Prezident İlham Əliyev Bakı İstedadlar Təhsil
Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış
olub.
Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda
bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da
inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham
Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir
ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil
edir. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət
və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları
tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu
proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində
həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Yüksək
şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu
təhsil ocaqlarından biri də Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin
nəzdindəki Bakı İstedadlar Təhsil Kompleksidir. Burada
təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait
yaradılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat
verdi. Bildirildi ki, bu təhsil ocağının tikintisinə ötən ilin
avqust ayında başlanılıb. Kompleks qısa müddətdə müasir tələblər
səviyyəsində inşa olunub.
Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan Beynəlxalq Təhsil
Mərkəzinin beynəlmiləl məktəbidir. Kompleksin foyesində ulu öndər
Heydər Əliyevin təhsilə göstərdiyi qayğını əks etdirən fotolardan
ibarət stendlər yaradılıb. Məktəbdə təhsil ingilis dilində
aparılır. Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası isə
Azərbaycan dilində tədris olunur. 1200 şagird üçün nəzərdə tutulan
Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlarda 600 şagird təhsil
alacaq. Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq
məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali məktəblərə
hazırlıq mərhələlərini əhatə edəcək.
Məktəbdə 4 birinci sinif və hər birindən 3 sinif olmaqla 2 və
8-ci sinif şagirdləri ən yüksək səviyyədə təhsil almaq imkanına
malik olacaqlar. Təhsil kompleksindəki 80 nəfərlik yeni tipli uşaq
bağçasında da təlim proqramları Azərbaycan və ingilis dillərində
tədris olunur. Balacalara dil və riyaziyyatın əsasları yeni
üsullarla öyrədilir. Təhsil kompleksinin xüsusi nəqliyyat
vasitələri uşaqların xidmətinə verilib. Uşaq bağçasının əsas
kontingenti 3-4 yaşlı uşaqlardır. 5 yaşlılar isə birinci sinfə
hazırlıq kursu keçirlər. Təhsil kompleksində müasir üslubda tikilən
və bütün zəruri avadanlıqlarla təchiz olunan 30 sinif otağı,
kitabxana, 300 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət
üçün iş otaqları, laboratoriyalar, qapalı idman zalı, 2 üzgüçülük
hovuzu, meydançalar, trenajor zalı, yeməkxana, tibb məntəqəsi,
kompyuter otaqları, qeyri-tədris sahələri yaradılıb. Tədris prosesi
hər sinifdə 1 müəllim və 1 assistent tərəfindən aparılacaq.
Müəllimlər beynəlmiləl məktəblərdə iş təcrübəsinə və müvafiq
sertifikatlara malik əcnəbi vətəndaşlar, assistentlər isə ingilis
dilini mükəmməl bilən yerli müəllimlərdən ibarətdir.
Kompleksdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcək.
Burada təlim-tərbiyə prosesi Britaniya təhsil modeli üzərində
qurulduğundan Azərbaycan milli kurrikulumundan bəzi detallar ilə
yanaşı, Britaniya milli kurrikulumu-İngiltərə-Uels kurrikulumu da
tətbiq olunur.
Məktəbdə şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb.
Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti,
davranışı, onlara verilən ev tapşırıqları haqda operativ-interaktiv
məlumat əldə etməyə imkan verəcək. Pedaqoji prosesin müəllim-şagird
əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və
çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi,
şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə etmələri təlimin keyfiyyətinin yüksəldilməsinə zəmin
yaradır. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş
fənlərə dair tədris-informasiya mənbələri ilə zənginləşdirilib.
Təhsil ocağının həyətində abadlıq və quruculuq işləri həyata
keçirilib.
Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda
deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual
qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması
və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların
aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil
müəssisəsidir.