Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki son
proseslər və onun Azərbaycanda doğurduğu əks-səda ilə bağlı
Modern.az-a müsahibə verib.
- Türkiyədə məhkəmələrin qərarı ilə "Ergenekon"
əməliyyatları zamanı həbs olunan ordu generalları, o cümlədən
çoxumuzun tanıdığı Vəli Küçük Paşa azadlığa buraxıldı. Sizcə, bu
ordunun yenidən siyasi həyata dönüşünə hesablanmış bir addım ola
bilərmi?
- Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti ordunun hər 10-15
ildən bir ölkənin siyasi həyatına müdaxiləsini istəmir. Ordunun
yenidən siyasətə qarışması ölkədə xoşagəlməz atmosfer yaradar.
Bununla yanaşı, Türkiyənin beynəlxalq nüfuzuna zərər vurar,
demokratiyanın inkişafına mane olar. Türkiyə ordusu NATO-nun
tərkibində ikinci ən böyük ordu idi. Bu cür ordunun generallarının
əsassız ittihamlarla həbs olunması Türkiyə Silahlı Qüvvələrinin
nüfuzuna zərbə vururdu.
Ordu generallarının məhkəmə qabağına çıxarılması Türkiyənin
mənəvi həyatına, türk insanının ruhuna, psixologiyasına pis təsir
edirdi. Keçmiş generalların azadlığa çıxması ordu həyatına və
Türkiyə siyasətinə təsir göstərəcək. İlk növbədə isə Türkiyə milli
təfəkkür sahiblərinin və millətçilərinin gücü artacaq və bu amil
seçkilərə də təsirsiz ötüşməyəcək.
-Türkiyədə martın 30-da bələdiyyə və onun ardından
prezident seçkiləri keçiriləcək. "Ergenekon"çuların azadlığa
çıxması fonunda seçkilərdə hansı partiyanın qalib gəlməsini
söyləmək olar?
- Generalların həbsdən azad olunmasına seçki qabağı atılan addım
kimi baxmaq olar. Həbsdən çıxanların heç biri indiki iqtidara səs
verməyəcək. Müxalifət partiyalarının səsi əvvəlki illərə nisbətən
daha artıq olacaq.
- Ordu generallarının həbsi dini lider Fəthullah Gülən
və baş nazir Rəcəb Tayyib Ərdoğanın vaxtilə mövcud olan ittifaqının
birgə anlaşmasının nəticəsi idi. Həmin birlik həqiqətənmi keçmiş
hərbiçilərdən qorxurdu, yoxsa bu addım başqa maraqlı qüvvələrin
diktəsi idi?
- Hərbiçilər əslində Fəthullah Gülən camaatı və Ərdoğan savaşına
qurban getmişdilər. "Ergenekon" əməliyyatları dolayı yolla böyük
güclərin və dövlətlərin sifarişi ilə həyata keçirilmişdi. Məqsəd
isə Türkiyə ordusunu zəiflətməklə bölgədə gələcək üçün hazırlanan
böyük, gizli siyasi ssenarilərin başlanğıcını qoymaq idi.
- Ərdoğan hökumətinin generalları azadlığa buraxması bir
növ onlara jest idi. Bununla Ərdoğan hərbiçilərin həbsinə görə
Fəthullah Gülənin məsuliyyət daşıdığını demək istədi və Gülənlə
olan siyasi çəkişməsində sanki ordu generalları simasında özünə
yeni siyasi dividentlər qazanmaq istədi. Bu haqda nə deyə
bilərsiniz?
- Dediyinizlə razıyam. Əlavə etmək istəyirəm ki, Türkiyədə
məhkəmələr arasında nüfuz savaşı da var. Hərbiçilərin həbs
olunmasında Türkiyə qanunlarındakı boşluqlar da rol oynamışdı. Beş
il məhkəmənin davam etməsi nə deməkdir? Müstəntiqlərin, istintaqı
aparanların böyük bir hissəsi nurçu camaatına yaxın adamlar idi.
Mənim dostum Vəli Küçük Paşa həbsdən çıxanda əsl ordu generalına
yaraşan bir söz işlətdi. O, həbsini nəzərdə tutaraq bildirdi ki,
Türkiyə Silahlı Qüvvələri onu növbə çəkməyə göndərib. Generallar
həbsə düşməklə sanki hərbi vəzifəsini yerinə yetirdilər. Azadlığa
çıxan hərbiçilərin əksəriyyəti indiki hakimiyyətə müxalif olan
adamlardır.
- Bəs dostunuz Vəli Küçük Paşa həbsdən çıxandan sonra
onunla əlaqə saxlamısınızmı?
- Çox təəssüf ki, onunla danışa bilməmişəm. Amma imkan düşən
kimi danışacağam.
- Vəli Küçük Paşa mətbuata açıqlamasında dünyanın super
gücü ABŞ-a boyun əymədiyi üçün həbsxanaya düşdüyünü bildirib. Bu
Ərdoğan hökumətinin "Ergenekon" əməliyyatlarının həyata keçirilməsi
zamanı ABŞ-ın maraqlarına xidmət etməsi anlamını ifadə
etmirmi?
- Vəli Küçük Paşa Azərbaycan türküdür. O, PKK terror təşkilatına
qarşı mücadilə aparıb. Onun həbsinin motivləri indiyə qədər mənə
bəlli deyil. Həbs olunanların böyük əksəriyyəti millətçilər idi.
Onlar Türkiyənin bütövlüyünü, unitar dövlət olaraq güclənməsini
istəyirdilər. Ola bilsin ki, onların vətənpərvər mövqeləri Türkiyə
ilə bağlı müəyyən planlar hazırlayanlara və separatizm eşqinə
düşənlərə mane olurdu. Bunların hamısı gəlib bir nöqtədə birləşdi
və generallar həbs olundu.
- Bu il Dünya Azərbaycanlıları Konqresinin (DAK)
qurultayı keçiriləcək. Yəqin ki, DAK-ın rəhbərlərindən biri olan
Vəli Küçük Paşa da tədbirdə iştirak edəcək...
- Əlbəttə. Biz onu DAK-ın ən fəal üzvlərindən biri olaraq
görürük və bundan sonra da elə olacaq.
- Türkiyəni sarsıdan rüşvət və korrupsiya
əməliyyatlarından sonra Fəthullah Gülən-Ərdoğan mübarizəsinin
gərginliyi Azərbaycana da sıçradı və ölkədə nurçu qalmaqalı gündəmə
gəldi. Dövlət orqanlarında, deputatlar arasında nurçu təriqətinə
mənsub şəxslərin olması ilə bağlı iddialara münasibətiniz
necədir?
- Şübhəsiz ki, Azərbaycanda nurçuların gizli mafiyaları
mövcuddur. Mən bütövlükdə Gülən camaatını hədəf seçmək istəməzdim.
Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması,
həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək
çox böyük bir işdir. Azərbaycanda "Çağ Öyrətim" şirkəti və Qafqaz
Universiteti kifayət qədər yaxşı təhsil verir. Onların bizim
ölkədəki kursları da kifayət qədər keyfiyyətli şagird hazırlayır.
Onlar Azərbaycan təhsili üçün çox iş görüblər. Amma bunlara
baxmayaraq, proseslərin pərdə arxası tərəfləri də var. Bəlkə, hansı
bir yerdəsə o məktəblərin dinə meylliliyi və təhlükə yardan
tərəfləri var. Mən nurçuluq cərəyanına məxsus adamlarda fanatizmi
müşahidə etmişəm.
Onların sırasında mənim də tanıdığım şəxslər var. Nurçular
Azərbaycanda kök atıblar. İki il əvvəl Xocalı soyqırımı ilə bağlı
İstanbulda bir yürüş keçirilirdi. O yürüşün hazırlanmasına Bakıdan
da müəyyən adamlar getmişdi. Mən bir az gec getdim və onların
mətbuat konfransına çatdım. Həmin mətbuat konfransında asılan bir
şüar diqqətimi cəlb etdi. Həmin şüarda Suriyadakı vətəndaş
müharibəsi ilə Xocalı soyqırımı eyniləşdilirdi və belə halların
təkrar olunmaması bildirilirdi. Heyrətə gəldim. Dedim ki, bu nə
şüardır belə? Cavab verdilər ki, burda dindar kəsim belə məsləhət
görüb və ona uyğun da bu şüarı yazıblar. Suriyadakı vətəndaş
müharibəsinin Xocalı soyqırımına nə dəxli var? Suriyadakı iç
savaşdır. Xocalı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi
soyqırımıdır. Gördüm ki, Azərbaycandan ora göndərilən adamlar dini
təbəqənin, Gülənə yaxın olan şəxslərin təsiri ilə hətta Xocalı
faciəsini o müstəvidə görürdülər...
- Azərbaycandan kimlər var idi orada?
- Mən heç kimin adını çəkmək istəmirəm. Milli Məclisdə və
Prezident Administrasiyasındakı "Gülən komandası"na yaxın adamlar
onsuz da bəllidir. Belə olmasaydı Prezident Administrasiyası
səviyyəsində mətbuatda bu barədə müzakirələr aparılmazdı. Mən yenə
deyirəm, nurçuluq cərəyanına mənsub adamların hamısına kölgə
salmaq, Fəthullah Gülənin gördüyü bütün işləri gözdən salmaq
niyyətində deyiləm. Bizim çox böyük imkanlı şirkətlərimizdən də
Gülən biznesinə aid olanları var. Bəzən onlarla bir yerdə işləməyin
ölkə üçün xoş olmayan nəticələrini görmüşəm.