Yuxarı

Yuxulu Bakı, Şahmalıoğlu və olmayan Dərbənd yolu – I yazı/Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbənd, Dərbənd ətrafında olan söhbətlər bu "Vətənin qıraqda qalan" yerinə birdən-birə dəli bir istək oyatdı bizdə: elə bu istəklə də şənbə günü Bakını yuxuya verib, ayaqlarımızın ucunda paytaxtın qapısına yaxınlaşdıq - Beynəlxalq Avtovağzala. Elə o ehmalla, Bakı yuxudan durmasın deyə, qapını azca aralayıb, yavaşca aradan çıxdıq...

Yanıldım deyəsən. Bakı yatır ki! Dünyanın bütün meqapolisləri kimi Bakı da yatmır. Yatan Dərbənddir – gecə ikən qapısını döymək istədiyimiz "Temir Kapığka"- Dəmir Qapı və əslində, Qərib Dərbənd...

Dərbənd yolu

Yoxdur belə ifadə... Şirvan yolu var, Təbriz yolu var, Göyçə yolu var... Amma Dərbənd yolu yoxdur.

Sanki Səfəvilər Azərbaycandan ayrı düşən Şirvanın "yolunu" görürdülər – tapdılar da.

Sanki Təbriz, Göyçə yollarını görürük – tapacağıq inşallah! Bəs, niyə Dərbənd yolunu görmürük, bu hissi təhtəlşüuru də olsa, təfəkkürümüzdə yaşatmırıq?

Ümidimiz bu qədərmi kəsilib?

Allah eləməsin!..

Jurnalist olduğumuzu bilən taksi sürücüsü yuxumuzun kal vaxtında durmadan suallar veriridi:

- Sən Allah, siz bilməmiş olmazsınız, deyirlər, benzinin qiyməti 1 manata qədər qalxacaq? Düz söhbətdir?

Heç benzinin yeridir?

"Qabağa düşən" taksi sürücüsü

Sürücümüz hər dəfə benzinin qiymətinin qalxma ərəfəsində necə "ağıllı tərpənməyini" nəql eləməyə keçdi. Sanki Bakı-Ceyhanın nəqlini bir başa taksisindən keçirmişdi:

"Son 2 dəfə benzin qalxmamışdan qabaq xəbər tutmuşdum deyə, "bak"ı doldurub bir az qabağa düşdüm, qardaşoğlu".

- Babat qabağa düşübsən a, əmi...

- Hə, vallah...

Milli sürücümüz ilə sağollaşıb gömrüyü keçmək üçün Dövlət Sərhəd Xidmətinin (DSX) "pasport nəzarəti" yerinə yaxınlaşdıq. Dərbəndə səfərimizin səbəbi ilə maraqlandıqdan sonra sənədləri özümüzə geri qaytardılar. Rusiya gömrüyündən də problemsiz keçdikdən sonra yolumuza davam etdik.

Səhər saatlarında Dərbəndə çatıb özümüzü bir kafeyə atdıq. Çaydan sonra 25 rubl (0,5 azn) çay pulunu ödəyib yolumuza davam etdik.

Elə bil Qubadayıq

Getmək istədiyimiz ünvanları soruşmaq üçün ətrafdan münasib adam axtarırdıq ki, polis özü bizə yaxınlaşdı. Sənədlərimizə baxıb Bakıdan gəldiyimizi biləndə canla-başla ünvanları bizə başa salmağa başladılar – başqa necə olmalıydı ki! Biz Vətəndəydik!

Bazarda hələ uzaqdan öz aralarında azərbaycanca danışanları görəndə daha da ürəklənib həmvətənlərimizə yaxınlaşdıq:

- Hə, Bakıdansınız, bizim tərəfə xoş gəlmisiniz. Nə kömək lazımdır, nə əcəb gəlmisiniz?

Sanki Qubada, Qusardayıq.

Dərbəndi yaxşı tanımamışıq

Dərbəndə gəlməzədən qabaq beynimizdə canlandırdığımız fikirlərin hamısının stereotip olduğuna yavaş-yavaş əmin olmağa başladıq. Vuran-tutan, qıran-dağıdan, dalaşqan dərbəndli obrazı sadəcə stereotipmiş. Düzdür, Dərbəndin küçələrində xanımlara elə də çox rast gələ bilməzsiniz. Ancaq rastlaşdığınız xanımlar sizdə onlar haqqında rahat və sərbəst insan təəssüratı yaradacaq.

Ziyarətimizə Azərbaycanın tarixi qalalarından olan, bütün dastanlarda və tarix kitablarında adı keçən, yüzlərlə savaşlara ev sahibliyi etmiş əfsanəvi Dərbənd qalasından başlayırıq.

Öncə vətən...

Dərbənd qalasına qalxan yolun üstündə bir mağazaya girdik. Qalaya tələsdiyimiz üçün yaşlı satıcı nənə ilə söhbət etməyi düşünmürdük. Ancaq bu vaxt satıcı nənəyə zəng gəldi. Telefonda səslənən bir mahnının tanış səsi bizi ayaq saxlamağa, nənəylə üç-beş kəlmə danışmağa məcbur elədi: Tacir Şahmalıoğlunun səsinin məsum vaxtında oxuduğu Abbas Səhhətin "Vətən"i.

Məlahət ana 60 ildir ki, Dərbənddə yaşayır. Deyir, Azərbaycanı, vətən eşqindən bəhs edən mahnıları çox sevir. "Vətən haradır" sualına isə belə cavab verir:

- Eeey, ay oğul... Bura vətəndir də elə...

Anons: Növbəti yazılarda II Dünya müharibəsinin davam etdiyi bir zamanda Stalinin qəfildən məscidləri açdırması və bunun səbəbi ilə bağlı olduqca maraqlı bir video təqdim edəcəyik.

Davamı olacaq...

Tarix
2014.04.15 / 13:25
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla