Gələn il yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları artırılır.
Axar.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əmək haqqının 5 faizindən 8 faizinə qaldırılır.
Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 3 faizindən 5 faizinə yüksəldilir.
Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur.
2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
Digər şəhər və rayonlarda – 1,0.