Yuxarı

AŞPA-da Azərbaycanın uğurlarından danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman və onun cəmiyyət həyatındakı yeri Avropa Şurasının daim diqqətdə saxladığı mövzulardandır.

Axar.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında əvvəlcə mədəniyyət, elm, təhsil, media komitəsində, sonra isə Assambleyanın plenar iclasında İspaniyadan olan deputat xanım Kuintanillanın hazırladığı "İdman hamı üçün – bərabərlik, inteqrasiya və ictimai yaxınlaşma üçün körpü" adlı məruzə ətrafında müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun bu mövzuda hazırladığı çıxışın mətni AŞPA Katibliyi tərəfindən nəşr edilərək yayılıb.

İdmanın fəlsəfəsi etibarilə demokratik mahiyyətindən bəhs edən deputat Rafael Hüseynov bir sıra maraqlı məqamlara diqqəti çəkib: "Fəlsəfəsi etibarilə idman bizim uğrunda mübarizə apardığımız idealların – demokratiyanın, insan haqlarının, bərabərliyin, dostluğun, əməkdaşlığın, sülhün rəmzi sayıla bilər. Lakin təəssüf ki, ayrı-ayrı insanların arzuedilməz fəaliyyətləri nəticəsində idman həm də əleyhinə mübarizə apardığımız və cəmiyyət həyatı üçün təhlükə hesab edilən bir sıra neqativ halların da əsas meydanlarından birinə çevrilib. Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahı qarşısında 192 dövlətin bayrağı dalğalanır. O ölkələrdən hansısa ərazicə çox böyük, hansısa iqtisadi, hərbi cəhətdən çox güclü, hansısa əksinə, xeyli kiçikdir. Lakin yanaşı dalğalanan bayraqların hamısı eyni hündürlükdə, eyni ölçüdədir. Heç bir cəhətdən dünyanın böyük, qüdrətli dövlətləri ilə müqayisə edilə bilməyən xırda bir ölkənin nümayəndəsi idman yarışlarında həmin böyük ölkənin təmsilçisinə qalib gələr, yaxud tanklarının, təyyarələrinin sayı üz-üzə gəldiyi ölkənin əhalisinin miqdarından çox olan ölkənin komandası balaca ölkəyə uduzar və heç kəs də bunu məntiqdən kənar, qeyri-adi saymaz. İdmanın bütün başqa məziyyətlərindən əlavə bir gözəlliyi də məhz bu mənadakı qeyri-adiliyi, demokratik mahiyyətidir. Özünəməxsus siyasəti olsa da, idman siyasət deyil, lakin idmanı siyasi məqsədlər üçün istifadə etmək, idmanın siyasiləşdirilməsi cəhdlərinin varlığı da danılmazdır. Həm də bunu yalnız idmanla bilavasitə bağlı olan qurumlar deyil, hərdən sırf siyasətlə məşğul olan beynəlxalq təşkilatlar da edirlər".

Müstəqillik illərində Azərbaycanın dünya miqyasında idman sahəsindəki misilsiz nailiyyətlərinə toxunan Rafael Hüseynov bunun ilk növbədə dövlətin apardığı uğurlu siyasətin bəhrəsi olduğunu qeyd edib: "Azərbaycanda idman tarixin bütün dövrlərində sevilib və müxtəlif sahələrdə çox güclü idmançılar da yetişib. Lakin Azərbaycan dünyanın idman xəritəsində yalnız son 25 ildə bütün əzəməti ilə görünüb, məhz müstəqil olduğu dövrdə öz sözünü deməyə, dünyada tanınan idman ölkəsinə çevrilməyə başlayıb. Bu gün Azərbaycan mütəmadi olaraq bir sıra beynəlxalq idman yarışlarına, dünya çempionatlarına ev sahibliyi edir. Halbuki elə 25 il bundan əvvəl də dünya idman arenalarında müvəffəqiyyətlə çıxış edən azərbaycanlı idmançılar olub. Lakin ölkə müstəqil olmadığından onlar tamam başqa bayraq altında çıxış edirdilər və öz xalqlarını deyil, içərisində yaşamış olduqları imperiyanı təmsil edirdilər. Onlar diskriminasiya, haqlarının tapdalanması halları ilə də az qarşılaşmırdılar. Azərbaycanın nümunəsi, qısa zaman kəsiyində çox da böyük olmayan bir ölkənin dünyanın tanınan idman ölkələrindən birinə çevrilməsi dövlətin idmana qayğısının münasib modeli kimi öyrənilməyə layiqdir. Bəzən şəxsi nümunə çox şeyi həll edir. Hazırda Azərbaycan dövlətinə rəhbərlik edən Prezident İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Ölkənin bütün regionlarında idmanın inkişafı üçün dövlət başçısının gördüyü işlər, tikilən müasir idman kompleksləri bəhrəsini verməkdədir. Ölkələr idmana sadəcə bədən tərbiyəsi, ənənəvi idman yarışları kimi deyil, siyasətin, dövlət və cəmiyyət həyatının vacib istiqaməti kimi yanaşsalar, belə uğurlu nəticələrin mütləq əldə ediləcəyi şəksizdir".

İdmana önəm verəcək hər ölkənin də, hər insanın da mütləq qazanacağını bildirən R.Hüseynov mülahizələrini belə yekunlaşdırıb: "Olimpiya Oyunları ilə bağlı hətta məğlubiyyətə uğrayanlara da təsəlli verən məşhur bir deyim var ki, əsas iştirakdır. Əlbəttə, mübarizəyə qatıldığın istənilən sahədə, o cümlədən idmanda ilk növbədə qələbəyə nail olmağa can atmaq lazımdır. Lakin Olimpiya Oyunları haqqında söylənmiş həmin məşhur aforizmin bütövlükdə idman anlayışının özünə aidiyyəti var. Əsas olan idmana yaxşı münasibət bəsləmək, ümumən, mütəmadi idmanla məşğul olmaqdır. Ən azı daha sağlam olacaqsan, ovqatın xoş olacaq, xəstəliklərə qalib gələcəksən, dostların artacaq. Bu, bir insana da, bütöv bir dövlətə də aiddir".

Tarix
2016.10.12 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla