Yuxarı

Xomeyni Qorbaçova nəyi başa salmağa çalışıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin memuarında Azərbaycanla bağlı bir sıra məqamlar var.

Axar.az qeyd olunan məqamların vacibliyini nəzərə alaraq sabiq prezidentin qeydlərini təqdim edir:

Ordunun Əfqanıstandan çıxarılması

Sovet İttifaqının yeni daxili və xarici siyasəti köklü və prinsipial dəyişikliklər tələb edirdi. Tezliklə həllini tapmalı və dayandırılmalı olan müharibə - Əfqanıstan müharibəsi idi. O, bir çox ölkələrin daxilində və xaricində böyük narazılıqlara səbəb olurdu.

1985-ci ilin axırlarında, dekabr ayında Əfqanıstan Kommunist Partiyasının baş katibi Babrak Karmal, təhlükəsizlik xidmətinin rəhbəri Nəcib, yəni Nəcibulla ("Nəcib" və "Nəcibulla" arasıqdakı fərqi Nəcibulla özü sonradan izah etdi - gənc olarkən Nəcib çağırmışlar, yaşa dolandan sonra isə hörmət əlaməti olaraq Nəcibulla çağırmağa başlayıblar) və 4-5 nəfər vəzifəli şəxs Moskvaya gətirilərkən mən nazir vəzifəsinə yenicə təyin olunmuşdum.

Yanılmıramsa, onlarla birgə tədbirdə Qorbaçov, Qromıko və mən iştirak edirdik. Əfqanıstan nümayəndə heyətinin üzvləri, təbii olaraq, bizə adicə hesabat verirdilər. Nəyin necə olması, yaxşılaşması, daha da pisləşməsi barədə danışırdılar. Çox ağır bir təəssürat yarandı. Mən və Qorbaçov gec və ya tez bu məsələni həll etməli idik. Ordunu Əfqanıstandan çıxarmalı idik, çünki bizim orada heç bir işimiz yox idi. Öz ölkəmizdə həll olunmalı münaqişələr o qədər idi ki. Həm də Əfqanıstan dibi görünməyən quyuya bənzəyirdi - humanitar və maliyyə sərvətlərinin dibi görünməyən quyusuna. Lap hər şeyi qoyaq bir kənara, siyasi, humanist və hərbi aspektlərlə bizim ölkə artıq bu yükü daşıya bilmirdi.

Bizim bu barədə Biçvintada söhbətimiz olmuşdu. Qorbaçov o zamanlar heç baş katib vəzifəsində çalışmırdı. Baş katib rolunda isə çox ehtiyatlı idi. İki dəfə xatırlatdım, o isə razılaşdı və onlara dedi: "Bizim ordu çıxarılacaq. Nə qədər istəsəniz silah verəcəyik. Nə istəyirsinizsə verəcəyik, amma özünüz müharibə edin". Qonaqlar bunu gözləmirdilər: "Fikirləşərik, amma bizimçün çox çətin olacaq".

Qorbaçov sərt şəkildə təkrarladı: "Bizim ordu Əfqanıstandan çıxarılmalıdır, silahı saxlayacağıq. Nə qədər istəsəniz əlavə silah da verə bilərik. Ordunuzu silahlandırın və onlar bizim ordunu əvəz etsinlər".

2-3 il keçdi, amma heç nə dəyişmədi. Partiyanın XXVII qurultayının dəqiq tarixi təyin olunmuşdu. Qorbaçovdan xahiş etdim ki, hesabat məruzəsinin tərkibinə Sovet ordusunun Əfqanıstandan çıxarılma məsələsini də daxil etsin. Qorbaçov xahişimi yerə salmadı, amma "politburo" üzvləri arasında böyük hay-küyə səbəb oldu. Görünürdü ki, hamı razı deyil, amma açıq şəkildə qarşıdurmaya da cəsarət etmədilər. Bu hay-küy məndə şübhəyə səbəb oldu. Fikirləşdim ki, birdən sözündən dönər.

Qurultaydan əvvəl, gecə saat 12-də məruzənin axırıncı variantı paylandı. Qaydalara görə "politburo" üzvləri onu oxumalı idilər.

Oxudum. Bəs Əfqanıstan məsələsi haradadır?! Yoxdur… Gecə saat 1 olardı. Qorbaçovun evinə zəng etdim. Onunla danışmaq çətin məsələ idi, amma mən zəng edərkən həmişə cavab verirdi.

