Ermənistan politoloqu, qondarma "DQR"in keçmş "xarici
işlər naziri" Arman Melikyan erməni saytına maraqlı açıqlama
verib.
Musavat.com
xəbər verir ki, o, "İsgəndər"lərin əslində Ermənistan ərazisində
çoxdan olduğunu söyləyib. Onun fikrincə, bu fakt Azərbaycanı
apreldə erməni mövqelərinə hücum etməkdən çəkindirməyib:
"İsgəndər"lər paradda nümayişindən sonra Rusiya və Azərbaycan
arasında "hava-hava" və "hava-yer" taktiki raketlərinin yeni
nəslinin istehsalı ilə bağlı danışıqlar başlayıb. Yaddan çıxarmayaq
ki, Rusiya dünyanın ən böyük silah istehsalçısı və
ixracatçılarından biridir. Real müharibə şəraitində Rusiya
istehsalı olan silahların müvəffəqiyyətli tətbiqi həmin silahlar
üçün əlavə reklam ola bilər. Suriyada istifadə olunan hava əleyhinə
müdafiə sistemləri, habelə bomba və raketlər Moskva üçün canlı
reklam sərgisinə çevrilib.
Qarabağ bölgəsində hərbi əməliyyatların başlaması təhlükəsi və
bu təhlükənin aprel ayında gerçəkləşməsi bölgə dövlətlərini
silahlanma məsələsində yenidən yarışa girməsinə səbəb oldu.
Ermənistanın müstəqilliyinin 25 illiyində nümayiş etdirilən
"İsgəndər"lər isə bu yarışı daha da qızışdıra bilər.
Bəlkə də səhv edirəm, lakin bildiyimə görə, bu sistemlər
Ermənistanda uzun müddətdir ki, mövcuddur. Çətin ki Azərbaycanın da
aprel ayına qədər bundan xəbəri olmamış olsun. Daha doğrusu,
Azərbaycan bunu bildiyi halda belə hərbi əməliyyatlara başlamaqdan
çəkinmədi. Yəqin ki, erməni tərəfinin bu raketlərdən istifadə edə
bilməyəcəyinə əmin olublar. Belə çıxır, müharibə şəraitində
istifadə edilə bilməyən silahlar ancaq Rusiya-Azərbaycan
əməkdaşlığına xidmət edir".
"ABŞ dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin həlli üçün
şərtlər görmədiyini söyləyib. Prezidentlərin yeni görüşü barədə isə
hər hansı informasiya yoxdur. Belə olan halda danışıqlar
preosesinin dalana dirəndiyini söyləmək olarmı" sualına Məlikyan
belə cavab verib:
"Madrid prinsipləri sülh prosesi üçün heç bir əsas vermir. Bizim
hakim elitamız isə əgər uzaqgörənlik və müdriklik nümayiş
etdirsəydi, həm aprel döyüşlərinin qarşısı alınardı, həm də snayper
qurbanlarının sayı azalardı. İndi belə bir təəssürat yaranır ki,
rəsmi İrəvan yalnız Vyana və Sankt-Peterburq görüşlərində əldə
olunan razılaşmaların yerinə yetirilməsindən sonra yeni görüşə
razılıq verəcək. Bu cür yanaşma, əlbəttə, vaxt udmaq üçün yaxşıdır,
lakin bu rəsmi İrəvanın yeni siyasi xətt işləyib hazırladığına və
gerçəkləşdirmək istədiyinə dəlalət etmir".
Erməni politoloq müharibənin real olduğunu vurğulayıb:
"Azərbaycan tərəfi 20 ildir ki, arzu etdiyi hədəfə danışıqlar
yolu ilə olmasa da, hərbi vasitə nail olmaq üçün çalışmaqdadır.
Rəsmi Bakı Qarabağa ediləcək hücumun beynəlxalq birlik tərəfindən
işğal olunmuş ərazilərin azad edilməsinin qanuniliyinin qəbul
etdirilməsi üçün hüquqi və siyasi zəmini artıq yaradıb. Bu bizim
həyati maraqlarımız üçün böyük təhdid yaradır və böyük təəssüflə bu
məsələdə öz payımızın az olmadığını qeyd etmək istərdim".