"Bu bir faktdır ki, Ərdoğan
Rusiya ilə TANAP layihəsi ilə bağlı müqavilə imzalamaqla ciddi
səhvə yol verdi".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
söyləyib.
O, Ərdoğanın siyasətinin Azərbaycan üçün müəyyən çətinliklər
yaratdığını bildirib:
"TANAP və TAP-ın əsas söz sahibi Azərbaycandır. Ərdoğan
Azərbaycanla razılaşdırmadan bu addımı atdı. Buna görə də Avropa
dərhal hərəkətə keçdi. Brüssel Rusiya qazından asılılığı azaltmaq
istəyir. Artıq illərdir ki, Avropa Rusiyanın öz qazından siyasi
məqsədlərini diktə etmək üçün istifadə etdiyini deyir. Ona görə də
Rusiya qazının Avropaya daxil olmasını minimuma endirmək və hətta
dayandırmaq lazımdır. Belə olan təqdirdə Azərbaycanın Avropa üçün
önəmi xeyli artdı. Azərbaycan da tranzit xətt kimi Gürcüstanla
Türkiyənin ərazisini seçdi. Nəticədə TANAP layihəsi meydana gəldi.
Hətta əvvəllər mövcud olmuş Nabukko layihəsini diriltmək istəkləri
də peyda oldu. Bunun üçün əsas şərt kimi Türkmənistan qazının
Xəzərin dibi ilə Azərbaycan qazına qoşulması variantı meydana
gəldi. Amma hazırda Ərdoğanın ölçülü-biçili olmayan siyasəti bu
sahədə kifayət qədər mübahisəli vəziyyət yaradıb. Hesab edirəm ki,
bunun sayəsində Azərbaycan üçün də çətinliklər yaranıb".
Politoloq artıq Avropanın yeni alternativ qaz mənbələri üçün
hərəkətə keçdiyini deyib:
"Rus qazı bizim qaz üçün rəqibdir. Belə olan təqdirdə nə üçün
"Cənub axını" dayandırılaraq Azərbaycana rəqib olan bir ölkənin
qazı TANAP layihəsinə birləşdirilməlidir? Ən azından bu, siyasi
manevr da ola bilər. Amma Ankarada bunu Putinin Türkiyəyə səfəri
zamanı bəyan etdilər. İndi Avropa hərəkətə keçib ki, rus qazı
TANAP-a qoşularsa, bu layihəyə münasibət dəyişə bilər. Avropa
alternativ qaz axtarışına çıxa bilər. Avropa rus qazının
alternativini tapacaq və bunun birinci mənbəyi Azərbaycan qazıdır.
Buraya avropalıların təkidi üzrə rus qazının qoşulması baş
verməyəcək".