Zəng etdim və dedim: "Məruzənin axırıncı variantı əlimdədir. Burada Əfqanıstan barədə heç nə yazılmayıb".

- Mojet nemnojko povremenim? - Beləcə cavab verdi.

"Mən bu məsələni öz çıxışımda qaldıracam. Bunun zamanı artıq yetişib. Xalq məni dəstəkləyəcək, siz isə pis vəziyyətdə qalacaqsınız" - dedim.

- Çto tı, çto tı, razve tak mojno?

Təkrarladım ki, sözlərim bütün ciddiliyini büruzə verə bilsin.

- Budet, - deyə cavab verdi - zavtra ə vosstanovlö etu formulirovku.

Səhər işə gedərkən zəng etdi. Mən artıq otaqda idim və qurultaya getməyə hazırlaşırdım. Dostcasına və bir az da istehza ilə dedi:

- Tvoe zadanie vıpolneno.

Bunu kiminsə düzgün anlamamasını istəmirəm, ona görə də bir az açıqlama vermək istəyirəm.

Doğrudur, Xarici İşlər Nazirliyindən yuxarı çox təşəbbüs gedirdi, amma orada "politburo" və baş katib Mixail Qorbaçov dayanmışdı. Hər bir prinsipial qərar əvvəlcədən onunla və "politburo" ilə razılaşdırılırdı. Detallarında olmasa da, əsas istiqamətində. Əfqanıstana gəldikdə isə, mən bu ölkənin problemləri ilə tanış idim. Əfqanıstanda ən azı 10 dəfə olmuşdum (Mənimlə birgə, adətən, təhlükəsizlik nazirinin müavini Vladimir Kryuçkov olurdu).

Qorbaçovun məruzəsində təxminən belə bir prinsipial ifadə var idi: "Mı xoteli bı uje v samom blijayşem buduhem vernutğ na rodinu Sovetskie voyska naxodəhiesə v Afqanistane". Bu ifadə minlərlə insanın həyatının xilası demək idi.

1988-ci ilin 5-7 yanvarında Mərkəzi Komitənin katibi Anatoli Dobrininlə birgə Əfqanıstana uçduq. Əfqanıstan məsələsinə toxunulduğuna görə sürətlə hərəkət etməli idik. Əfqanıstan KP-nin katibi Nəcibulla, nazir A.Vəkil, müdafiə naziri Raf, təhlükəsizlik naziri Yaqub, daxili işlər naziri Gülyabzoy orada idilər.

Dediklərinə görə, vəziyyət çox ağır idi. Demədikləri isə?..

Nəcibulla görüş zamanı dedi: "Beynəlmiləl hərbçilər arasında sizin həmvətənləriniz də var. 1649 nəfər qafqazlı var. Onların 314 nəfəri gürcüdür". Bilirdim, amma hiss etdirmədim. Ora yalnız qıran və qırılan Sovet hərbçilərinə görə, yaxud da yalnız əfqanları xilas etmək üçün getməmişdim, eləcə də bu ölkədə heç bir işi olmayan qafqazlıları və gürcüləri xilas etmək üçün getmişdim. Düşünürdüm ki, heç olmasa 1 nəfəri belə xilas etsəm, axirətdə sorğu-sual zamanı o da hesab olunacaq.

Sonra isə Moskvada "politburo" üzvlərinin dəstəyini qazanmaq üçün onların qarşısında məruzə ilə çıxış etdim və gizlətmədən hər şeyi onlara açıq şəkildə söylədim. Dedim ki, Əfqanıstan müharibədən yorulub. Əfqanların çoxu biz tərəfdə deyil. Biz onlara heç nə verə bilmədik. Ölkədə hər şey dağıdılıb və viran qoyulub. Əhali aclıq içindədir. Ordu müharibə üçün yararsızdır. Çox adam "ölü ruh" kimi yaşayır. Əsgərlərin və zabitlərin pulunu mənimsəyirlər. Hərbi xidmətdən yayınanlar da çoxdur… sonra isə əlavə etdim: "Əfqanıstan, dibi olmayan quyudur. Həmin quyuya çoxlu pullar tökülür, qədərini mən bilmirəm. Yaponların və amerikalıların sözlərinə inansaq, bu rəqəm ildə 2 milyarda qədərdir. Bununla yanaşı, orada yalnız bizim xalqımız həlak olmur, eləcə də bizim nüfuzumuz təhqir olunur. Sözün qısası, Əfqanıstan elə bir bataqlıqdır ki, getdikcə bizi öz içərisinə tərəf sürükləyir. Oradan imkan olduğu qədər tez çıxmalıyıq, amma nə dostlarımızı tək buraxmalı, nə də ki, ölkəni sahibsiz qoymalıyıq. Ordunu Əfqanıstandan çıxarmaq, ilk növbədə, Sovet İttifaqının təhlükəsizliyi, onun xarici və daxili problemlərinin həlli üçün vacibdir".

