BSU Yaradıcılıq fakültəsi bağlandı. Bir-iki nəfər sanki
rəsmi açıqlamanı gözləyirmiş kimi, həmin an etiraza başladılar.
Çoxununku da etirazdan çox özünütəbliğə bənzəyirdi. Sanki mətni
yazıb rəsmi qərarı gözləyirmişlər ki, paylaşalar. Nəsə, hərə bir
yolla qazanır, nə deyək?!.
Hə, bir də tərbiyənin "t" hərifindən xəbərsiz olan biri də yazıb
ki, o fakültədə təhsilin "t"sini də keçmirdilər".
Mənimsə yazacağım nə "T"-lərdəndi, nə də o birindən.
Bu fakültədə 2 il təhsil almışam. Fakültənin bağlanacağını ta
rektor dəyişən gündən bilirdik. Elə o gündən də tələbə qəbulunu
saxlamışdılar. Gözlənilən o qərardan pis olmuşdum ki, imtahanları
verib təhsili başa vuran kimi fakültənin mənə qazandırdığı
dostlardan, müəllimlərdən silsilə portretlər yazmışdım.
BSU Yaradıcılıq fakültəsi bizə nə verdi?
Kamal Abdulla – Kamal müəllimi o qədər kitablardan oxumuşdum,
mənə elə gəlirdi, həyatda onu kimsə görə bilməz. O, ancaq kitab
adamıdır, kitablarda yaşayır. Bu fakültədə kitab adamıyla üzbəüz
oturmuşdum. Qəribə bir hiss idi. İlk dəfə fakültəyə gəldiyim gün
Kamal müəllimin doğum gününə təsadüf etmişdi. Uşaqlar ona sürpriz
video-çarx hazırlamışdılar. Kamal müəllimin oturub monitorda o
təbriklərə baxması və ardınca kövrəlməsi məni yerimdə rahat
oturmağa qoymamışdı. Bir də görmüşdüm ki, kitab adamın şəkillərini
çəkirəm. Sonra həmin gün axşamı Feysbukda mesaj qutusuna
göndərmişdim fotolarını. Təbii ki, cavab da gözləmirdim. Üstündən
bir az keçmişdi ki, mesaj qutuma cavab gəldi: "Heç biri uğurlu
alınmayıb".
Sonra Kamal müəllimin dərslərində oldum. Dərsləri də qəribə bir
musiqi kimi idi. Məsələn, bəzən xəyalı oxşayan bir musiqi çalınar
və bu musiqi səni öz qanadlarına alıb uzaqlara aparar. Xəyalın
əlvan kəpənək kimi çəməndən-çəmənə, çiçəkdən-çiçəyə qonar və ot
basmış yollarla ta uzaqlara gedib çıxar.
Eynən bu cür olurdu və dərsin sonunda gedib çıxdığın o yerdən
əlində nəyləsə qayıda bildinsə, bu da sənin qazancın
olardı.
Bir də yadımda mifologiyadan - Kamal müəllimin dərsindən imtahan
idi. Səhərəcən allahlara dua-filan etmişdim (bəxtəvərlər də bir
deyil, iki deyil), səhər oyanıb bir yazı da yazıb paylaşmışdım bu
haqda və getmşdim imtahana. Sıra mənə gələndə Kamal müəllim dedi:
"Yazın yaxşı idi, istedadın var, amma bu variant mənə keçməz,
imtahanda gərək cavab verəsən". Onda bilmişdim ki, həmin yazını
Manaf göndəribmiş Kamal müəllimə...
Kitab adımla həyatda üzbəüz oturub danışa bilmək, onun
qarşısında dayanıb imtahan verə bilmək hər adama nəsib olmaz ki,
mənə olub. Mənə bu şansı verən Yaradıcılıq fakültəsini heç vaxt
unutmaram!
Asif Hacıyev, Salam Sarvan, Niyazi Mehdi, Rəhim Əliyev, Tehran
Əlişanoğlu, Azad Qaradərəli, Şərif Ağayar, Qan Turalı, Qismət
Rüstəmov, Əsəd Cahangir, Fəxru Uğurlu və b. ustalardan dərs
aldıq.
Bir gün Salam müəllimdən soruşmuşdum:
- Ən sevdiyiniz yazar hansıdır?
- Dostoyevski.
- Bəs o, sağ olsaydı və siz bu dəqiqə onunla yazışmış
olsaydınız?..
O fakültə bizə bu şansı vermişdi. Oxumağın da qaydalarının
olduğunu öyrətmişdi bizə o fakültə. Məsələn:
Fəxri Uğurlunun dərsləri. Fəxri müəllim hansısa bir əsəri
oxumağı tapşırırdı və gələn dərs o əsəri müzakirə edirdik. Fəxri
bəy deyirdi:
- Buyurun. Bu əsərdə müəllif nə demək
istəyib?
Sən də durub özünə əl qatırsan, yarım saat danışırsan. Təbii ki,
Fəxri müəllim də özünə xas təmkin və səbirlə dinləyir, arada
gülümsəyib, başını yelləyir, sən daha da həvəslənib danışırsan. Bu
arada Fəxri bəy qalxıb əlini belində cütləyir, o baş-bu başa gedir.
Sonunda sən nəfəsini dərib fikrini tamamlayırsan ki, Fəxri müəllim
başını qaldırıb deyir:
- Hə-ə, əmiqızı, sənə elə gəlmirmi ki, müəllif tam başqa
bir şey demək istəyib?
Və əsl açıqlamanı öz izahı ilə verir. Ondan sonra mətnlərə bir
fərqli yanaşırsan, sanki üçüncü gözlə oxuyursan mətinləri.
Şərif müəllimin "Heç vaxt içinizə xəyanət etməyin!" cümləsini
direllə beynimə həkk edib bu fakültə.
Yazmağı, yazdığımıza tənqidi yanaşmağı, detallarla işləməyi
öyrədib bizə bu fakültə.
Təbii ki, yazacaqlarım nə fakültəni yenidən bərpa edəcək, nə
kimlərinsə fikrini dəyişəcək, nə də fakültədən sonra "Filankəs bəy
mənə sahib çıxmaz, ortada qalaram" deyə, qorxum yoxdur. Sadəcə,
fakültənin mənə qazandırdıqlarını bir daha xatırlamaq istədim.
"BSU-Yaradıcılıq" deyəndə heç vaxt unutmayacağım dostlarımı,
müəllimlərimi və bir də çoxunun orda nərdivan kimi istifadə etdiyi,
fakültə üçün təmənnasız can qoyan Yetim Qacarı xatırlayacağam. Və o
Yetim Qacarı ki, bu fakültənin hər santimində ruhu dolaşan,
divarlarında baxışları danışan mərhum dekan – fakültəni cana
gətirən, fakta çevirən Elnarə Tofiqqızından bizə danışırdı.
Danışdıqca Elnarə xanım bizə baxıb gülümsəyir, deyirdi:
"Qəm eləməyin, Yaradıcılıq fakültəsi bağlanmayıb, o, sizin hər
birinizin ortaya qoya biləcəyiniz yaxşı yazılarınızdan,
əsərlərinizdən, kitablarınızdan gülümsəyəcək, yaşayacaq..."