Yuxarı

Narkotiklə həbs olunan qadın: “Təhsil şöbəsində...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türmə əhvalatları" layihəsində

(Əvvəli burada)

Gülsüm xanım nə çəkinir, nə kimsədən ehtiyat edirdi. Sumqayıt böyük şəhər olsa da, Bakı deyildi. Çay içməyə gələn insanların demək olar hamısı bizim stola tərəf baxır, günün bu vaxtında qadının kişi məclisində - çay evində oturmasını qəbul edə bilmirdi. Hər halda reaksiyalardan bunu duymaq heç də çətin deyildi.

- Yox, səbirsiz deyiləm. Səndən ötrü bir qədər nigaranam. Axı burada tək qadın sənsən, bütün stolların arxasında oturanlar kişidir.

- Nə edək bəs? Mənə bura yaxşıdır. Təmiz havası var. Kimə görəsə gedib özümü bağlı yerə salan deyiləm ki… Xoşum gəlmir qapalı yerdən..

Bu onun bir müddət həbsxana həyatı yaşamasından da irəli gələ bilərdi. O hissləri çox yaşamışam, 10 saylı CÇM-də olanda açıq havada gəzmək belə mənə əsəb gətirirdi. Tikanlı məftillərlə qurşaqlanmış hündür daş hasarların o tərəfindəki həyat adama əlçatmaz görünürdü. "Görəsən orada insanlar indi necə nəfəs alır, nə düşünür, nə yeyirlər?" - düşüncəsi adamı tərk etmir. Başqa bir planetdə yaşayırsan, sanki. Qapalı mühitdə qalmaq məni necə bezdiribsə, indinin özündə belə, lap sərt qış havası olsa da, maşınımın pəncərələrini açıq qoyuram. O da qala dar bir otaqda, kamerada olasan, bu, doğurdan da bezdiricidir.

- Hər halda düşündüm ki, adamların stolumuza tərəf baxması səni sıxır, narahatsan.

- Yox, elə deyil. Mənim üçün burada sizdən başqa heç kəs yoxdur. Hər kəs öz dünyasının sakinidir. Mənim dünyamın, mənim həyatımın bugünkü hissəsində siz və bütün ömrüm boyu mənimlə olacaq keçmişim var. Mən o keçmişlə bu gün də birgəyəm, amma o keçmişi bu gün sizə danışmağın yolunu arayıram. Düzmü edirəm? Məni tanıyanların hamısı həbsimin necə baş verdiyini soruşur. Bunu bilsələr belə, sanki danışmağa başqa mövzuları yoxdur. Hələ istintaqın gedişində müstəntiq də, hakim də, dövlət ittihamçısı da sual verdi ki, necə oldu cinayətkar şəbəkənin üzvünə çevrildin. Cavab verdim, danışdım, heç nəyi gizlətmədim. Qohum, tanış da, qonşu da bildi. Amma olanların üstünə olmayanları da qoydular, danışmaqdan bezmədilər. Vicdanları bilər…

Gülsüm xanım danışdıqca stolun üstündəki salfeti barmağına dolayır, sanki üzük düzəldir, salfetin düyünlənən yerini üzük qaşına bənzədir, sonra yeni bir salfet götürür, təkrar edir. Qəfildən gözlərimə baxır. Bu vaxta qədər mən tərəfə baxanda baxışları çiynimin üstündən uzaqlara dikilirdi.

- Mən yoruldum sizə "siz" deməkdən… gəl belə edək, keçək "sən"ə.

Bununla da müraciətimizə bir qədər də doğmalıq əlavə olundu.

- Amma sənə özüm danışacam. Özü də sənin bu yazının qəhrəmanı tək mən olmayacam, qadınlarımızın hamısı olsun, qoy bu yazıda onların hər biri öz günahlarını görsün, etiraf etsin…

Gülsüm xanım ətrafa boylandı, yaxın-uzaq stollara nəzər saldı. Sonra yenə də söhbətinə davam etdi:

- Məni qohumlarım tutdurdu, desəm, yalan olmaz. Mən indi onları qınayıram, düzdür, amma özümü daha çox qınaq, günah sahibi kimi görürəm. Heç kəsi məcbur edib nəyəsə təhrik etmirlər. Düzdür, şirinlikləşdirmə, təsir etmə, aldatma olur. Amma dirəniş göstərib, zor tətbiq etmə hallarına təsadüf etmədim.