Ən çətini isə əfqan hərbçiləri ilə görüş idi. Ağzına qədər dolu olan zalda yalnız mən danışırdım. Məni dəhşət doğuracaq sükutla qarşıladılar. Nə suallar var idi, nə də çıxışlar. Görünürdü ki, "generalitet"in bir hissəsi Əfqanıstandan çıxmaq istəmirdi. Niyə? İnsanlar həlak olurdu axı?! Silah və narkotik alveri, orada yüksək həddə çatırdı. Bunları demək çətin idi, amma gizlətməzdim ki?! Onu da qeyd etmək istəyirəm ki, zalda ölkənin sədaqətli və namuslu zabitləri də otururdu, amma onlar da susurdular - bu murdarlığa toxunmaq istəmirdilər. "Vətənə dönürsünüz. Orada sizi ailələriniz gözləyir", - deyə elan edərkən də heç nə demədilər. Cavabında ortalığa məzar sükutu çökdü.

Mənim üçün bu səssizlik bir qədər aydın idi. Onları vətənlərində nəyin gözlədiyini heç kim bilmirdi, əlbəttə ki, ənənəvi evsizlik, kasıblıq, məğlub olmuş ordunun təhqir edilmiş nüfuzu… Mən onları anlayırdım, amma həyat və ölkə başqa bir doğru yolla getməli, bu müharibə dayandırılmalı idi.

Bu görüş məni çox təsirləndirdi və orduda vəziyyətin gərgin olması fikrini möhkəmləndirdim. Sonra komissiyanın sədri kimi, bir neçə dəfə hərbçilərlə görüşdüm. Onlara izah edirdim ki, ordunun çıxarılması barədə prinsipial qərar qəbul edilib. İndi isə çalışmalıyıq ki, hər şeyi tez və qurbansız həll edək.

Bilirsiniz ki, Əfqanıstanda çox çətin yollar var. Ona görə də, nə pusquda durmaq, nə də diversiya istisna edilir. Əfqanlar isə Sovet ordusunun çıxarılmasını alqışlayırdı və onlar tərəfdən heç bir müqavimət qeydə alınmadı. Heç bir Sovet əsgəri həlak olmadı, silahı da onlara saxladıq. Sözsüz ki, bizi dəstəkləyənlərə.

Bir neçə vaxt keçdikdən sonra, mən və Qorbaçov, Nəcibulla və ölkənin digər rəhbərləri ilə Daşkənddə görüşdük. Maraqlıdır ki, biz Daşkənddə olarkən Əfqanıstanın xarici işlər naziri Cenevrədə bəyan etdi:

"Mən ordunun çıxarılması barədə heç nə bilmirəm və bunun əleyhinəyəm. Əfqanıstan bununla razılaşa bilməz". Böyük hay-küy yarandı. Sonra Əfqanıstan lideri Nəcibulla zəng etdi və izah etdi ki, bu, həll olunmuş məsələdir. Mən ona görə bu məsələnin altına xətt çəkdim ki, siyasi və psixoloji baxımdan ordunun çıxarılmasının necə çətin olduğunu izah etmək istəyirdim. Əfqanıstandan çox adam tabutla qayıtdı, çox adam isə əlil oldu. Onlardan da çox adam həlak oldu və ya ömrünün sonuna qədər bədbəxtliyə məhkum olundu. Onu da qeyd etməliyəm ki, bir çox Sovet generalı və zabiti milyonçu oldu. Onlar silah və narkotik alverilə "əllərini isitdi"lər. Açıq çıxışlarımın birində buna işarə də etdim: "Bu cür siqnallar eşidilir" - dedim.

