Yuxarı

Satanist Daşanın ritualı: "Kölgə" gəldi, qaçış və...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

De ki: yaradılmışların şərindən, qaranlıq çökdüyü zaman gecənin şərindən, düyünlərə üfləyənlərin şərindən və həsəd edənin içindəki həsəd çölə vurduğu vaxtın şərindən, şəfəq aydınlığı Rəbbinə (Allaha) pənah aparıram.

Quran, “Fələq” (fələq – səhər, yarmaq) surəsi.

Əvvəli BURADA

Məndən fərqli olaraq, Daşada heç bir həyəcan müşahidə olunmurdu. Ayın zəif işığı hündür ağacların qol-budağı arasından oğrun-oğrun boylandıqca meşənin dərinliyindən gələn çaqqal ulaşması çoxalır, tükürpədici vahiməmi artırırdı.

Daşa titrəyən əlimdən şamı alaraq qəbrin ayaq tərəfinə əyildi. Yarıqaranlıqda gördüklərim məni təəccübləndirməyə bilməzdi: ritualdan əvvəl dostumun daşın altına qoyduğu pambıq hansısa qüvvənin təsiri ilə daş parçasının üzərində idi! Bununla kifayətlənməyən və mənim aləmimdəki möcüzəni adi qəbul edən medium işindən sanki narazı görünərək, kağıza doğru addımladı. Burada qələm boyda bir göy xətt cızılmışdı. Daşa yenidən qəbrin ayaq istiqamətində bardaş quraraq əyləşdi:

- Ad demək olar ki, qeyd olunmadı! Çantadan güzgünü gətir!

Ləngər vura-vura çantanı əlimə aldım. Mexaniki olaraq “kiçik çuvalın” dibində əl güzgüsünü tapdım, onu Daşaya ötürdüm. Yerimə qayıtmaq istəyəndə Daşa məni buraxmadı:

- Yanımda əyləş, sənə göstərəcəklərim var!

Beynimdə hər zaman dadıma çatan “qara yumor” hissim güclənməyə başlayırdı:

- Deyəsən, “göstərəcəklərin” deyil, “görəcəklərim” var, axı...

Daşa zarafatıma məhəl qoymurdu; o, reallıqdan uzaqda idi. Sakit səslə ovsun pıçıldayan dostum güzgünü əlinə alaraq qapağını açdı, sonra məni səslədi:

- Gözünü qırpmadan və heç nə düşünmədən güzgüyə bax!

Tərəddüd içində idim. Uşaqlıqdan bibimin “şər qarışanda güzgüyə baxma” ifadəsi beynimə həkk olunduğundan, axşam və gecələr aynalarla “ünsiyyətdən” sözün əsl mənasında qaçırdım. İndi isə Daşanın sözü ilə uzun illik vərdişimə əks çıxmalı, üstəlik heç nə düşünməməli idim!

Qədim zamanlardan güzgünün insan taleyi üçün nə dərəcədə vacib və simvolik anlam daşıdığını gözəl anlayırdım. Paranormal hadisələrə və parapsixoloji dünyaya olan marağımdan güzgülərlə bağlı öz-özlüyümdə bir çox suallara cavab da tapmışdım. İnsan ailə qurduqda güzgünün qorunması, gəlinlə bəyin masası üzərində olan güzgüyə xoş duaların yazılması və ya insan dünyasını dəyişdikdə onun sinəsinə güzgünün qoyulmasının da anlamlarını özüm üçün açmışdım: Xoşbəxtlik rəmzi olan güzgünün insanın xoş günündə qarşısında olması onun bəxt-taleyinin üzünə gülməsi anlamına gəlir. Həyatını itirdikdə isə sinəsinə qoyulan güzgü ölmüş insanın sanki özündən başqa kimdəsə “gözünün olmamasına” işarət edir.

Qədim Rusiyadan bir çox xalqlara ötürülmüş “aynalı yol” falabaxma üsulu bütün inanclar və falçılıq içində ən dəhşətlisi sayılır. Müxtəlif ayinlərlə müşahidə olunan falda insanlar gələcək taleləri ilə bağlı sualları canlı olaraq güzgüdə izlədikdə bir çoxları havalanır, digərlərinin ürəyi gedir; hətta başlarına gələcək dəhşətə dözməyərək, qəlbləri birdəfəlik dayananlar da olur.

Beynimin saat qədər dəqiq çalışan işarəli rəflərindən bildiyim məlumatları qeyri-ixtiyari yenidən sərgilədim.

Görünür, telepat rəfiqəm daha sayıq idi:

- Dedim axı, heç bir şey düşünmə!

