Prezident İlham Əliyev
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında fərman imzalayıb.
"Axar.az" xəbər verir ki, Prezidentin rəsmi
saytı bu barədə məlumat yayıb.
Fərmanda qeyd olunur ki, ölkədə növbəti illərdə iqtisadiyyatın
diversifikasiyasının, qeyri-neft sektorunun və regionların
inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və
sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə
"Azərbaycan Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" təsdiq edilsin.
Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti
orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən
zəruri tədbirlər görmək; İqtisadiyyat və Sənaye Nazirliyi və
Maliyyə Nazirliyi ilə birlikdə hər il üçün Dövlət İnvestisiya
Proqramı tərtib edilərkən Dövlət Proqramında illər üzrə nəzərdə
tutulan tədbirlərin icrasını təmin etmək; İqtisadiyyat və Sənaye
Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə
investisiyaların cəlb edilməsi məqsədi ilə beynəlxalq maliyyə
institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə
danışıqlar aparmaq; bu fərmandan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının
gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat
verməlidir.
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata
keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm
tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və
uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların
sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı
sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft
sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və
sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya
qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin
açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və
yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili
məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7
dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin
gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb.
Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6
min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə
5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş
genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün
möhkəm zəmin yaradıb.