Hər nə cür olsa da, ordunu Əfqanıstandan salamatçılıqla çıxardıq. Sonra isə Əfqanıstana yardım prosesinin kuratorluğu mənə həvalə olundu. Burada da həll olunmalı çoxlu problemlər mövcud idi. Silah ötürülməsindən başlamış, humanitar yüklərə və nəqliyyata qədər hər şey problem yaradırdı. Xarici işlər naziri hara, nəqliyyat hara? Amma nə edə bilərdim? "Politbüro"nun qərarına tabe oldum, amma bir şərtlə: istədiyim hər şeyi verməli idilər. Əfqanıstan rəhbərliyi ilə əlaqə saxladım və dedim ki, tezliklə nə istədiklərini və nə qədər istədiklərini mənə bildirsinlər. Doğrudan da, ilk yardımı həmin andaca göndərdik. İkinci yardım payı da göndərildi, amma sonra mən vəzifəmdən uzaqlaşdım. Əfqanıstan nəzərdən kənarda qaldı. Nəcibulla öz nüfuzunu qoruyub saxlaya bilərdi. Nəcibulla - Əfqanıstanın o vaxtkı I şəxsi mənimlə dostluq edirdi. Çox gözəl insan idi. 38-39 yaşlarında olardı. Ağıllı və ziyalı idi. Cəsarətli çıxışları var idi. Gözəl ailə sahibiydi. Həyat yoldaşı çevrilişdən sonra qovulmuş padşah Məhəmməd Davudun nəvəsi idi.

Yeri gəlmişkən, Məhəmməd Davudun Sovet İttifaqı ilə yaxşı əlaqələri var idi. 1927-ci il inqilabından sonra Sovet İttifaqını tanıyan ilk ölkə Əfqanıstan oldu. Bir-birinə yardım etmək barədə müqavilə də imzalanmışdı, amma yenə də Əfqanıstan Kommunist Partiyasının baş katibi Tarikin köməkliyilə çevriliş həyata keçirildi. Sonra isə hər şey bir-birinə qarışdı. Əfqanıstan bu gün də yaxşı vəziyyətdə deyil.

O zaman Nəcibullaya dedim: "Bəlkə padşahın sənə toxunmamaq şərtilə geri qayıtması məsələsini müzakirə edək". "Gəlməz" - dedi.

Lakin yenə də Məhəmməd Davudla danışmaq üçün İtaliyaya, onun yanına getdim. Öz böyük villasında istiqanlılıqla qarşıladı. Dedi: "Sizin Əfqanıstana qarşı münasibətinizdən xəbərdaram. Bu barədə daim məlumat alıram". Vətənə dönmək və ölkəyə rəhbərlik etməyi təklif etdim. Qəti şəkildə imtina etdi: "Orada münasib vəziyyət mövcud deyil. Çox güman ki, hər şey bir-birinə qarışacaq. Əfqanları məndən yaxşı heç kim tanımır. Siz hesab edəcəksiniz ki, nəsə həll etdiniz. Sonra isə sizə deyəcəklər ki, siz heç nə etməmisiniz və sizə qarşı ittiham irəli sürəcəklər. Belə ki, nəinki mən, bunu heç sizə də məsləhət görmürəm".

Amma oraya amerikalıların daxil olmasından sonra hökmdar Vətənə qayıtdı. Görünür, o vaxtlar Sovet İttifaqı onun gözündə öz inamını itirmişdi. Doğrudan da çoxlarının gözündə inamımızı itirmişdik.

"Cenevrə razılaşması"na əsasən, 1989-cu ilin 15 fevralında Sovet qoşunlarının Əfqanıstandan çıxarılması başa çatdı.

Sovet avantürası uğursuz şəkildə başa çatdı, amma əfqanların bədbəxtliyi bitmək bilmir. Sovet ordusunun ora daxil olmasının ardınca gələn vətəndaş müharibəsi faktiki olaraq bu gün də davam edir. Mən bunu o zaman da çox gözəl başa düşürdüm. Bilirdim ki, ordunun çıxmasından sonra ölkədə vəziyyət gərginləşəcək. Bizim tərəfimizdə olanlar hesabat verməli olacaqlar. Nəcibullaya və onun həyat yoldaşına yaşamaq üçün Sovet İttifaqına köçmələrini təklif etdim. Hər ikisi imtina etdi: "Qəriblikdə yaşamaqdansa, burada ölməyimiz yaxşıdır. Biz xoşbəxt sonluğa və ya acı ölümə qədər burada qalacağıq".

Doğrudan da, hər ikisi həyatlarını faciəvi surətdə bitirdilər - hər ikisini asdılar. Bu günah, Sovet ordusunu oraya daxil edən və xalqın sakit həyatını qarışdıran adamların hesabına yazılmalıdır.

