"Şahin Sultanovun həbsi faktiki olaraq
gündəmdədir".
Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov
deyib.
O, Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrin illərlə
yığılıb qalan problemlərdən doğduğunu bildirib:
"Bu həbslər bir günün içərisində meydana gələn şey deyil. Onlar
illərlə yığılıb qalan məsələlərdir. Bu, əvvəldən həllini tapmalı
idi. Təəssüflər olsun ki, orada yoxlama aparan Silahlı Qüvvələrin
Baş İnspeksiya rəisi general-mayor Məmməd Beydullayev və digərləri
nöqsanları bilərəkdən, yaxud da kiməsə görə qeyd etməyiblər. İndi
həbslər aparılır. Dövləti talan edən adamlar üçün bəzən deyirik ki,
yazıqdır. 300 milyon dollarlıq İsrail hərbi boyalarının yerinə FAB
boyaları istifadə edən şəxslərə niyə yazığımız gəlməlidir? Onlar
cah-calal içərisində yaşadığı halda bəzi zabitlər borcun içində
üzürlər. Niyə belə olmalıdır?"
Ekspert Şahin Sultanovun həbsinin faktiki olaraq gündəmdə
olduğunu bildirib:
"Şahin Sultanovun həbsi faktiki olaraq gündəmdə olan məsələdir.
Sadəcə, hələlik bu məsələyə getmirlər. Ancaq biz bu məsələnin
gündəmdən düşməsinə və dövlətin maraqlarına xələl gətirilməsinə
imkan verməyəcəyik".
Ü.Cəfərov Şahin Sultanovun bütün qanunsuzluqları özbaşına
etmədiyini qeyd edib:
"Şahin Sultanov məsuliyyətdən heç cür yayına bilməz. Onun
müavini Yunis Məmmədov həbsdən sonra Şahin Sultanovla bağlı ilginc
açıqlamalar verib. Yəni Qərargah rəisi komandanın sadəcə olaraq
qanunsuz əməllərini yerinə yetirib. Bu məsələlərin başında da Şahin
Sultanovun qanunsuz hərəkətləri dayanır. Bildiyim qədərilə, Şahin
Sultanov bu hərəkətləri özbaşına etmədiyini bildirib. Komandanın
tabe olduğu birbaşa rəis Səfər Əbiyev idi. Şahin Sultanovu bu
qanunsuz addımları atmağa sövq edən də keçmiş Müdafiə naziridir.
Mən açığını deyim ki, bu həbslərin davamı da olacaq. Çünki orada
başqa qanunsuzluqlar da var. Amma istəməzdim ki, günahsız insanları
günah keçisi etsinlər".
O, Hərbi Dəniz Qüvvələrində həbslərin həyata keçirilməsində bir
neçə səbəbin rol oynadığını söyləyib:
"Həbslər təkcə 300 milyona görə deyil. "Avroviziya" müsabiqəsi
zamanı sökülən evlərə görə verilən pulların mənimsənilməsi,
ərzaqların satılması, mənzil fondunun qeyri-qanuni istifadəsi,
hərbiyə aid olmayan şəxslərin Hərbi Dəniz Qüvvələrindən kifayət
qədər yararlanması və digər faktlar da bu həbslərin əsas
səbəbləridir. Bu hesabatla özlərini prezidentin qarşısında yaxşı
göstərməkdən ötrü canfəşanlıq edirlər. Korrupsiya və rüşvətxorluğu
Müdafiə Nazirliyinin özündə axtarmaq lazımdır. Nazirlikdə təkcə
Səfər Əbiyev olmayıb. Bu işi hazırlayan şəxslər yaddan
çıxarmamalıdırlar ki, sənədlər və aktlar var. Onların altında isə
çox böyük şəxslərin imzaları durur".
Qeyd edək ki, bu gün Hərbi Dəniz Qüvvələrində keçirilən
əməliyyat zamanı iki nəfər yüksək rütbəli şəxs həbs olunub.
Məlumata görə, HDQ-nin Hidroqrafiya bölməsinin keçmiş rəisi,
ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və
Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan
(mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq,
barələrində həbs qətimkan tədbiri seçilib. İttihama əsasən,
hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət
əmlakını mənimsəməkdə (311-ci maddə - rüşvət alma)
təqsirləndirilirlər.