Bu gün Bakı vaxtı ilə
saat 17.00 radələrində Ukrayna Milli İnformasiya Agentliyinin
mətbuat mərkəzində Azərbaycan diaspor nümayəndələrinin təşkil
etdiyi mətbuat konfransına start verildi.
Bu informasiyanı Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporunun sədri Hikmət Cavadov yayıb. Onun sözlərinə görə,
mətbuat konfransında "Azərbaycan diasporu Ukraynanın suverenliyi və
ərazi bütövlüyünü dəstəkləyir" mövzusu ətrafında diskussiyalar
aparılıb.
Qeyd edək ki, mətbuat konfransında Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Dnepropetrovsk
Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, "Diasporatv"
internet televiziyasının rəhbəri Elmar Məlikov və "Azərbaycanın
sözü" qəzetinin redaktoru Dmitri Kulibaba jurnalistlərin suallarına
cavab veriblər.
"Krım ərazisində baş verən hadisələr bizə 1990-cı ildə Dağlıq
Qarabağda baş verən hadisələri xatırladır. Həmin vaxtda da bəzi
dırnaqarası siyasətçilər süni olaraq millətlərarası problemi
qaldırdılar. Bu isə bölgəyə Rusiyanın "sülhməramlı qüvvələri"nin
gətirilməsi ilə nəticələndi. Krım ərazisində on illərdir ki,
ruslar, ukraynalılar, Krım tatarları, azərbaycanlılar və digər
millətlər çiyin-çiyinə yaşayıblar. Rus hərbçilərinin Krımdakı
hərəkəti əsl işğal kimi başa düşülməlidir. Ukraynada yaşayan
Azərbaycan diaspor nümayəndələri bu gün ərazi bütövlüyü üçün
Ukrayna xalqı ilə birgə çıxış edirlər".
Bu sözləri "Ukrinform" agentliyinin mətbuat mərkəzində keçirilən
konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri
Hikmət Cavadov deyib.
O, qeyd edib ki, eynilə 1990-cı illərdə Rusiya ordusu Dağlıq
Qarabağa daxil oldu. Rusiya bilərəkdən Dağlıq Qarabağda,
Abxaziyada, Cənubi Osetiyada, Pridnestrovıda, indi isə Krımda
"problemli bölgə" yaradır. Bu gün Krımda baş verənlər rus xalqının
siyasəti deyil, konkret insanların əməlidir. Nəticədə onların
siyasəti məhvə məhkumdur. (ANS)