Azərbaycanlı kompüter üzrə
mütəxəssisi Cəfər Nəcəfov tərəfindən hazırlanmış "Hara gedək?" adlı
proqram "Əpp Stor"da dünyanın məşhur Feysbuk, Vatsap, habelə
İnstaqram kimi proqramları geridə qoyub.
Publika.az xəbər verir ki, yenicə yaranmasına baxmayaraq, artıq
bir həftədən çoxdur, "Hara gedək?" proqramı top reytinqdə birinci
yerdə qərarlaşıb. Proqramın müəllifi, kompüter üzrə mütəxəssis
Cəfər Nəcəfov bildirdi ki, proqramın adının belə adlandırılması heç
də təsadüfi deyil:
– Həmişə harasa getmək istəyəndə özümüz özümüzə sual veririk ki,
hara gedək? Fikirləşdim, təkcə biz yox, hamı öz-özünə bu sualı
verir – hara gedək? Qərara aldım ki, belə bir proqram yaratmaqla
insanlara xidmət edim. Heç mən görmədim ki, respublikamıza yaxın
ölkələrdə – Türkiyədə, Rusiyada belə proqramlar olsun. Bu
proqramdan istifadə edənlər onların yerləşdikləri məkanlara yaxın
obyektlərin yeri haqqında ətraflı məlumat ala bilir. Obyektin
üzərinə "klik" etməklə marşrut barədə xəbər əldə etmək olur.
İstəsə, zəng etməklə sifariş də verə bilər.
– Proqrama maraq böyükdür?
– Bəli, cəmi bir neçə gündür yaranmasına baxmayaraq, proqram
100000-ə yaxın istifadəçi tərəfindən idarə olunur. Hətta "Hara
gedək" "Top Free" bölməsində digər proqramları qabaqlayaraq birinci
yerdə qərarlaşıb. Yaxın günlərdə bu proqram həmçinin "Android" və
"Vindovs" əməliyyat sistemi ilə çalışan telefonlar üçün
hazırlanacaq. "Hara gedək?" proqramına günü-gündən yeni məkanlar
əlavə olunmaqdadır. Habelə tezliklə onun xüsusiyyətləri, spesifik
funksiyaları daha da zənginləşdiriləcək. "Hara gedək" insanların
həyatını asanlaşdırmaq məqsədilə yaradılıb. Belə ki, "Hara gedək"
xəritədə proqram istifadəçinin yerini müəyyənləşdirib ona
yaxınlıqda yerləşən məkanlar barəsində dolğun məlumat çatdırır.
Eləcə də onun istəyinə uyğun olaraq proqram istifadəçinin getmək
istədiyi məkanla bağlı onda hərəkət marşrutu yaradır".
– Sizin müəllifi olduğunuz proqramın başqa hansı fərqli
cəhətləri var?
– Proqramın daha bir xüsusiyyəti isə ondan ibarətdir ki,
istifadəçilər bəyəndikləri məkana reytinq verə, rəy yaza bilər.
"Hara gedək" Feysbuk və Tvitter sosial şəbəkəsi ilə inteqrasiya
olunub. Bu da öz növbəsində istifadəçilərə rəy yazmaq üçün rahat
qeydiyyat şəraiti yaradır. Yaxın gələcəkdə "Hara gedək"
istifadəçiləri üçün proqramda yerləşdirilmiş bütün məkanlarda
endirimlər tətbiq olunacaq. Biz istifadəçilərə hətta hava haqqında
da məlumatları çatdırırıq ki, onlar harasa gedəndə həmin yerin hava
durumu haqqında məlumatlı olsunlar.
– Bundan əvvəl hər hansı proqramınız
olubmu?
– Xeyli sayda layihələrim olub. Məsələn, Azərbaycanda ilk dəfə
onlayn yemək sifarişi sistemi yaratmışdım. Lakin sonradan xaricdə
təhsilimi davam etdirdiyimdən və hərbi xidmətlə əlaqədar bu layihə
yarımçıq qaldı. Ən böyük layihələrdən biri bu idi.
– Gələcəkdə başqa hansı layihələriniz
olacaq?
– Belə bir ideyamız var ki, Azərbaycan üçün onlayn avtomobil
alqı-satqısını reallaşdıraq. Bu, İnstaqram formasında olacaq.
Məsələn, əgər avtomobilinizi satmaq istəyirsinizsə, maşının şəklini
çəkib onun texniki göstəricilərini, markası haqqında məlumatı əks
etdirəcək, elan verəcəksiniz. Yaxud əgər evinizi satmaq
istəyirsinizsə, eyni prosedurdan istifadə edə biləcəksiniz. Eləcə
də pal-paltar, geyim üçün də başqa proqramın hazırlanması
planlaşdırılır. Bunun üçün sadəcə geyimlərin şəklini çəkib onun
barəsində elan yerləşdirmək lazım olacaq. Qeyd edim ki, bu
elanların hamısı ödənişsiz – pulsuz olacaq.
– Uşaqlar üçün kompüter oyunlarının tətbiqi hal-hazırda
dünyanın əksər ölkələrində populyardır. Sizin bununla bağlı hər
hansı proqram layihəniz varmı?
– Bəli, hal-hazırda bu proqram üçün komanda yığıram. Komandalar
hazır olduqdan sonra oyunlar da hazır olacaq.
- Hansı növdə oyunlar nəzərdə tutulur?
- Məsələn, ilan oyunları. Bunlar köhnə oyunların yeni dizaynı,
başqa formada, mərhələlərlə hazırlanacaq. Lakin hələlik həmin
oyunları yükləməmişik. Qeyd edim ki, bundan başqa professional
layihələrimiz də var. Sadaladıqlarım yalnız kiçik proqramlardır.
Böyük proqramlarımız da olacaq.