"Zaman" qəzeti, "Samanyolu" TV mərkəzlərinə edilən
basqınların bir neçə cəhətinə toxunmaq mümkündür. Birincisi, bu, 17
dekabr 2013 tarixində Türkiyədə aparılan korrupsiya əməliyyatlarına
görə intiqam alma kimi dəyərləndirilə bilər. "Freedom House" da
buna belə qiymət verib. Eyni zamanda, 17 dekabrdan əvvəl yeni
gündəm yaradaraq bunu yaddan çıxartdırma cəhdi kimi də baxmaq
olar".
Bunu Axar.az-a politoloq Fərhad Mehdiyev Türkiyədə son kütləvi
həbslərlə bağlı açıqlama verərkən deyib. O, sözügedən məsələnin
başqa tərəflərinin olmasına da diqqət çəkib:
"AKP bilir ki, "camaat"ın ən güclü yayım orqanı "Zaman"
qəzetidir. Türkiyədə "Zaman"ın 1 milyon civarında tirajı var.
Hökumət bu cür əməliyyatlarla qəzetin tirajına da mənfi təsir
göstərmək istəyir. Məsələnin simvolik tərəfi isə "Sunqurlar", "Tək
Türkiyə" kimi serial ssenaristlərinin belə həbs olunmasıdır. Bu,
göndərilən bir ismarıcdır ki, bizə qarşı çıxanları müəyyən şəkildə
narahat edəcəyik. Bunun digər bir aspekti isə, türkcə desək, "alqı
operasyonu"dur. Bu, o mənaya gəlir ki, indi tutulanların böyük
əksəriyyəti buraxılsa belə, onların qısa müddətlik də olsa
tutulmaları xalqın gözündə cinayətkar kimi qalmaq üçün kifayət
edəcək. Əlbəttə ki, qəzetdə aparılan basqın əməliyyatını nəzərə
alsaq, demokratik ölkələrdə KİV üzərinə bu şəkildə təzyiqlər düzgün
deyildir. Qərb və AB-nin "biz bunu həyəcanla izləyirik,
narahatlığımıza səbəb olur" kimi sözləri demokratik cəmiyyətdə KİV
üzərində bu cür tədbirlərin yolverilməz olduğunu göstərir. AŞPA-nın
sədr müvininin ağır tənqidləri gəlsə belə, indiki halda AKP
hökuməti beynəlxalq imici çox da düşünmür".
Politoloq bildirdi ki, bu imic məsələsi Tvitter və Yutubun
bağlanmasında müşahidə edildi:
"Bu cür addımları atmadan əvvəl AKP müvafiq qanunları
dəyişdirir. Məsələn, Cinayət Prosessual Məcəlləsində dəyişikliyə
görə, "ağlabatan şübhə" həbs üçün kifayətdir, halbuki köhnə
tənzimləmədə "konkret məlumatlara əsaslanan sübutlar" tələb
olunurdu. Doğrudur, bu cür qanun dəyişikliyi daha sonra Türkiyənin
Konstitutisiya Məhkəməsi tərəfindən qeyri-konstitusion sayılaraq
ləğv olundu… Eyni zamanda, Tvitterin bağlanmasına əsas verən, yeni
hakimləri təyin edən qanunlar, Məhkəmə Hüquq Şurasındaki qanun
dəyişikliyi. Polislərin vəzifədən alınması sonradan inzibati
məhkəmələr tərəfindən ləğv edildi. Lakin Konstitusiya Məhkəməsinin
qərarı geriyə şamil olunmadığı üçün nə yeni təyin olunmuş hakimlər
vəzifədən alındı, nə də çıxarılan polislər vəzifəyə geri
qaytarıldı. Əslində bu cür addımların həm ölkə daxilində, həm də
beynəlxalq baxımdan qanunsuz olduğu bilinəndir. Ancaq qeyd etdiyim
kimi, orta məktəblərdə köhnə ərəb əlifbasının öyrənilməsini məcburi
hala gətirən, qız və oğlanların ayrı məktəblərdə oxumasını istəyən
AKP hökuməti beynəlxalq imici çox da düşünmür".
F.Mehdiyev Türkiyədə bu kimi halların bundan sonra da davam
edəcəyini qeyd edib:
"Hesab edirəm ki, qəzetə olan basqından sonra böyük ehtimalla
camaatın maliyyə mənbələri daha çox hədəfə məruz qalacaq. Əslində,
bundan əvvəl bəziləri hədəfdə qalsa da, istənilən nəticəni vermədi.
Məsələn, "Bank Asiya"nı batırmaq istəsələr də, bu, alınmadı. Ancaq
Türkiyədə "camaat"ı dəstəkləyən müəyyən sayda biznesmen, iş
adamaları var. Bunların bir hissəsinə yönəlik müəyyən təhdidlər
olmuşdu. Bundan sonrakı hərəkət bu biznes sektorlarına qarşı
olacaq".