"Ermənilər Rusiyanın vəziyyətini çox yaxşı
bilirlər".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə İlham
Əliyev və Serj Sərkisyanın Paris görüşün şərh edərkən söyləyib.
O, Rusiyanın çöküşündən sonra Qarabağın həll olunacağını
bildirib:
"Fransadakı görüşün əhəmiyyətini anlamaq üçün dünyadakı mövcud
vəziyyəti anlamaq lazımdır. Bu dəqiqə Qərblə Rusiya arasında kəskin
qarşıdurma gedir. Bunun nəticəsində isə Moskva çökməyə doğru
addımlayır. Baxın, neftin qiyməti bu gün dörd dollar aşağı düşdü.
Rusiyanın "Qazprom"u zərbə altındadır. Onun müdafiə sənayesi də
təhlükə ilə üzbəüzdür. Bu fonda İlham Əliyevin Sərkisyanla görüşü
çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Qarabağın həlli
Rusiyanın çöküşündən asılıdır. Rusiya çökməyib inkişaf etsə, bu
məsələ həll olunmayacaq və bütün torpaqlarımızı itirəcəyik. Bu
fonda Qərb Cənubi Qafqazda təşəbbüsü öz əlinə almaq fikrindədir.
Əliyevlə Sərkisyanın Paris görüşü də buna hesablanıb. Ermənilər
Rusiyanın vəziyyətini çox yaxşı bilirlər. Onlar anlayırlar ki,
Moskva onların arxasında sona qədər dayana bilməyəcək. Üstəlik, son
zamanlar Rusiya ilə Bakı arasında münasibətlər çox istiləşib. Səbəb
isə Moskvanın zəifliyi və Azərbaycandan asılılığıdır. Parisdə
Ermənistana mesaj veriləcək ki, müstəqilliyini əlinə al və qərar
ver. Müstəqil qərar isə Cənubi Qafqazda sülhə nail olmaqdır. Sülh
isə Ermənistanın milli maraqlarına uyğundur. İrəvan sülhün
olmadığına görə çökür. Azərbaycana gəlincə isə o öz resurslarından
istifadə edərək xeyli uğurlar əldə edib. Əgər Bakı bu sülhə nail
olsa, bu inkişaf daha da artacaq. Qərb Azərbaycanın arxasında
dayansa və Rusiyanın mənfi təsirlərindən bizi qoruya bilsə, o zaman
bu sülhə nail olacaq. Doğrudur, Parisdə dərhal sülh əldə
edilməyəcək, amma onun bünövrəsi Qərb tərəfindən qoyulacaq".