Ana səhifə Gündəm |
Belçikanın aparıcı təhsil ocaqlarından biri olan Brüssel
Azad Universitetində Azərbaycan Respublikasının Belçikadakı
səfirliyinin dəstəyilə "Qafqazda və bölgədə erməni problemi" adlı
elmi-praktiki konfrans keçirilib.
Konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən diaspor
təşkilatımız - Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Dünya
Azərbaycanlıları Konqresidir. Konfransda çıxış edən səfir Fuad
İsgəndərov qeyd olunan mövzu çərçivəsində
Ermənistan–Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən
unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı
haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı
törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.
Konfransda məruzəçi qismində çıxış edən millət vəkili Qənirə
Paşayeva Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dinləyicilərə
geniş məlumatlar verib: "Xocalı soyqırımı nəinki türk millətinin,
insanlığın ortaq ağrısı olmalıdır. Çünki Xocalıda yaşananlar modern
dünyanın insanlıq utancı idi".
Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq hüquq
prinsiplərini pozaraq Azərbaycan torpaqlarını işğal edib. İşğal
nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir. Bu
insanların bitməyən acılarının olduğunu deyən millət vəkili,
"İnsanların evlərindən didərgin düşməsi ilə yanaşı, 100 mindən çox
insan sağlamlığını itirib. Hələ bu siyahıya psixi strees keçirənlər
daxil deyil. Ermənistan bütün bunları etməklə insanlığa qarşı bir
cinayət törədib", - deyə qeyd edib.
Millət vəkili Qənirə Paşayeva Ermənistanın 22 il əvvəl Xocalıda
dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa
qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və
unutdurmayacağıq deyib. Xocalı soyqırımını tanıyan qətnamələrin bir
sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, qatillərin
hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili
bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin
Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.
O bildirib ki, "22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən
soyqırım onların azərbaycanlı olduğu üçün deyil, türk olduğu üçün
gerçəkləşdirildi. Bunu erməni "ziyalıları" özləri etiraf edirlər.
Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq
ictimaiyyət susmamalıdır və bu soyqırımları törədənlər ədalət
qarşısında cavab verməlidir".
Tədbirdə belçikalı araşdırmaçı, Qafqaz üzrə mütəxəsis Mixael Lvor,
Dr. Vəfa Qurban (Dokuz Eylül Üniversitesi) də geniş çıxış edərək,
Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ermənilərin işğalçılıq
siyasətinin tarixi kökləri və bölgədə yaşatdığı acılar, qondarma
erməni soyqırımı iddiaları və ona qarşı mübarizə yolları və s.
mövzularda danışmışlar.
Konfrans zamanı dinləyiciləri maraqlandıran çoxsaylı suallar
məruzəçilər tərəfindən cavablandırılıb. ("Publika.az")
Tarix
2014.03.02 / 22:18
|
Müəllif
Axar.az
|