Öz həyat tərzini digərinin üzərində tətbiq etmək həmişə bu cür nəticələr verir. Xalqın dünyagörüşü, mədəniyyəti və dini üst-üstə düşmürsə, bununla birgə özləri bu xüsusiyyətləri eyniləşdirmək istəmirlərsə, bir qayda olaraq, pis nəticələrə gətirib çıxarır.

Dünya və orada müharibə edən Sovet, yaxud da əfqan oğullarının anaları Sovet ordusunun Əfqanıstandan çıxarılmasını yaxşılıq kimi qəbul etdilər. Elələri də var idi ki, bu humanizm aktını az qala dövlətə xəyanət hesab etdi. Onların fikrincə, günahkar Qorbaçov və ya "politburo" yox, yalnız mən idim. Sovet ordusunun Avropadan çıxarılması və Almaniyanın birləşdirilməsi kimi digər addımlarda da "günahkar" mən idim. Nüfuzlu "Literaturnaya qazeta"da onlara birbaşa cavab yazmağa məcbur oldum: "Bizim ölkə böyükdür, amma nəyi ilə? Ərazisi ilə, əhalisinin çoxluğu ilə, silahla, yoxsa milli bədbəxtliklərlə? Burada fəxr olunası nə var? Əgər bizdə uşaqların ölüm göstəricisi ən yüksəkdə dayanırsa, nəyik və nə olmaq istəyirik: hamının qorxduğu bir millət, yoxsa hamının hörmət etdiyi bir millət?"

Sözün düzü, bu məktub, mənim üçün ən hörmətli insanlara - müəllimlərə yönəldilmişdi. Onlar sonradan parlamentdən dünyanı yumruqla hədələyəcək və ya döyüş filmi sayaq "Derjava" adı ilə başqasının evini və dövlətini partladacaq öz oxşarlarını tərbiyə edirlər. Haqqın yalnız sənin tərəfində olduğunu düşünmək və başqa cür düşünənləri məhv etməyə hazır olmaq - bu, çox dəhşətlidir.

Ayətullah Xomeyni ilə tarixi görüş...

Dünyanın bir çox yerlərində olmuşam. Amerika və Skandinaviyadan başlamış Yaponiya, Afrika və Avstraliyaya qədər hər yerdə. Bir-birindən olduqca böyük fərqlərlə seçilirlər - salamlaşma jestləri də müxtəlifdir. Bu reallığın müxtəlif ifadələrlə dərk edilməsi bəzən anlaşılmazlığın əsasına da çevrilə bilər. Bu baxımdan 1989-cu ildə İrana - Ayətullah Xomeyninin yanına səfərimi xatırlayıram. Həmin vaxt üçün İranla, demək olar ki, ilıq əlaqələrimiz var idi. O, yeddi il ərzində Sovet İttifaqının dostu İraqla müharibə aparırdı. Bu zaman bizim ordumuz Əfqanıstanda idi və nəticə o idi ki, Rza Pəhləvinin istefasından sonra, Sovet İttifaqından yeddi il ərzində heç bir rəsmi şəxs İrana getməmişdi. Sözün qısası, bu müddət ərzində İranla heç bir əhəmiyyətli əlaqələrimiz olmamışdı. Qərara alındı ki, Şərq turnesi həddində Suriya və İraqdan sonra İrana getməli və iki dövlət arasında olan əlaqələri həll etməli idim. Əlaqələrin normallaşdırılması istəyi İran tərəfdən də hiss olunurdu. 1989-cu ilin 4 yanvarında Xomeyninin şəxsi nümayəndəsi Ayətullah Cavad Amol vasitəsilə Qorbaçova göndərilən 6-7 səhifəlik məktub bunun ən əhəmiyyətli ifadəsi idi. Xomeyni heç bir dövlət vəzifəsi icra etmirdi, amma ruhani lideri və faktiki olaraq I şəxs idi.

