Məlum olduğu kimi, Milli Şuranın sədri Rüstəm
İbrahimbəyov bu qurumun rəhbərliyindən istefa vermək qərarını
açıqlayıb. "Contact.az" R. İbrahimbəyovun Milli Şuraya müvafiq
müraciətini yayıb. "Axar.az" həmin müraciəti təqdim
edir.
"Prezident İlham Əliyevin prezidentliyinin üçüncü dövründə Milli
Şuranın fəaliyyət proqramının hazırlanması üçün mühüm mərhələ
açılıb. 2013-cü ilin prezident seçkiləri ərəfəsində yaradılan
təşkilatımız bu mərhələdə öz tarixi missiyasını layiqincə yerinə
yetirdi: Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli
seçkilərə gələn seçicilərin əksəriyyətinin dəstəyini qazandı və son
20 ildə ilk dəfə olaraq dünya birliyi Azərbaycanda keçirilən
prezident seçkilərinin ümumqəbul olunmuş demokratik normalara cavab
vermədiyini etiraf etdi.
Bizim ümumi qələbəmizə ən çox töhfəni iki partiya verdi: Xalq
Cəbhəsi və Müsavat partiyaları. Klassik Xalq Cəbhəsi Partiyasının,
El hərəkatının və digərlərinin də rolu böyük oldu. Ümid etmək
istərdik ki, bu partiyalar və təşkilatlar bundan sonra da
demokratik qüvvələrin ümummilli birliyi kimi Milli Şuranın
ideyalarını dəstəkləyəcək.
Bu gün Şuranın fəaliyyəti Azərbaycan cəmiyyətinin demokratik
dəyişikliklərə hazıq olduğunu üzə çıxardı. Əvvəllər pərakəndə
vəziyyətdə olan müxalifət qüvvələri ümummilli maraqları məhdud
partiya maraqlarından üstün tutmağa qadir olduğunu və birlikdə
fəaliiyət göstərməyin effektiv olduğunu nümayiş etdirdi. Bu, Milli
Şuranın bundan sonra da Azərbaycanda demokratik islahatlarda
birləşdirici rolunu oynayacağına ümid doğurur.
Lakin Milli Şuranın yaradılması ideyasının təşəbbüsçüsü kimi
mən, onun yaradılması zamanı başa düşmüşdüm ki, demokratik
qüvvələrin koalisiyasının bu qədər geniş tərkibi tədricən mövcud
partiyalararası fikir ayrılıqları səbəbindən dəyişəcək. Məsələn,
qəflətən demokratikyönlü mətbuata prezident seçkilərinin
nəticələrindən və seçkiqabağı dövrdə Milli Şuranın hərəkətlərindən
narazılıqla bağlı məlumatlar sızmağa başladı. Bu cür rəyləri
obyektiv hesab etmirəm. Nəhəng maliyyə vasitələri, inzibati
resurslar və zorakılıq aparatı ilə müdafiə olunan hakim rejimin
seçkiləri açıq şəkildə saxtalaşdırmağa başladığı bir şəraitdə biz
yalnız mənəvi qələbə əldə edə bilərdik ki, buna da nail olduq.
İndi də bundan sonra hakimiyyət tərəfindən təşkil edilən mümkün
hücumlara məruz qalacaq Milli Şuranın gələcəyi haqda bir neçə
kəlmə. Şübhəsiz ki, müxtəlif səbəblərdən Şura üzvlərinin bir
hissəsi qurumu tərk edə bilər. Lakin əminəm ki, bizim sıralarımız
vətəndaşların əsas hüquqlarının pozulduğu, korrupsiya rejiminin
hökm sürdüyü ölkədə demokratik islahatların qaçılmaz olmasına
inanan insanlarla genişlənəcək.
Bu cür düşüncələrə inanan şəxs və Milli Şuranın işində fəal
iştirak etmək niyyətində olan şəxs kimi mən bununla yanaşı yaxın
sessiyada Şuranın sədri vəzifəsindən azad edilməyimlə bağlı məsələ
qaldıracam.
Son illər mən vaxtımın və gücümün çoxunu ölkədə hakimiyyətin də
hesablaşa biləcəyi ictimai rəyin formalaşmasına yönələn
ictimai-siyasi fəaliyyətə ayırdım. Ziyalılar Forumunun və Milli
Şuranın işində iştirak məndən fəallıq tələb edirdi və indi də edir.
Bəzən mən bir sıra obyektiv səbəblərdən bu fəallığı göstərə
bilmirəm. Öz fəaliyyət tərzimlə əlaqədar uzun müddət Azərbaycandan
kənarda qalmalı oluram. Və mənim bir sıra yaradıcılıq öhdəliklərim
də var ki, onların yerinə yetirilməsi üçün təəssüf ki, az vaxt
qalır.
Mən Milli Şuranın sədri postuna professor Cəmil Həsənlinin
namizədliyini təklif edirəm. C.Həsənli bundan əvvəl də Azərbaycanda
və onun hüdudlarından kənarda yüksək dəyərləndirilib. Son prezident
seçkiləri prosesində isə məlum oldu ki, onun timsalında xalqımız
görkəmli siyasi xadim qazanıb.
Milli Şuraya siyasətə qəlbinin səsi, Azərbaycanda demokratiyanın
qələbəsinə təmənnasız səyləri ilə gələn milli ziyalıların parlaq
nümayəndəsinin rəhbərlik etməsini mühüm hesab edirəm. Mənim
fikrimcə, Cəmil Həsənli məhz belə şəxsiyyətdir.
Hörmətlə,
Rüstəm İbrahimbəyov"