Əmrə tabe şəkildə Daşanın yanında əyləşdim. Rəfiqəmin kağız üzərində yerləşdirdiyi göy qələm çox güman ki, işə yaramamışdı və nəticəsiz qalan qız bundan olduqca narahat idi.

Gözlərimi qırpmadan güzgüyə zilləndim. Güzgüdə yalnız zavallı Səhərin asıldığı iri qoz ağacının gövdəsi görünürdü. Bir əli ilə güzgüdən yapışan Daşa digər əli ilə şamın zəif işığının aynanın tam ortasına düşməsi üçün çalışırdı. Ayrı vaxt İblislə ünsiyyət quran dostum ayin və ya ritual haqqında adicə danışdıqda belə dərhal beynimdə surələr oxuyur, sanki ürəyimdə bütün pisliklərdən onlara sığınırdım. Hazırkı qorxulu durumumda isə heç nə düşünməmək - mühafizədə olmamaq demək idi! Həqiqətlərə daha yaxın olmağımız üçün, başımıza gələn xoşagəlməz hadisələrdən, əzablardan bizi qurtara biləcək açarı tapmağımız naminə bütün cəsarətimi toplayaraq, beynimdəki düşüncələri sildim, ayna ilə göz-gözə qaldım. Hardasa bir neçə dəqiqə adi yarıqaranlıqda güzgüdə görünən ağacın əksini seyr edirdim ki, bir qaraltının ağaca dırmaşdığını gördüm. Geriyə baxmaq istəyirdim ki, Daşanın kəskin fışıltıya bənzər etirazı ilə qarşılaşdım:

- Sssss...

Bu səs sakitliyə əmr idi və mən səssizcə güzgüdəki görüntünü izləməyə davam etdim. Qaraltı ağacın tam yuxarıdakı budağına çatar-çatmaz aşağı, düz bizə boylanmağa başladı. Daşa güzgünü fırladaraq məxluqun olduğu tərəfdən onun boylandığı istiqamətə tərəf yönəltdi: budur, uşaqların şən səsi, gözəl mənzərə, təbiət... Şən səslə oynayan uşaqlardan bir qızcığaz ayrılaraq, meşənin dərinliyinə qaçır. Uşaqların oyunu meşənin dərinliyində qoz ağacının arxasında gizlənən qızdan uzaq aparılsa da, adının səslənməsi ona yetişirdi və balaca qız daha çox gizlənməyə çalışırdı:

- Səhər, Səhərrr! Hardasan? Cavab ver!

Mən nəsə anlamağa çalışırıdm ki, yenidən görüntülər itdi. Dərhal beynimi “sıfırladım” və görüntülər yenidən peyda oldu.

Artıq qaranlıqdır, meşədə qoz ağacına sığınan qızcığaz ağlamağa, bir neçə saat öncə gizlənpaç oynadığı dostlarını səsləməyə başladı:

- Kömək edin! Məni burada tək qoymayın!

Budur, qara kölgə sürünərək ağacdan enir, qızın əlindən yapışaraq, onu meşəyə doğru aparır. Yol boyunca qızın üzünə, gözünə sığal çəkən qara kölgə onunla hansısa dildə danışmağa cəhd edir, ana balasını əzizləyirmiş kimi qızı qorumağa, onu evlərinə çatdıracağına söz verir.

O gündən kölgə qızı evlərində, məktəbdə, hətta yataqda belə müşahidə edir. Zamanla böyüyən, gözəlləşən Səhəri kölgə qısqanmağa, onun əmrindən çıxdıqda isə hətta qızı cəzalandırmağa başlayır.

Tez-tez xəstə olan Səhərin dərdini artıq heç doğmaları belə anlamır. Qız gah su ilə oynayır, gah öz-özü ilə danışır, ətrafındakıları ondan eymənməyə, qorunmağa vadar edir.

Budur, Səlimlə Səhərin görüş yeri olan meşə... Yenə də meşə! Qızın həyatında sanki lənətlənmiş bir məkan idi bu qaranlıq, dərd, kədər dolu orman!

Səlimlə Səhərin əl-ələ gəzişdiyi məqamda ağaclara ildırım sürəti ilə dırmaşan qara kölgə gecənin qaranlığında qəzəbindən qığılcım saçmağa başlayır, qisas niyyəti ilə qızın ağlını başından almağa, onu ilan kimi yerlərdə sürünməyə, it kimi ulamağa vadar edir! Vaxtı ilə avtobusda Məsmənin danışdıqları səhnələrlə yanaşı, qızın bir cin tərəfindən izlənildiyi məqam açıq-aydın aynada görüntülənir.

Budur, qız insan cildində gecələr otağına təşrif buyuran məxluq tərəfindən təcavüzə məruz qalır, bədənindəki göyümtül ləkələrin səbəbini izah edə bilməyərək, ailə üzvləri qarşısında çarəsizləşir...

Daşa köks ötürərək, qalın, amiranə şəkildə səsləyir:

- Adını de!

Düz arxamızdan, qoz ağacına sarmaşmış kolluqdan açıq-aşkar xırıltı eşidilir:

- Həsssəddd...

Buz kimi donmuş əllərimi ovuşdurmaq istədim; əzalarım istəyimə tabe olmadı. Deyəsən duyduğum səsdən bütün bədənim qurumuşdu. İradəmi toplayıb Daşaya baxdım: qız gözlərini yumub sanki daşlaşmışdı. Yarpaq kimi titrəməyə başladım. Bu dəhşətli ab-havadansa Moskvanın mənfi on dərəcə soyuğunda satanist buynuzlularla, elə qatil İqbalın özü ilə belə qarşılaşmağa razı idim! Bircə bu naməlum məxluq olmayardı!

Ətimi sümüyümə qədər ürpədəcək vahimə dolu xırıltılı səs məni həqiqətən də daxilimdən əsməyə vadar edirdi!

Daşa isə heç nə olmamış kimi davam edirdi:

- Niyə öldürdün onu?

Xırıltılı səsin sahibi cavab vermirdi, çox güman ki, öz beynində götür-qoy edir, şər aləmin kraliçasına daha tutarlı cavab verməyə çalışırdı.

Bir müddət sonra ulaşmaya bənzər səs duydum. Yox, bu heyvan səsi deyildi. Kölgə ağlamaq üçün bizdən harasa uzağa çəkilmişdi. Bir göz qırpımında geri dönən hənirti xırıldadı:

- Sevirdim onu... Dəlicəsinə....Tabe olmadı!

Daşa eyni səs tonu ilə davam edirdi:

- Bizə yardım edə biləcək şəxsi göstər!

Daşlaşmış və trans vəziyyətində məndən çox-çox uzaqda olan rəfiqəmin əlindəki şam kiçik alovunu gah azaltmağa, gah da çoxaltmağa başladı; güzgüdə qəfil qığılcımın əksini hiss edərək, aynaya boylandım - yuxumda gördüyüm zərif, bəyaz dərili Nur aynadan bizə baxırdı. Xırıltılı səs sanki sevinirmiş kimi təkrarlayırdı:

- Nurrrr! Nurrrr!

Daşanın əlindəki qara şam artıq tükənməkdə idi, lakin dostum güclü trans vəziyyətində olduğundan, bunu hiss etmirdi. Astaca qızın qulağına sarı əyilərək:

- Daşa, şam artıq sönür! - deməyə macal tapdım.

Özünə heç cürə bənzəməyən rəfiqəm xırıltılı səs sahibinə son sözünü ünvanladı:

- Sona qədər lənətlisən!

Xırıldayanın sanki nəfəsi kəsildi; ağlaşmaya bənzər naləsi uzun sürmədi, bir qədər əvvəl bizə jest edərək, dialoqa daxil olan məxluq bir göz qırpımında çabalamağa başladı və küləyi ilə şamı söndürməyə nail oldu. Daşa qəfil mənə sarı boylandı, gözlərini iri açaraq var gücü ilə qışqırdı:

- Qaçççç! Tez ol, qaççç!

Meşənin qaranlığında hara qaçdığımı dəqiq xatırlamıram, lakin arxamca qığılcımın götürüldüyü beynimdən yüz il qala, silinməyəcək! Bu yanar kürə sıçrayışlarıyla yoluma haradasa sanki işıq salır və eyni zamanda məni daha iti addımlarla cəld qaçmağa vadar edirdi.

Qorxudan buralara gəlməyənlərin ucbatından sarmaşıq atmış uzun kolluğa ilişən ayaqlarım sözümə baxmadı; bir göz qırpımında yerə sərildim. Sol qolum bədənimin ağırlığı altında xırçıltıya bənzər küy çıxartdı. Ağrıdan sızıldayırdım. Ruhum ağrıya dözməyərək, bədənimi bir anlıq sanki tərk etdi...

Ətrafda hər yeri yamyaşıl, işıqlı görürdüm... Səhər meşəyə tələsir; yanında insan cildində qara kölgə onun əlindən dartaraq aparır. Onlar meşənin dərinliyinə, qoz ağacına yaxınlaşanda artıq qaranlıq düşmüşdü. Kölgə birinci olaraq ağaca dırmaşır, sonra əlini uzadaraq Səhərin ağaca çıxmasına yardım edir. Səhər adi insanın dırmaşa bilməyəcəyi bir budağa kölgənin təsiri ilə yetişir, boynundakı ipək yaylığı açmadan ağaca bağlayır, özünü bir göz qırpımında ağacdan aşağı buraxır...

Mənə tərəf uzanan caynaqları üzümdə hiss edirdim. Az öncə bu caynaqlar Səhərin ağacın budağına cızılmış çiyninin soyumamış qanı ilə “cəllad- gövdənin” üzərində həzz hissi ilə “qız artıq bizimdir” yazmışdı. Həsəd hissi ilə alışıb yanan məxluq zavallı qızın ölüsünü belə qəbirstanlıqda dəfn etməyə imkan vermir, Səhərin qəbri də insanlardan uzaq düşür, meşənin dərinliyində get-gəl olmayan lənətli yerdə qalır.

Qaranlıqda iti caynaqların mənə tərəf uzandığı bir məqamda isə Səhərin yalvarışını açıq-aydın eşidirdim:

- Mənə kömək edin! Məni burada tək qoymayın!

Bir zamanlar meşədə azan qızcığazın yalvarışları yenidən təkrarlanırdı; bu dəfə artıq dünyadan nakam köçmüş və murdar məxluqa qurban verilmiş qızın dili ilə!

Sanki bu səsə ayıldım, var gücümü toplayıb, sürünə-sürünə maşın yoluna tərəf getməyə başladım.

Artıq asfaltın üstündə idim. Məndən adi halımda gözlənilməyən hərəkət: gecənin zülmət qaranlığında şəhər istiqamətinə doğru iti sürətlə şütüyən tək-tük avtomobillərə sağlam əlimlə saxlamaq işarəsi verirdim. Qarşımda iri qoşqulu ağır yük maşınının sürətinin azaltdığını görcək ürəyim sanki dayandı...

Gözümü açdıqda hər yerə gür işıq saçırdı. Bibimin az qala ağlaya-ağlaya oxuduğu surələrdən beynim təzələnir, ruhum geri qayıdırdı. Əlim bərk ağradığından onu tərpədə bilmədiyimi, üstəlik ağır əşyayla sarındığını gördüm.

Özümə gəldiyimi hiss edən bibim dərhal ayağa qalxdı. Yalnız bu vaxt otağa göz gəzdirməyə macal tapdım: Daşa günahkarcasına başını iki əli ilə sıxaraq küncdə əyləşmişdi. Otaqda daha bir yaşlı qadın vardı. Bibimin:

- Seyidxanım, şükür Allaha gözlərini açdı, - sözlərini eşitdim.

Qadın dilləndi:

- Su gətir, ay Sahilə bacı, üç dəfə “Fələq”, “Nas”, “Ayətül-kürsü” oxu, ver içsin; yüngülləşəcək. Qorxub yazıq uşaq!

Seyidxanım qəsəbədə adla tanınan məşhur sınıqçı idi. Hər qapıya getməzdi. Bibimə hörmətindən, həm də ola bilər, heç də ürəkaçan olmayan durumumdan qadın gecə vaxtı qapımıza gəlməyə məcbur qalıbmış!

Yalnız bu məqamda Daşanın tutqun səsini eşitdim:

- Rəfiqəmizgildə dedim ki, diqqətli olsun, pilləkən amanəbənddir. Necə gəldi addımladı! Bu da nəticə!

Qızın səsində tərəddüd vardı, hiss olunurdu ki, Daşa məcburi olaraq yalan danışır və bu halından heçdə məmnun deyil.

Sahilə bibimin tutqun üzündə qara buludlar rəqs edirdi. Əsəbini gizlətməyən qadın astadan deyinirdi:

- Heç bilmirəm Hacıqabulda bunlar nə tapıblar! Həftə, səkkiz, mən doqquz, oradadırlar!

Qolumun ağrısı şiddətlənirdi, sual verməyə ürək etmirdim. Köməyə sınıqçının özü gəldi.

Seyidxanım xala:

- Qorxma, qızım, qolunda sınıq yoxdur, çıxıq idi, saldım yerinə.