Fevralın 25-də Mixail Qorbaçovun İmam Xomeyniyə olan cavab məktubu ilə Tehranda idim. Xomeyninin məktubu Qorbaçovu çox düşündürdü. Cavabında nə yazmalı olduğunu bilmirdi, mən də bilmirdim. Xomeyni öz məktubunda reallığa münasibətdə Qorbaçovun cəsarətini müsbət dəyərləndirirdi və qeyd edirdi ki, kommunizmin uğursuzluğu göz qabağındadır, amma İran lideri üçün heç bu da əsas deyildi. Xomeyninin məktubu dərin fəlsəfi mətndən ibarət idi. İmamın özü ərz edirdi: "Mən Qorbaçovda ölümdən sonra mövcud olacaq ali və daimi həyat barədə təsəvvür yaratmaq istəyirdim. Mənim məktubumun əsas mənası bu idi".

Sovet İttifaqı Kommunist Partiyasının ateist lideri İranın ali ruhani şəxsinin bu teoloji söhbətinə, sözsüz ki, qoşula bilməzdi. Qərara alındı ki, Qorbaçovun məktubu bizim iki dövlət əlaqələrimiz, onun inkişafının gələcək perspektivləri və region münaqişələrinin müzakirəsi ilə məhdudlaşdırılsın. Mənim ora getməyim İran üçün çox şey demək idi. Mən gedənə qədər, İran mətbuatının rəhbər şəxsləri bu səfərə böyük ümid bəsləndiyini yazmışdı. İmam Xomeyni ilə gələcək görüşümüz və Qorbaçovun cavab məktubu böyük marağa səbəb olmuşdu. Xomeynidən başqa İranın rəhbər şəxsləri - İran prezidenti Xəmnei, baş nazir Musəvi, parlament sədri Rəfsancani, xarici işlər naziri Vilayəti ilə (onunla yaxın dostluq əlaqələrimiz var idi. O, ixtisasca həkim idi. Çox ziyalı və müdrik insan idi. Heç cür fanatiklərə aid etmək olmazdı) rəsmi görüşlər planlaşdırılmışdı. Tehranın siyasi dairələrinin fikrincə, Sovet xarici işlər nazirinin İrana səfəri böyük əhəmiyyət kəsb edirdi. Ona görə ki, imam Xomeyniyə Qorbaçovun cavab məktubunu aparırdım. Bu cavab məktubu onlar üçün regionda proseslərin sonrakı inkişafı nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik idi. Səfər eləcə də, Qərbin, xüsusilə də Amerikanın İran İslam Respublikasına sözlə kəskin ittihamı və son 10 il ərzində onunla əlaqələrini keyfiyyətcə ən aşağı səviyyəyə endirməsi baxımından da əhəmiyyət kəsb edirdi. İrana səfərin uğur açarı Qorbaçovun məktubunun məzmunundan asılı idi. Gedən kimi, xarici işlər naziri Vilayəti bildirdi ki, imam mənimlə görüşməyə hazırdır. Görüşə mən də böyük ümid bəsləyirdim, ona görə də, nailiyyətlər arzusu ilə Xomeyninin müqəddəs şəhəri Quma yollandım. Xomeyni xəstə idi və həkimlərin qoyduğu qadağa əsasında heç kimi qəbul etmirdi. Mənimlə görüşə razılaşması istisna hal idi və sözsüz ki, bu da xarici işlər naziri olduğum həmin böyük dövlətə hörmət əlaməti idi. Lakin ola bilər ki, söylənilməmiş və ya gizli - tarixən daim mövcud olan başqa səbəblər də var idi: Gürcüstanda farsların (indiki İran) dövlət maraqlarını nəzərdə tuturam. Hər halda bu fikir də beynimdə fırlanırdı. Qar yağırdı. Xomeyninin yaşadığı yer yüksəklikdə yerləşirdi. Daxil olarkən, məsciddə olduğu kimi, ayaqqabılarımızı çıxarmalı idik. Çıxardıq və içəri corablarla daxil olduq. Bunun özü də narahatlıq yaradırdı. Diplomatik protokolun hər bir tələbinə uyğun geyim və ayaqqabısız olmaq rahatlığı pozurdu. İbadət etdiyin vaxt olduğu kimi yalqız olmamalısan, həmsöhbətin olmalıdır və onu öz doğruluğuna əmin etməlisən. Əvvəlcədən xəbərdarlıq etdilər ki, mən, imamın İran inqilabından sonra görüşdüyü ilk xariciyəm. Onun vaxtı məhdud idi və görüşümüz 15-20 dəqiqəni əhatə etməli idi. Oturduq və sükut içərisində gözləməyə başladıq. Otağa - Xomeyninin asketik yaşayış məskəninə göz gəzdirdim. Görünürdü ki, burada əsas şey həyat varlığının məna dərinliyinə varmaq idi. İmama heç nə mane olmamalı idi. Hər şey sadə idi - döşəməyə açıq boz rəngli xalça sərilmişdi. Sözün qısası, otaqda yalnız vacib şeylər mövcud idi. Otaqda mən və tərcüməçidən başqa ev sahibləri də var idi. Onlar imamın gəlişini səssiz sitayişlə gözləyirdilər.