Gülsüm xanımın nə vaxt əsas mövzuya qayıdacağını gözləmək məni bezdirib artıq. Sözünü də kəsmək istəmirəm. Narazı qalmağımı isə nə iləsə bildirməliyəm. Amma buna ehtiyac qalmır. Xanım danışır:

- Demək, mən təhsil şöbəsində işləyirdim, metodist idim. Mənə hörmət edir, xətrimi istəyirdilər. Şəhərimizdə keçirilən dövlət tədbirlərinə dəvət olunurdum, bəzilərinin hətta təşkilatçısı da mən olurdum. Hər kəs məni daha qabaq cərgədə görürdü. Elçilərim qapıdan boynubükük qayıdırdı, karyeramı quracaqdım. Belə bir vaxtda qohum-əqrəba da çox olur. Hələ İrandan gələn qohumlarımızı demirəm. Onlar çox imkanlı idi. Bakıya gəldikdə bahalı otellərdə qalırdılar. Arada vaxt tapıb bizə də gəlirdilər. Hədiyyə, parça və ətriyyat, həna və sair gətirərdilər. Biz də onları pis qarşılamırdıq. Tacir idi qohumumuz, ticarətlə məşğul idi. Bir gün xanımı ilə bizə gəlmişdi. Mən evdə idim, sağollaşıb işə gedərkən qonağımız dedi ki, qızım, bu parçanı, filan yerdə adam var, zəng edim, yolunun üstündədir, ver ona. Yeni gəlmişdilər, rahatsız olmasınlar, deyə razılaşdım: - Nə olar, çatdıraram, - dedim. Elə də böyük bükülü deyildi. Apardım, idarənin qarşısında cavan bir oğlanla yaşlı qadın dayanmışdı. Parçaya baxdılar, dedilər ki, bu nümunədir. Yaxşı satılsa, deyərəm, gətirərsən. Bunu siz bilərsiz, dedim, mən sadəcə qohum xahiş etdi deyə gətirdim. Beləliklə, təxminən 3-4 gündən sonra həmin qadını idarənin qarşısında gördüm. Dedi ki o parçadan yenə gətir. Dedim, mən alverçi deyiləm, kiminlə danışmısansa de, gətirsin. Qohum isə artıq iki gün idi ki İrana qayıtmışdı. Evdə anama dedim, anam dedi, əlaqə saxlasalar, deyərəm. Bir həftə sonra qapımızı döydülər. Tanımadığımız adamlar 5 top parça gətirmişdi. Dedilər, bunu sizə göndəriblər, zəng edib aparacaqlar. Beləliklə, mən özüm də bilmədən iki cinayətkar şəbəkənin vasitəçisinə çevrildim. Qaçaq yolla gələn parçaları zəng edib həmin qadına çatdırırdım. Qadın mənə pul verirdi. Mən o pulları parçanı gətirənlərə verirdim. Üstündən götürüb bizə də verirdilər. Anam götürürdü, zəhmətimizin haqqıdır, deyirdi. Hər dəfə də verilən pul maaşımdan çox olurdu. Sonradan gələn qaçaq malların içərisində İran hənası, xurma da olurdu. Və mən də onları həmin qadına çatdırırdım. Bizim üçün də bağlama qoyulurdu. Amma satış üçün göndərilən bağlamalar bizə göndərilənlərdən fərqli rəngdə, ölçüdə olurdu.

Artıq özüm də marağında idim bu ticarətin. İşimlə bir araya sığmasa da, varlanırdım. Doğrusu, hənaya, ətriyyata görə bizə bu qədər zəhmət haqqı verilməsi də məni düşündürmürdü. Hər şey yaxşı idi. Qardaşıma maşın da aldıq. Onun üçün bir ticarət obyekti açdıq. Evləndirdik.

Çay çoxdan qurtarıb; stolumuzdan nəzərini yayındırmayan gənc çayçıya işarə edirəm, çay gətirir. Araya sükut çökür.

- Və… - mövzuya qayıdıram.

- Bir müddətdən sonra qohumların zəng kəsildi. Bizə göndərilən malları gətirənlər də, aparanlar da qeybə çəkildi. Özümüz narahat olduq. İrana zəng etdik. Qohumumuzla danışdıq, səhhəti, işi ilə maraqlandıq. Dedi ki, başı bir qədər qarışıqdır, vaxt tapıb gələcək. Gəlmədi. Əvəzində isə evimizə polislər gəldi. Axtarış apardılar. İrandan gətirilən hədiyyələri tapdılar, məni və anamı şöbəyə apardılar. Məlum oldu ki, göndərilən hənanın, xurma bağlamalarının içində narkotik maddə varmış və biz özümüz də bilmədən bunun paylaşmasında, yayılmasında iştirakçı olmuşuq.

- Bəs iranlı qohum necə oldu? Həbs olundumu?

- Yox, o, guya ki indi də axtarışdadır. Amma bu məsələ ilə bağlı böyük bir dəstə həbs olundu.

Gülsüm xanım onu da dedi ki, qohuma inanması və zəhmət çəkmədən varlanmağa həvəsli olması onu həbsxanaya qədər gətirib çıxarıb və bu onu bir an da rahat buraxmır.

- Geridə qalan xoş və qara zolaqlı günlərimə heç qayıtmaq istəmirəm. Hər şeyi yenidən başlamaq istəyirəm, amma bacara biləcəmmi?

- Gülsüm xanım, bəs səninlə həbsxanada necə davrandılar, oraların qayda-qanunlarına necə uyğunlaşdın?

(ardı var)

Tarix
2015.09.09 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla