Əli İnsanov uzun müddət indiki hakmiyyətdə nazir
vəzifəsində çalışıb. Və bu gün onu mətbuatda müdafiə edən
siyasiləri, yəni radikal müxalifətin nümayəndələrini nazir işlədiyi
zamanlarda çox pis formada aşağlayıb, bəzi hallarda isə təhqir
edib.
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini
Niyaməddin Orduxanlı Əli İnsanovun siyasi məhbus obrazının
yaradılmasına uğursuz cəhd göstərən radikal müxaliflərə cavab
olaraq deyib. Onun sözlərinə görə, Əli İnsanovu radikal müxalifət
hər zaman qatı korrupsioner, rüşvətxor məmur kimi xarakterizə
edib:
"Tarixdən qaçmaq mümkün deyil. Əli İnsanovun nazir vəzifəsindən
alındığı 2005-ci ilə qədər radikal müxalifətin mediadakı
çıxışlarına, analizlərinə baxa bilərsiniz. Onlar birmənalı olaraq
Əli İnsanovu cinayətkar adlandırıblar, külli miqdarda rüvşət
almaqda, korrupsiyada suçlayıblar. Belə olan halda indi onun
müdafiəsi istiqamətində deyilən sözlər uğursuz siyasi cəhdlər,
manipulyasiyalardır".
N.Orduxanlı Ə.İnsanov barəsində oktyabrın 11-də çıxarılan
növbəti həbs qətimkan tədbirinə də toxunub:
"Bu, Azərbaycanda ilk fakt deyil, bundan öncə də həbsdə olduğu
müddətdə məhkumun etdiyi yeni cinayətə görə cinayət işinin
qaldırıldığının dəfələrlə şahidi olmuşuq. Yəni bu, bütün dünyada
normal hüquqi prosedurdur. Bu faktdan hansısa siyasi məqsədlər üçün
istifadə etmək isə gülüncdür. Çünki Əli İnsanov hakimiyyət üçün
qorxulu füqur deyil, onun cəmiyyət içində heç bir nüfuzu yoxdur.
Həmişə öz kobudluğu ilə seçilən, efirdə jurnalistləri belə təhqir
edən bir korrupsioner məmurun hər zaman təhqir etdiyi müxalif
siyasilər tərəfindən müdafiə olunmasının özü bir daha təsdiqləyir
ki, radikal müxalifət növbəti riyakarlığını edir".