Fikrim tarixə yönəldi. Fars şahlarının qəbulunda neçə gürcü bu cür oturub gözləyib. Doğrudur, mən başqa ölkə nümayəndəsiyəm, amma yenə də… Narahat gözləmə hissi bədənimə hopdu. Xatırladım ki, bu ölkənin böyük gürcü rəhbəri bir neçə vaxt bundan əvvəl öz həmkarları ilə Tehranda oturmuş və dünya əhəmiyyətli sahələri bölüşdürmüşdü… O zaman İranın taleyi əsasən bu gürcüdən asılı idi. Burada qar tez-tez yağmır, amma yağdıqda şaxtalar başlayırdı. Corabda olduğuma görə üşüməyə başladım. Təxminən 15 dəqiqə gözləməli oldum. Sonra bildim ki, İran rəhbərliyi ilə görüş bu cür qəbul olunub və 10-15 dəqiqə gec başlamalıdır. Bir neçə dəqiqədən sonra işarə etdilər: "Gəlir". Əvvəl oğlu göründü. O da hörmət əlaməti olaraq "gəlir" deyə işarə etdi. Orada qəbul olunmuş adətə əsasən, otağa qara əmmaməli və boz rəngli milli xalatda balaca, nurani, ağsaqqal bir qoca daxil oldu. Bizim kürsülərin yanında, taxtın küncündə əyləşdi. Təqdim etdilər. Ətrafımızda heç kəs görünmürdü, amma hiss olunurdu ki, mənim hər bir jestim, sözüm və ya əhəmiyyətsiz baxışım və pıçıltım da xüsusi diqqət mərkəzində idi.

Televiziyanı görə bilmədim. Heç kim görünmürdü. Vilayəti əvvəlcədən xəbərdarlıq etmişdi ki, görüşün xoşagələn istiqamətə yönəldilməsinin yeganə şansı Qorbaçovun yazdığı məktubun müzakirəsinin 15-20 dəqiqə ərzinə yerləşdirilməsidir. Salamlaşdım. Dedim ki, sizin məktuba cavab olaraq Qorbaçov məktub göndərdi. 15 dəqiqə dinlədi. Bəzən başını bulayırdı. Sonra isə sanki bir an fikrə getdi və cavabında dedi: - Mənim ümidim puça çıxıb. Eşitmişdim ki, Qorbaçov ağıllı insandır. Ona məktub göndərməyim heç də təsadüfi deyildi. Orada insanın rolu və yeri torpaqdakı yox, göydəki kainatda həll olunur. Məni yer üzündə baş verənlər maraqlandırmır. Mən ora - yuxarı baxıram. Bu barədə cavabı isə hələ götürməmişəm.

"Əlaqələrin normallaşdırılmasına gəldikdə isə, mən yardım edərəm", - bu sözləri razılıqla dedi. Söhbətimiz elə bundan ibarət idi. Sonra durdu və çıxıb getdi. Az da olsa əhvalım pozuldu. Çıxdım, ayaqqabılarımı geyindim. Buz kimiydilər. Hesab etdim ki, görüş də istədiyim səviyyədə baş tutmadı. Öz adamlarıma dedim: "Bəlkə planlaşdırılan görüşləri ləğv edək?" Xarici işlər nazirinin ləyaqətinin təhqir olunmasından ehtiyat edirdim. Vilayəti hər şeyi başa düşdü və dedi ki, zəng edərik. Sovet İttifaqını "incitmək" İran üçün həqiqətən də əlverişli deyildi. Xomeynilə görüşümdən sonra, İranın Sovet İttifaqındakı səfiri Xeyran Nobar bizimkilərlə əlaqə saxladı və xahiş etdi ki, İmam Xomeyni ilə görüşün işıqlandırılması üçün məni razı salsınlar. - İran tərəfi bu görüşü müsbət dəyərləndirmək istəyir və onu dostluq görüşü kimi dərk edir. Görüşün yalnız müsbət cəhətlərini qeyd edir. İran və Sovet rəhbərliyi əlaqələrinin inkişaf istəyinə xətt çəkiləcək. Şevardnadze Xomeyniyə Qorbaçovun məktubunun məzmununu danışarkən, imam qeyd olunan fikri dəstəklədi. İran tərəfinin hazırladığı məlumatda imamın bu replikaları tam əks olunacaq. Təəssüf ki, həkimlərin məsləhəti ilə bağlı olaraq görüş uzun müddət davam etdirilə bilməzdi. Onların fikrincə, söhbət onsuz da uzun sürdü. Mən görüşün İran tərəfdən bu mövqedən işıqlandırılması ilə razılaşdım və həqiqətən də heç yarım saat keçmədi ki, Vilayəti zəng etdi və dedi: "İmam çox razı qalıb. Tərcüməçiniz yanınızdadırsa, televizoru yandırın!" Televizoru yandırdım və nə görsəm yaxşıdır: "Bu tarixi bir görüş idi və bununla Sovet İttifaqı ilə əlaqələrin yeni mərhələsi başlanır! Görüş bir saat davam etdi. Bu cür presedent heç yerdə görünməyib. Qızğın görüş, qızğın sağollaşma… İmam Qorbaçovun məktubunu çox yaxşı dəyərləndirdi!" və getdi… Televiziya… radio… qəzetlər… Sanki izolyasiyada idilər və Qərbin qapısı indi açılmışdı. Orada iki gün qaldım. Şam yeməyi zamanı Vilayəti bir daha təkrarladı: - İmam görüşdən çox razı qaldı. "Bu, xüsusi bir görüş idi" - deyir imam (sözsüz ki, imamın razılığı olmasaydı Vilayəti bu cür bəyanat edə bilməzdi). - Amma o, bir-iki sözlə kifayətləndi. Hesab edirəm ki, normal söhbət edə bilmədik. - Siz görmədiniz, o, sizə üç dəfə baş əydi. Bu, bilirsiniz, nə deməkdir?! Dərin hörmət və diqqət nümayişi idi - deyə Vilayəti cavab verdi. Sözün qısası, hər bir jest, hər bir işarə, mədəniyyətin hər bir kodu özünəməxsus şifrələnmə tələb edir. Səfər öz nəticələrinə görə, doğrudan da tarixə yazıldı. Bu səfər İranda bu gün də yaddaşlardadır. Gürcüstana qayıtdıqdan bir neçə vaxt sonra, Rəfsancani Tbilisiyə səfər edərkən bildirdi ki, mən, Xomeyninin görüşdüyü ilk xarici idim. Xomeyni böyük şəxsiyyət idi. İranı, özü saldığı izolyasiyadan elə özü öz məktubu ilə çıxardı. Paradoks hesab olunsa da, demək istəyirəm ki, Gürcüstan və İranın yeni əlaqələrinin - tərəfdaşlıq əlaqələrinin əsası elə orada qoyuldu. İllər sonra mənim, Gürcüstan lideri kimi Rəfsancani, Xatəmi və İranın başqa liderləri ilə əlaqələrimi elə Xomeyni ilə görüşüm müəyyənləşdirirdi. Baxmayaraq ki, bəzən maraqlarımız üst-üstə düşmürdü (məsələn, neft məsələlərində). Sanki Xomeyninin sözsüz razılığı ilə Gürcüstan və İran arasında çox müsbət, xüsusi isti əlaqələr yaranmağa başladı.

Yeri gəlmişkən, İrana səfər edənə qədər Bəsrə şəhərində Səddam Hüseynlə görüşdüm. İraqda 12 min nəfərə qədər Sovet vətəndaşı xidmət edirdi. Səddam, mənə hörmət etdiyini göstərməyə çalışırdı. Sözsüz ki, söhbət zamanı İraq-İran müharibəsinin mənasızlığına da toxundum. Hiss etdirdim ki, bu müharibə həqiqətən də çox faydasız müharibə idi, gec və ya tez İraq-Sovet İttifaqı münasibətlərinə də təsir göstərəcəkdi. Səddam məndə bir növ tərs insan təsəvvürü yaratdı. O zaman Küveyt haqqında nə fikirləşdiyini heç təsəvvür belə edə bilməzdim...

Ardı var...

Moderator.az

Tarix
2016.03.02 / 09:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

İrəvanın COP29-la bağlı bu addımı… - Əmirbəyov

Fitso Bakıda danışdı: Makronun bu fikrini rədd etdim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla