Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullanın AzərTAc-a müsahibəsi:
- Hörmətli Kamal müəllim, 2014-cü ilin əvvəllərində
Prezident İlham Əliyevin Fərmanı ilə millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti
yaradıldı. Ölkə Prezidentinin Sərəncamı ilə siz bu Xidmətə rəhbər
təyin olundunuz. Bu müdət ərzində Xidmət ölkəmizin müxtəlif
rayonlarında, şəhər və qəsəbələrində, həmçinin Bakı şəhərində dini,
milli və mutikutluralizm istiqamətində faydalı, çoxşaxəli tədbirlər
həyata keçirdi. Yeni 2015-ci ildə davam etdirəcəyiniz işlər barədə
konkret məlumat vermək istərdinizmi?
Niyə tələbələr
– Mart ayından fəaliyyətə başlayan Xidmət, əslində, Prezident
İlham Əliyevin Azərbaycanın ideoloji həyatının ahəngdar inkişafını
təmin etmək istiqamətindəki düşüncələrinin real təzahürüdür.
Doğru qeyd olundu ki, gördüyümüz işlər çoxşaxəlidir və onlardan
yalnız biri ilə bağlı xüsusi danışmaq istərdim.
Prezident İlham Əliyev daim qeyd edir ki, multikulturalizm
vətənimizdə özünəməxsus həyat tərzinə çevrilib. Eyni zamanda,
multikulturalizm dövlət siyasətinin əsas xətti kimi dünya
ölkələrinin də xüsusi marağına səbəb olur və biz bu sahədəki
təcrübəmizi hamı ilə bölüşməyə hazırıq. Azərbaycan
multikulturalizmi həm siyasi, həm sosial təcrübəsi ilə bəşəri
dəyərlər sisteminə bu gün çox şey verə bilər.
Möhtəşəm Heydər Məscidinin açılışı zamanı Prezident İlham Əliyev
bir məsələyə toxundu. Dünya siyasətçiləri, ictimai, elmi xadimlər,
mədəniyyət nümayəndələri çox zaman belə bir sualla müraciət edirlər
ki, necə ola bilir, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri,
ruhani başçıları bir-birinə qarşı bu cür səmimi və xeyirxah
qardaşlıq münasibətilə yaşaya bilirlər?! Bunun səbəbini soruşurlar.
Əlbəttə ki, bu fenomenin ciddi səbəbini elmi araşdırmalar aparıb
vermək də mümkündür. Amma, məncə, bunun səbəbini elmi araşdırma
aparmadan da açmaq olar. Cavab budur: Prezident İlham Əliyevin
şəxsiyyəti! Bəli, məhz Prezident İlham Əliyevin müxtəlif din
xadimlərinə eyni səmimi münasibəti, eyni diqqət və qayğısı onların
dövlətə və bir-birinə səmimi münasibətini formalaşdıran həm insani,
həm də siyasi səbəbdir. Bunun isə əsasında Ulu öndər Heydər
Əliyevin şəxsi nümunəsi durur. Siyasi və insani varislik bu şəkildə
öz təntənəsini yaşayır.
- Azərbaycan multikulturalizmin bir fənn kimi ali
məktəblərdə tədrisinə başlanılacağı ilə bağlı cəmiyyətdə artıq
müəyyən məlumat var. Bu məsələ haqqında xüsusi olaraq nəyi qeyd
etmək istərdiniz?
- Bu gün Azərbaycan multikulturalizmi şaxələri, istiqamətləri,
qatları ilə artıq elmi-nəzəri və praktik tədqiqat obyektinə
çevrilmə mərhələsinə qədəm qoyub desək, səhv etmərik. Onun mənəvi,
mədəni, siyasi əsaslarının öyrənilməsi, dünya multikultural ənənə
və təcrübəsinin mühüm məqamları ilə faydalı mübadilə potensialı bu
istiqamətin ictimai, fəlsəfi, siyasi elmlər sırasında öz yerini
tutmasını şərtləndirir. Biz öz təcrübəmizi, Ulu Öndərin bu sahədəki
yorulmaz fəaliyyətini dünya səviyyəsində ortaya qoymalıyıq.
Ölkəmizin multikultural təhlükəsizliyinin qarantı kimi çıxış edən
Prezident İlham Əliyevin fəaliyyətini örnək kimi öyrənməli və
öyrətməliyik.
Bu məqsədlə Xidmət tərəfindən iki tədris proqramı hazırlanıb.
Onlardan biri bakalavr səviyyəsi üçün "Multikulturalizmə giriş"
proqramıdır. Digəri magistratura səviyyəsi üçün "Azərbaycan
multikulturalizmi" proqramıdır. Bu proqramlar həm Azərbaycan, həm
də xarici ölkə universitetlərinin tələbələri üçün nəzərdə tutulur.
Təsəvvür edin, müxtəlif xarici ölkələrdə bu istiqamətdə çoxlu
tədbirlər – konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər
təşkil edilir, xeyriyyəçilik aksiyaları həyata keçirilir. Bunlar
çox yaxşıdır. Eyni zamanda, bəzi əlavələrə də ehtiyac var. Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə öz missiyasına
uyğun konkret addımlar atmağa hazırlaşır. Qarşıdakı semestrdən
etibarən Avropanın bir neçə universitetində həm də "Azərbaycan
multikulturalizmi" fənni tədris olunacaq. Artıq Rusiyanın,
Litvanın, İtaliyanın, Gürcüstanın, İsveçrənin, Türkiyənin,
Bolqarıstanın bəzi tanınmış universitetləri onlara təklif edilən bu
fənnin tədrisinə razılıq veriblər. Fənn yeni olduğundan onu tədris
edəcək mütəxəssislər üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
hazırda hazırlıq məşğələləri keçirir. "Azərbaycan
multikulturalizmi" fənni ya xarici ölkə universitetlərinin
mütəxəssisləri tərəfindən tədris ediləcək, ya da həmin fənn üzrə
müəllim buradan göndəriləcək. İndi bu böyük işin hazırlığı gedir.
İnanıram ki, ildən-ilə həm xaricdə, həm də ölkə daxilində bu tədris
ocaqlarının sayı artacaq və daha çox xarici ölkə gənci Azərbaycan
barədə məlumat alacaq, onun dostuna çevriləcək.
Digər tərəfdən belə bir universal fənnin Azərbaycan gəncliyinə
də təqdim edilməsinə ehtiyac var. Multikulturalizm xalqın tarixi,
mədəniyyəti, psixologiyası, dünyagörüşü, dili, ədəbiyyatı, siyasi
baxışları, durumu, gələcək inkişaf istiqamətləri, hədəfləri, bəşəri
dəyərlər sisteminə verdiyi töhfələr barədə ümumiləşdirici elmi
təlimdir. Tutalım, bu saydıqlarımız humanitar yönlü
universitetlərdə bu və ya başqa şəkildə (dil, ədəbiyyat, tarix,
mədəniyyət yönlərindən) tədris edilir. Bəs texniki istiqamətli
universitetlərimizin tələbələri təhsili boyunca belə fənlərin heç
qoxusunu belə almırlar – bu, necə olsun?! Niyə bizim texniki, tibb,
iqtisadi, neft universitetlərimizin tələbələri Azərbaycanla bağlı
bu dərəcədə vacib mətləblərdən xəbərsiz olsunlar?! Xəbərdar
olsalar, bu gənclərin həyata atıldığı zaman vətənpərvərlik,
azərbaycançılıq, dinlə bağlı təsəvvürləri daha möhkəm və səbatlı
olmazmı?
Bütün bunları nəzərə alaraq, bir daha o fikrə gəlirik ki,
Prezident İlham Əliyevin "multikulturalizm bizim həyat tərzimizdir
və ona alternativ yoxdur" kəlamının ölkəmiz və xalqımız üçün
əhəmiyyəti sonsuzdur. Cəsarətlə demək olar ki, müasir dünya
ictimai-siyasi fikir tarixində bu yanaşmanın çəkisi böyükdür və
əhəmiyyətli yeri var.
Azərbaycan multikulturalizmi bu gün dünya masştabında elmi və
təcrübi nümayişini həyata keçirməyə hazırdır. Biz bu fenomeni
öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə də dünyanın ən
müxtəlif elm, mədəniyyət ocaqlarında hər bir şəraiti yaratmağa
hazırıq və bunu əzmlə edəcəyik. Nəticədə ümidvaram ki, bütün
dünyada Azərbaycanın dostlarının sayını artırmış olacağıq. Bu, Ulu
Öndərin göstərdiyi hədəflərə doğru aparan yoldur, bizim həm
borcumuz, həm də haqqımızdır.
- Kamal müəllim, sonda Yeni il arzularınızı öyrənmək
istərdik.
Əlbəttə, Yeni il özü ilə yeni fikirlər, yeni yanaşmalar
gətirəcək. Arzu edirəm ki, 2015-ci il millətimiz və Vətənimiz üçün,
Prezidentimiz üçün uğurlu olsun.