqqı 5 qəpik (Sovet pulu ilə) olub.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov paylaşıb.
1992-ci il yanvarın 4-də Bakı Metropolitenində ilk dəfə gediş haqqı dəyişikliyi edilib. Qərara əsasən, qiymətlər 15 qəpik olub. Yeni qiymət 1992-ci il martın 1-nə qədər qüvvədə qalıb. Həmin tarixdən bir sərnişinin daşınma qiyməti 30 qəpik olub.
1992-ci ilin iyun ayından gediş haqqı 1 manat olub. Həmin vaxtdan jeton sistemi tətbiq edilməyə başlanıb.
Həmin il dekabrın 17-də qiymətlər yenə dəyişib və 3 manat olub.
1993-cü ildə qiymətlər iki dəfə dəyişib. İyulun 26-dan metropolitendən istifadənin qiyməti 5 manat, dekabrın 1-də isə 30 manat təyin edilib və ödəmə vasitəsi kimi talon sisteminə keçilib.
1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilməklə sərnişinlər gediş haqqını milli pul vahidi – Azərbaycan manatı ilə ödəməyə başlayıb. O vaxt bir jeton və ya bir gediş sərnişinə 3 manata başa gəlirdi.
1994-cü il fevralın 15-də yenidən talon sistemi tətbiq edilməklə gediş haqqı 5 manat olub. Həmin il iyulun 1-dən jeton sisteminə qayıdış olub. Metropolitendən istifadə isə 20 manat müəyyən edilib. 1994-cü il noyabrın 7-də sərnişin 50 manat (indiki məzənnə ilə 1 qəpik) ödəməklə metropolitendən istifadə etməyə başlayıb. Həmin il dekabrın 15-dən gedişin qiyməti 100 manat (indiki məzənnə ilə 2 qəpik) olub.
Qiymətlər 1995-ci il fevralın 5-də dəyişib və 300 manat təyin edilsə də, cəmi 6 gün sonra 150 manata endirilib.
Sonrakı qiymət dəyişikliyi 1996-cı il iyunun 27-də olub. 250 manata olan (indiki məzənnə ilə 5 qəpik) gediş haqqı 10 ilə yaxın dəyişməz qalıb. Bu dövrdə Bakı metrosu, yeraltı dəmir yolları şəbəkəsində gediş haqqı bütün dünya metropolitenləri arasında ən ucuzu olub.
2006-cı il yanvarın 1-dən yeni milli pul siyasətinin nəticəsi kimi qiymətlər də yenilənib. Yeni Azərbaycan manatı ilə gediş haqqı 5 qəpiyə bərabər olub. Həmin il martın 1-dən gediş haqqının yeganə ödəmə vasitəsi 2 manat dəyərində girov haqqı ödənişi olan plastik kartlara keçilib. Kartı metropoliten kassalarından əldə edərkən, sərnişin həm də ən azı bir gediş yüklətdirməli idi.
30 sentyabr 2009-cu ildə Tarif (Qiymət) Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən gediş haqqının 15 qəpik olması barədə qərar qəbul edilib.
2011-ci il noyabrın 24-də Tarif (Qiymət) Şurasının qərarına əsasən, dekabrın 1-dən gediş haqqı 20 qəpik həddində müəyyənləşdirilib.
2015-ci il avqust ayının 8-dən Bakı Metropolitenində gediş haqqının ödənilməsi “BakıKart” sistemi ilə həyata keçirilir.
Tarif (Qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında bu il avqustun 1-dən gediş haqqı 30 qəpik müəyyən olunub.
Tarix
2018.09.13 / 00:25
|
Müəllif
Nigar İxtiyarqızı
|