Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində dünya liderlərinin ən birinci müzakirə edəcəyi məsələ, fikrimcə, yeni sədr seçkiləri ilə bağlı olacaq. Antonio Quterreşin səlahiyyət müddəti il sonunda başa çatır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib.
“İkinci məsələ isə çoxqütblü dünya sisteminə inamın bərpası ilə bağlı olacaq. Artıq bir çox dövlət beynəlxalq qurumlara inanmırlar. Bu sessiyada beynəlxalq hüquqa inamın bərpası da gündəmə gətiriləcək.
Digər mühüm məsələ təbii ki, üçüncü dünya dövlətlərinin inkişafı ilə bağlıdır. ABŞ-la digər ölkələrin münasibətləri də gündəmdir. ABŞ-Kanada və ABŞ – AB gərginliyinə diqqət yetiriləcək.
Düşünürəm ki, BMT daxilində ciddi islahatlara ehtiyac var. Xüsusilə, BMT-nin maliyyə və struktur problemləri mövcuddur. Bununla bağlı yəqin ki, müzakirələr aparılacaq.
Eyni zamanda, qlobal münaqişələrə diqqət çəkiləcək. Dünya faktiki olaraq barıt çəlləyinə bənzəyir və hər yerdə müharibə gedir - Yaxın Şərqdə, Qəzzada, İranda, Livanda, Suriyada, Yəməndə, Sudanda, Somalidə, Liviyada...
Bundan əlavə, Rusiya-Ukrayna və İran müharibəsinin dünya müharibəsinə çevrilmə ehtimalı yüksəkdir. Bunlar beynəlxalq sülhü təhdid edir.
Digər tərəfdən, insan inkişafı ilə bağlı bəzi məsələlər var və onlar da gündəmə gətiriləcək. İqlim məsələləri, qlobal istiləşmə, dünyada dəniz səviyyəsinin qalxması, müasir texnologiyalar, innovasiyalar, süni intellektin tənzimlənməsi, səhiyyə problemləri və ən əsası nüvə silahları ilə bağlı məsələlər də müzakirə olunacaq”, - politoloq qeyd edib.