Mən bir qədər ürəkləndim: “Yenə də yaxşı qurtarmışam! O dəhşətli gecədən bu vəziyyətdə qurtarmaq hər insan övladına nəsib deyil!” Seyidxanımı dil-ağızla yola salan bibim bayıra çıxan kimi Daşa az qaldı ki, üzərimə atlana:

- Hər şey nəzarətdə idi! Amma o məxluqa qəzəbimdən onu lənətlədim! - Qız birnəfəsə olanları dayanmadan nəql edirdi: - Kağız üzərində yalnız bir xətt cızılmışdı. Mən bizə yardım edə biləcək insanın adını yalnız güzgü vasitəsi ilə “qaranlıq dəhlizə” girərək şər qüvvələrlə təmasdan öyrənə bilərdim! Bu riskli addım qarşısında olduqca zəif qorunmada idik! Mən yenə də hardasa oxuduğum ovsunlarla qorunurdum. Məxluq, qorxduğunu hiss edərək, sənə tərəf yönəldi. “Qaç” deyərək və sənin üçün təhlükəli məkandan uzaqlaşmağını tələb edərək, öz növbəmdə Səhərin təmizlənmiş ruhunu dərhal yardımına yolladım...

Qeyri-ixtiyari Teymurun yardımımıza yetişəcək ruhunu xatırladım. Daşa fikirlərimi oxuyurdu, başını yellədi:

- Bu cür həngamədə o körpə ruh nə edə bilərdi axı! Orda elə bir vəziyyət yaranmışdı ki, hətta mən də çarəsiz qalmışdım!

Daşanın danışdıqlarından belə məlum oldu ki, mən meşənin zülmətindən Səhərin cinin əsarətindən qurtulmuş ruhunun köməyi ilə çıxa bilmişəm! Əks təqdirdə üzərimə uzanan məxluqun iti caynaqları bəlkə də məni Səhərin aqibətini yaşadardı. Arxamca qaçan Daşa məni yalnız maşını saxlayaraq qarşısında yıxıldığım an haqlaya bilibmiş...

Özümdə olmadığımdan, bibimin evinə Daşanın və yük maşınının sürücüsünün köməkliyi ilə gətirildiyimdən, yolu necə gəldiyimi xatırlamırdım.

Çox böyük bir sarsıntı vardı daxilimdə. Üç gün yataqda yatdım: bibimlə qısa danışır, Daşanın beynimdə “eşələnməyinə” bütün astral və bioloji hafizəmin gücü ilə əngəl olurdum. Öz-özlüyümdə çox düşünür, bu dəhşət labirinti olan qorxulu burulğan taleyimin enişli-yoxuşlu yollarından təngə gəldiyimi bütün varlığımla dərk edirdim. Qəlbimin dərinliyində bu qaranlıqların, qorxu dolu yarımçıq yuxuların, beynimdəki real həyatla xülyaların qarışdığı dönəmin xoş sonluqla bitəcəyi günü səbirsizliklə xəyal edirdim. İqbal ilə bağlı narahatlıqlar meşədə başımıza gələnin qarşısında uşaq oyununu xatırladırdı.

Tavana zillənərək narkomanlarla bağlı bilgilərimi, məlumatlarımı xatırlayırdım. Uşaq hafizəmdə keçmişin toz basmış izi közərirdi; balacaların bərkdən xor dedikləri yanıtmacdan az qalırdı qulaq partlaya:

- Uzaqdan bir it gəlir, ağzı dolu bit gəlir,

Kim ağzını açarsa, bit doluşsun ağzına!

Bəzən bu oyunda saatlarca dinməz oturub, kimin ilk ağzını açdığını gözləyirdik. Hardasa yeddi-səkkiz uşaq idik; hərəmizin doqquz-on yaşı vardı. Sahilə bibinin evi ilə böyük məsçid arasındakı yolda kiçik bağçada tez-tez qonşu uşaqları ilə görüşüb müxtəlif oyunlar oynayardıq. Budəfəki “susqurdu” oyununda yanıtmacdan sonra hər kəs susmalı idi. Kim ilk danışsa, o, oyunu uduzardı.

Yanımızda dayanan qırmızı rəngli avtomobilə heç birimiz məhəl qoymadıq. Bu, qonşumuz Zeynəb müəllimənin kürəkəninin maşını idi. Vasif adlı qonşu oğlan çubuqla yerin torpaq hissəsində təpəgözə oxşar fiqur çəkməklə kiminsə gülüşünə səbəb olmaq istəyirdi; beləliklə, oyun tez bitəcəkdi!

Mən Vasifin əlindən çubuğu alaraq, “mey-mun-luq et-mə” kəlmələrini yazaraq bitirmək üzrə idim ki, güclü atəş açıldı! Nə baş verdiyini dərk etməyərək, hamımız anlaqsız vəziyyətdə ancaq qışqırırdıq. Atəş maşının içindən idi.

Evə pörtmüş halda qaça-qaça gəldiyimi bu gün də dəqiq xatırlayıram. Bibim qarşıma çıxaraq əl-ayaq etdi:

- Başıma xeyir, amanatsan a bala, bu nə hal-qəzyədir?!

Dilim topuq çala-çala Zeynəb müəllimənin kürəkəninin maşınında “bomba partladığını” dedim. Bibim çadrasını başına salaraq, qonşu Zeynəbgilə tələsdi. Onlarda artıq ağlaşma idi...

Zeynəb müəllimənin cavan həkim qızı vardı - Yasəmən. Hələ tələbə ikən olduqca kübar bir ailənin yeganə, varlı-hallı, yaraşıqlı oğluna ərə gedən qız bir müddət sonra bir oğul anası da olur. Amma necə deyərlər, xoşbəxtlik var-dövlətdə, göz qamaşdıran parıltılı ziynət əşyalarında, daş-qaşda deyilmiş! Ailə həyatının ilk vaxtlarındaca Yasəmən anlayır ki, yaraşıqlı, pullu-paralı həyat yoldaşı zərərli vərdiş sahibidir! Tez-tez ər evindən yeganə övladı ilə geri qayıdan Yasəməni dəfələrlə qayınatası və qayınanası “oğullarının qısa müddətdə müalicə olunacağını” vəd edərək geri aparsalar da, nə ər doğru yola gəlirdi, nə qız xoş gün görürdü! Artıq hər bir zülmdən, söz-söhbətdən bezən Yasəmən ərindən birdəfəlik ayrılmaq qərarına gəlir. Çox yalvarışlardan sonra əri Yasəmənlə son dəfə görüşərək, xoşluqla ayrılacaqlarına söz verir; zavallı qızı aldadaraq evlərindən götürən oğlan avtomobilini düz məscidin qarşısında saxlayaraq, həyat yoldaşına son dəfə “kəlmeyi-şəhadəti” söyləməyi tapşırır. Qız vurnuxaraq maşından enmək istədikdə, əri silahı gicgahına dayayaraq, atəş açır...

O zaman cinayət işi açıldığından bütün şahidlər, məsələyə aidiyyəti olub- olmayanlar dindirilirdi. Gənc müstəntiq həyətəmizə gələrək bibimi səslədi. Bir qədər danışıqdan sonra məni həyətə çağırdılar. Müstəntiq çöməltmə oturaraq mənimlə bir boy alıb, suallarını ünvanlamağa başlamışdı ki, gözlərimdən axan selə hakim ola bilmədim. Körpə uşaq qəlbimdə olduqca nəzakətli və gülərüz Yasəmənə acıyır, onun son dəfə necə acı çəkdiyini balaca həssas beynimdə az da olsa anlayırdım.

Bibim dərhal məni qanadının altına aldı, müstəntiqə astadan dilləndi:

- Oğul, bu uşaq əmanətdir, mən onu zülm-zillətlə böyüdürəm, istəmirəm əziyyət çəkə! Onsuz da yaşadıqları qorxu ömürlərinin sonuna qədər bu uşaqlara bəsdir!

Bibim haqlı idi! Əminəm ki, mənim kimi digər uşaqlar da illərin keçməsinə və böyüməyimizə baxmayaraq, o zamankı uşaq taleyimizlə təsadüfən şahidi olduğumuz və yaşadığımız qorxunu hər qadın öldürüləndə, hər işgəncə ilə bağlı xəbər eşitdikdə hafizəmizdə təzələyir, Yasəmənlə bağlı hadisəni bir daha xatırlayırıq.

Mən qeyri-ixtiyari zavallı Arzunu xatırladım; İqbal tərəfindən öldürülən Arzu ilə Yasəmənin qədəri eyni, nakam taleləri haradasa oxşar idi. Ruhum hədsiz dərəcədə narahat idi; görəsən bu haqsızlıq, bu qan-qada, zülm- zillət nə zaman bitəcək?!

Meşənin qorxunc ab-havası məni öz ağuşundan çox gec buraxdı. Nəhayət, üçüncü gün ayağa qalxıb bir qədər gəzişməyə başladım. Kefsiz, bəxtikəm bibim məni görcək sevindi:

- Daşa, qızım, su tök ərköyünümüz əl-üzünü yusun!

Könülsüz halda deyilənlərə riayət etdim. Bibimin sevimli buğlaması hazır idi.

Masa arxasında Daşaya bir zamanlar Səhərə yardım edən qoca molladan bəhs etdim:

- Məsmə baş mollanın əsl bilici olduğunu deyirdi.

Daşa tərəddüd içindəydi:

- İnanmıram o bizə yardım edə bilsin! Mənə şər qüvvə “Nur” ismini söylədi.

Hər ehtimala qarşı ayağa qalxaraq, Daşanın meşədə unutmayaraq, arxamca qaçarkən götürdüyü çantamı birəlli eşələməyə başladım. Pulqabımı çıxarıb, gözlüklərinə baxdım; nəhayət, Hacıqabula ilk gedişimdə mənə yaxşılıq edən taksi sürücüsü Sahib dayının xırda rəqəmlərlə əl telefonunun nömrəsini qeyd etdiyi kağız parçasını tapa bildim. Tərəddüd etmədən nömrəni yığdım. Məni tanımayan yaşlı kişi sonradan sevincək hal-əhval tutdu:

- Necəsən qızım?

Mən də hal-əhval edib, əsas mətləbə keçdim:

- Dayı, Hacıqabulda baş molla olmalıdır... Bilicidir...

Kişi susurdu, hiss olunurdu ki, düşünür. Mən davam etdim:

- Bir zaman cin toxunmuş xəstə qıza da yardım edibmiş! Çox güman ki, bu işlərdə təcrübəsi var. Onunla görüşərək bir məsələni müzakirə etmək istərdim!

Sahib dayı dərhal cavab vermədi:

- Qızım, burada cəmi bir baş molla var. Vallah, sənin dediyin “cin toxunmaya”-filana inanmıram mən, amma bu kişi həqiqətən də ruhi xəstəliklərdən əziyyət çəkənlərin bir çoxunun qurtulmasına səbəb olub. Amma...

Mən səbirsizləndim:

- Amma nə?

Sahib dayı dedi:

- Qızım, bu molla düz üç gün bundan öncə rəhmətə gedib...

Kişiylə tezbazar sağollaşıb telefonu kənara atdım; biz meşədə ritual keçirdiyimiz gün sən demə bilici molla dünyasını dəyişibmiş. Elə isə Daşa haqlı idi! Bütün hadisələr bizi yalnız Nura doğru aparırdı; xilasımız və əziyyətlərimizdən qurtulma açarımız məhz o qızın əlində idi!

İki gün sonra Daşa ilə yenidən yol hazırlıqlarına başladıq. Xoşbəxlikdən Sahilə bibi cümə namazında idi və biz onun qarşısında “hesabatlaşma prosesindən” azad idik.

Yenidən yolçuluq, yenidən Hacıqabul! İndi artıq dəfələrcə getdiyim yolda narahat deyildim. Keçirdiyimiz ritual bizə qorxu dolu anlar yaşatmaqla yanaşı, eyni zamanda, əsas vacib amili tapmağa imkan yaratmışdı: Nurun həqiqətən də çətinliklərimizə yardım edə biləcəyini öyrənmişdik. Maraqlıdır ki, Hacıqabula çatdıqda vahiməli meşə tərəfə boylanarkən artıq əvvəlki həyəcanı hiss etmirdim. Ürəyimdə “çəkişməsən bərkişməzsən” misalını xatırlayaraq gülümsündüm.

Daşa həmişəki kimi fikirlərimdə idi:

- Get-gedə güclənirsən!

Mən güldüm:

- Hə, bir azdan sənin yerinə şər qüvvələrlə kontrakt imzalayacam!

İkimiz də bərkdən gülüşdük.

Avtobus son dayanacağa yetişdi: “Xoş gəlmisiniz” lövhəli həmişəki yer, bir qədər aralıqda tək-tük taksiçilər və xeyli uzaqda “canlı məlumat bürosu” olan Bəşir kişinin çayxanası.

Taksi sürücülərinə göz gəzdirərək, orada Sahil dayının olmadığını gördüm: “Yəqin sərnişini var, iş başındadır”.

Ağsaqqalı yersiz zəngimlə narahat etmək istəmədiyimdən, üz tutdum çayxanaya. Burada ayaqüstü var-gəl eləyən çayçı oğlana səsləndim:

- Bəşir dayı burdadırmı?

Cavan oğlan mənə diqqətlə baxaraq qapalı tikiliyə daxil oldu, iki-üç dəqiqə keçməmiş otaqdan yekəqarın Bəşir kişi çıxdı:

- Buyurun, xanım!

Mən Bəşir kişiyə özümü xatırlatdım, bu dəfə Nur müəlliməni soraqladım:

- Onun yalnız kənd məktəbində işlədiyini bilirəm. Anasının adı Məsmədir. - Sonra bir qədər düşünüb əlavə etdim: - Atası... Atasının adı deyəsən, Tahir... Hə.... xatırladım, dəqiq Tahirdir!

Dilimin ucuna kişinin hafizəsini təzələmək məqsədi iə zavallı Səhərin adını səsləndirmək istəyim gəlsə də, özümü güclə saxlayaraq, bu fikrimdən daşındım, “Kişi havalanar”, düşündüm.

Bəşir kişi bığlarını bura-bura fikrə getdi, sonra onu səsləmək üçün ardınca yolladığım ofisantı səslədi:

- Rəsul, bura gəl görək!

Bəşir kişi işini bilirmiş! Sən demə cavanları cavandan soruşarlarmış!

- Sən Nur adlı müəlliməni tanıyırsanmı? Cavan qızdır.

Rəsul Nurla bağlı bizə lazım olan bütün məlumatları söylədi. Üstəgəl, taksiyə artıq pul xərcləmədən Nurun çalışdığı məktəbə kənd avtobusuyla necə getməyi də izah etdi...

Köhnə avtobusla yarım saat toz-torpaqlı enişli-yoxuşlu yollarla ləngər vura-vura keçdikdən sonra qırmızı kərpic örtüyü olan məktəbin qarşısında dayandıq:

- Bu da maraqlandığınız məktəb! - Sürücü bərkdən söylədi.

Yol pulunu ödədikdən sonra, yorğun-arğın avtobusdan aşağı endik. Daşa təəccüb içində ətrafa boylanırdı:

- Sanki orta əsrlərdəyik! Bura nə maraqlıdır!

Satanistlərin qədim əşyalara, muzeylərə, hətta köhnədən qalma xarabalıqlara belə maraqları heç kəs üçün sirr deyil! Mən söhbətə bir qədər yumor qatmaq istədim:

- Hə, Daşa, sənin seansların üçün əla məkandır!

Daşa məktəb binasını, ətrafındakı iri şam ağaclarını diqqətlə gözdən keçirdi.

Həyətə ilk mən daxil oldum, dostum arxamca addımladı. Əsas girişdən içəri daxil olmuşduq ki, arıq, uzun oğlan bizi qapıda haqladı:

- Kim lazımdır?

Qəfil sualdan çaşqınlıq hissi yaşasam da, tez özümü ələ aldım:

- Nur müəllimə buradadır?

Oğlan başı ilə yuxarıya işarə etdi:

- Üçüncü mərtəbə, biologiya sinfi. Qalxan kimi görəcəksiniz!

Pilləkənləri qalxa-qalxa ürəyimə üşütmə gəldi: Birdən Nur bizi qəbul etməz? Və ya tanımadığımız qızın əslində bizə yardım əvəzi ziyanı dəyə bilər?

Mən biixtiyar beynimin yardım siqnalı ilə yaranan mühafizə vərdişimə təslim oldum, pilləkənləri qalxa-qalxa surə oxumağa başladım: “De ki: yaradılmışların şərindən, qaranlıq çökdüyü zaman gecənin şərindən, düyünlərə üfləyənlərin şərindən və həsəd edənin içindəki həsəd çölə vurduğu vaxtın şərindən, şəfəq aydınlığı Rəbbinə (Allaha) pənah aparıram...”

Üçüncü mərtəbəyə çıxar-çıxmaz, elə ilk yarıaçıq qapıdan təbaşirlə lövhə üzərində yazı səsinin şahidi olduq. Yarıörtülü qapıya yaxınlaşdıqda lövhədə tez-tez qəribə, heroqliflərə bənzər cızma-qaralar edən incə belli, qısa saçlı gənc qızı gördük.

Mən astadan qapını döydüm. Qapının döyülməsinə məhəl qoymayan incə səs sahibəsi bizə baxmadan sakitcə dilləndi:

- Buyurun, xanımlar! Xoş gəlmisiniz...

Ardı var

Tarix
2020.08.16 / 00:54
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Alman mediası Əliyevin bu çıxışından yazır

Suriyanın XİN rəhbəri Azərbaycana gələcək

Nazir müavini Dəməşqdə: 12 il sonra səfirlik açılır...

Beynəlxalq ekspertlər qəzanı araşdırmağa başladılar

Bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayı

"Bild" pilotlarımızın qəhrəmanlığından yazdı

Kadırov azərbaycanlıları hədələyir? Feyk yayıldı - Video

Putin yenidən İlham Əliyevə zəng etdi - Təcili

Hökumənin qardaşı: Həmişə onunla fəxr edəcəm

ABŞ-dan inanılmaz: Zurabişvilini “tanımağa” hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla