Kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın
gələcəkdə daha böyük həcmdə nəticə verəcək.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasda deyib.
Prezident qeyd edib ki, ölkənin sənaye potensialı 0.2 faiz
artıb:
"Neftin qiyməti düşdü və bunun nəticəsində dövlət
investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu,
müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı. Ancaq sevindirici
hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız
baxmayaraq ki, az artır - 0,2 faiz, amma artır. İqtisadiyyatımızın,
sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu,
yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da
artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın
gələcəkdə daha da böyük həcmdə nəticə verəcək.
Sosial layihələr icra edilib. İyirmi doqquz məktəb tikilib, 485
məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub,
təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri icra
edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb.
İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır,
onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri
bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim
təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri
bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il
üçün bu, xüsusi bir göstəricidir.
Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. "Cənub Qaz
Dəhlizi" layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli
nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük
konteynerləri Azərbaycan ərazisindən keçir. Yəni, biz çox güclü
nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi,
iqtisadi maraqlarını təmin edəcəyik.
Hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz
yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı
üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də
inkişaf yolu ilə gedirik və gedəcəyik".