Yuxarı

Yasda da “vayfay varmı” soruşuruq – Telli Pənahqızı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizcə, ədəbiyyatı cəmiyyətə necə, konkret hansı yollarla oxutmaq, sevdirmək olar?

Axar.az ədəbiyyat adamlarının bu suala cavablarını təqdim edir:

Yazar Nəriman Qasımoğlu: "Təhsil müəssisələrində tələbələrin, şagirdlərin bədii qiraətinə yer verilsə, bu, həm ədəbiyyatın təbliği, həm gənclərin bədii zövqünün inkişafı, həm də nitq və yazı qabiliyyətlərinin artırılması üçün stimul olar. Mən ali məktəbdə Azərbaycanşünaslıq fənnindən dərs deyirəm və bu fənnin içində Azərbaycana aid xeyli mövzuların arasında ədəbiyyat da var. Ancaq tələbələrin ümumi səviyyəsinin artırılması üçün ev tapşırıqlarından biri kimi onlardan tələb edirəm ki, hər dəfə dərsə gələndə dediyim bir əsəri oxuyub gəlsinlər. Ədəbiyyatın da, söz adamlarının da geniş mənada təbliğinə ehtiyac var. Mədəniyyət hadisələrini, mövzularını işıqlandıran televiziya verilişlərində ucuz, zövqsüz, şit nümunələrin yox, ciddi ədəbiyyatın təbliği vacibdir".

Şair Kəmalə Abıyeva: "Bu iş məktəblərdən başladılmalıdır. Müəllimlər mütaliə etməlidir ki, şagirdlər də ədəbiyyat oxusun. Çıxışlarımın birində demişdim ki, məktəblərdə kitab təqdimatları, müzakirələr, görüşlər keçirmək, kitabxanaların fəaliyyətini artırmaq lazımdır. Test üsulu ilə imtahanlar ədəbiyyat fənnini ikinci dərəcəli edir. Bilik yarışmalarına baxın, ən savadlı uşaqlar ədəbiyyatdan daha zəif olur. Müasir ədəbiyyat haqqında qısaca da olsa, bir saatlıq dərs salmaq olar. Müəllim istənilən əsəri elə həvəslə, maraqla təhlil, təqdim edə bilər ki, uşaqda əsəri oxumağa maraq oyanar. Doğrusu, bizim məktəbdə elə ədəbiyyat müəllimi var ki, 5 ildə bir əsər oxumayıb. Maraq üçün bir neçə ədəbiyyat dərsinə gedin, görün necə dərs keçirlər".

Tənqidçi Nərgiz Cabbarlı: "Məncə, ədəbiyyatı sevdirməyin yolu seçimdən keçir – təqdimatda və təbliğatda olan zövqlü, səviyyəli seçimdən. Və mütləq bu prosesdə istiqamətləndirici qüvvələr olmalıdır: mətbuat, naşir və tənqidçi qismində. Xüsusilə də onların ədəbi zövqündən, dünyagörüşündən, təqdimatından çox şey asılıdır. Oxumağa da, yeni yaranan ədəbiyyata marağı da, ikrahı da oxucu ilk növbədə onların vasitəsi ilə qazanır. Məsələn, axmaq bir əsəri tənqidçi gözəl bir əsər kimi təqdim edirsə, naşir çox nəfis təqdimatla çap edərək satışa ötürürsə, mətbuat da onun dəyərli bir nümunə kimi təbliğatına köklənirsə, bu artıq adını çəkdiyim üçlünün ədəbiyyatın da, oxucunun da əleyhinə işləməsi, ədəbiyyata da, oxucuya da ziyan verməsi deməkdir. Bəzən olur ki, çox "qışqırıcı", "hay küyçü" bir annotasiyanın təqdimatında mənasız-məzmunsuz bir əsərlə qarşılaşırsan. Yaxud eyni şəkildə tanıdıcı məqalənin, yaxud bir tənqidçi təhlilinin vasitəsilə də oxşar "şapalaq"la qarşılaşa bilirsən. Hər məsələdə dürüst olmaq lazımdır, amma təqdimatda daha çox! Həm istedadlı, həm də dürüst! O zaman sevgi də öz-özünə yaranacaq".

Yazar Xalid Kazımlı: "Zorla oxutmaq olmaz, maraq yaratmaq lazımdır. Daha yaxşı olar ki, cəmiyyətə oxumaq istədiyi mətnləri təklif edək. Əgər kriminal aləm oxucuya maraqlıdırsa, o cür mətnlər vermək, amma o mətnlərin alt qatında bəşəri dəyərləri, humanizmi təbliğ etmək gərəkdir. İstənilən janr bir müddət sonra oxucunu bezdirir, sonra onda başqa səpkili materiallara maraq yaranır - bu, sevgi romanlarından tutmuş, ta elmi-kütləvi ədəbiyyata qədər dəyişir. Əsas odur ki, insanlar oxumağa vərdiş eləsinlər, bundan ləzzət alsınlar. Oxucularda bu vərdiş yaransa, avtomatik olaraq maarifçilik işi də irəli gedəcək".

Yazıçı-jurnalist İlqar Əlfioğlu: "Ədəbiyyatı oxutmaq üçün cəmiyyətdə oxu mühiti yaranmalıdır. Bu, elə bir mühitdir ki, onda oxuyanla oxumayanın yeri bəlli olmalıdır. İnsanlar oxumağın, savadlı, məlumatlı olmağın divident gətirdiyini duymalıdır. İnsanlar əvvəlcə bunun xətrinə oxuyacaq, sonra da mütaliə aludəçisi olacaq. Bir də oxucunu cəlb edən yaxşımətnlər yazmaq lazımdır. Üçüncü şərt isə kitabın ucuz olmasıdır".

Şair Qəşəm Nəcəfzadə: "Birinci növbədə yaxşı əsər yazmaq lazımdır. Didaktika, quru nəsihətçilik oxucuları bezdirib. Bədii əsərdə hadisənin özü maraqlı olmalıdır, hadisə həyatdan gəlməli, əsərin əsas ideyasını müəllif deməməli, hiss etdirməlidir. Oxucu hiss etməlidir bunu. İkincisi, kitabın dizaynı yaxşı olmalıdır. Üçüncüsü, kitabın radio və televiziyada, mətbuat səhifələrində reklamı getməlidir. Özü də şit yox, təbii reklam olmalıdır.

İlk kitabdan müəllif oxucuya özünü pis yazar kimi tanıtmamalıdır. Tanıtdısa, sonradan bu kəsiri düzəltmək çətin olur. Müəllif əsərində boş təsvirlərə yol verməməli, birbaşa mətləbə keçməlidir. Bu mətləb müasir insanın həyatını öyrənməli, oxucu o əsərdə özünü, öz taleyini tapmalıdır".

Yazıçı Azər Qismət: "Əgər məhəlləmizdə paraşüt qülləsi inşa etsələr, oradan yalnız 5-6 dəfə tullanaram. Həvəsim olmayandan sonra yaddan çıxacaq. Adamların kitab oxuması, ədəbiyyata sevginin oyandırılması üçün Fişer effektindən də istifadə etmək olar. Televizora hamı baxır və 25-ci kadrdan istifadə edilir, alt şüurda kitaba sevgi oyanır. Bu mümkün olmasa, uduşlu kuponlar təşkil edilsin. Kuponlar maraqlıdır. Çətin məsələ ömründə əlinə kitab almayan zavallının bircə dəfə kitab oxumasıdır. Sonrası psixoloji amillərlə bağlıdır. Həmin şəxs hansısa məclisdə hansısa kitabdan sitat gətirəndə ətrafdakıların ona necə duyumlu gözlərlə baxdığını görəcək.

Ümumilikdə Mütaliəyə Yardım Fondu təşkil etmək mümkündür. İl ərzində 10 kitab oxuyana 100 manat verilsin. İnanın ki, növbəyə dayanacaqlar".

Şair Nuranə Nur: "Bu gün oxucuya nə versən, razıdır və ya nə versən, narazıdır. Dünyada metro, bulvar ədəbiyyatı deyilən anlayış var. Və ciddi oxucular bunu qəbul etmir. Biz hələ o qəbul olunmayan həddə də çatmamışıq. Düzdür, hazırda bunu oxuyanlar bəlkə də belə düşünmürlər, çünki onlar hamısı nəsə oxuyur və onlara elə gəlir ki, hamı nəsə oxuyur. Əvvəlcə, oxumağı aşılamaq lazımdır. Ciddi, ya qeyri-ciddi ədəbiyyat sonrakı mərhələdir. Ali oxucunun zövqü birdən-birə formalaşmır. Əvvəl ibtidai, sonra orta, sonra ali. Düşünürəm ki, kitabı telefon, qulaqlıq kimi aksesuarlara çevirmək üçün ilk növbədə oxuculara bayağı yox, ibtidai ədəbiyyat nümunələri (təqdim yox) təklif edilməlidir. Təbii ki, hər təklif edilən əsər əsl ədəbiyyat olmaya bilər. Adətən, cəmiyyət əsl ədəbiyyat seçimində yanılır, amma zövqlü oxucu da adi oxucuların sırasından çıxır. Konkret təklifim budur: şagirdləri mütaliəyə cəlb etmək lazımdır".

Şair Rafael Tağızadə: "Burada iki tərəf var: cəmiyyət və ədəbiyyat. Məncə, ilk növbədə, kitabların reklamı üçün şərait yaradılmalı, kitab dükanlarının sayı artırılmalıdır. Televiziyalarda kitabların reklamı getməli, ədəbi verilişlər, diskussiyalar təşkil olunmalı, yazıçılar, şairlər, ədəbiyyat adamları verilişlərə dəvət edilməlidir. Bu, indiki dövrdə təkcə ədəbiyyat adamlarının görə biləcəyi iş deyil, əlaqədar qurumlar da bu işə öz töhfəsini verməlidir".

Yazıçı Məzahir Süleymanzadə: "Azərbaycan ədəbiyyatında həmişə maraqlı əsərlər olub, indi də var. Həm yaşlı, orta nəsil yazıçılar, həm də istedadlı gənclərimiz boş dayanmayıb, yazırlar. Amma kitabların tirajına baxırsan - 200-300, uzağı 500 nüsxə. Bununla cəmiyyətə kitab oxutmaq olar? Kitab çox bahadır, kitab mağazaları yox dərəcəsindədir, kitabxanalar da yeni ədəbiyyat almır.

Mənim təklifim belədir: Fərdi qaydada, müəlliflərin öz hesabına kitab nəşrinə son qoyulmalıdır. Nəşriyyatlar müqavilə üsulu ilə kitab çap etməli, müəlliflərə müvafiq qonorar ödəməlidir. Kitabın minimum tirajı 5-10 min nüsxə olmalıdır. Bütün rayon mərkəzlərində və iri kəndlərdə kitab mağazaları açılmalıdır. Kitabxanalar qiraət mərkəzlərinə çevrilməli, yazıçılarla, şairlərlə görüşlər keçirilməlidir. Ölkədə ən ucuz çap məhsulu kitab olmalıdır. Televiziyada, radioda, mətbuatda kitaba, yazıçıya hörmət aşılanmalıdır".

Şair Telli Pənahqızı: "Nə qədər ki, sosial şəbəkə var, nə qədər ki, iki yaşında uşaq oyuncaq əvəzinə telefonla oynayır, nə qədər ki, kiminsə evinə qonaq gedəndə, kafedə, restoranda, toyda... yasda hər kəs "nə var, nə yox?" əvəzinə "Vayfay varmı" soruşur, bu məsələnin müsbət həllinə ümid etmirəm".

Tarix
2016.10.15 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Sabir Rüstəmxanlı bu müsabiqənin qalibi oldu - Video

Paşayevanın bu videosu gündəmə çevrildi - Video

Şəhidlərimizin şeirləri bir kitaba yığıldı - Foto

Təbrizdə “Fars dili və poeziyası günləri” keçiriləcək

“Torpağı Vətən edənlər” kitabı təqdim edildi

Qazaxda Vaqif Poeziya Günləri başladı

Vaqif Poeziya Günləri keçiriləcək

AMEA-nın parkında festivalın açılışı oldu - Video

"Teymurləngin tamğası" kitabının təqdimatı keçirildi - Foto

ABB-nin dəstəyi ilə 5-ci Milli Kitab Sərgisi keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla