Ana səhifə Gündəm |
(Yaşadığın ev şüşədəndirsə, başqalarının evinə daş atma!)
Atalar sözü
Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi koalisiya (5 Körfəz ölkəsi - İordaniya, Misir, Mərakeş və Sudanla birgə) 2015-ci ildən bu yana Yəməni bombalayır. Özü də təkcə düşmən saydıqları husiləri, sabiq prezident Əli Abdullah Saleh tərəfdarlarını, hərbçiləri, yaraqlıları yox, bütün dinc əhalini, məktəbləri, bazarları, xəstəxanaları, toyu, yası, ümumiyyətlə insanların kütləvi toplaşdığı hər yeri... Küçə və meydanları günahsız qadın, uşaq və qocaların ətrafa səpələnmiş cəsədlərindən axan qanla boyadıqdan sonra cinayətlərinə bəraət qazandırmaqdan ötrü bəhanələr tapır. Əslində, buna heç ehtiyac da yoxdur, çünki nəinki ölkə xaricində imza atdığı qətliamlara, elə daxildəki dəhşətli əməllərinə – rejimə qarşı çıxanların, xüsusən cəfəri məzhəbli din xadimlərinin boynunun vurulması, asılması və digər çeşidli edam üsullarına görə də rəsmi Ər-Riyadı sorğulayan, məhkəməyə çəkən, cəzalandırmaq istəyən yoxdur. Məhz həmin özbaşınalıq və hegemonluq üzündən Yəməndə baş verənlərin – ölüm, yaralı, itkin, qaçqın, dağıntı hallarının çox böyük rəqəmlərlə ifadələnən real statistikası beynəlxalq ictimaiyyətdən gizlədilir. Ölkəni əsl cəhənnəmə döndərən ötən 5 il ərzində həyatını və sağlamlığını itirən dinc yəmənlilərin sayı onminlərlə ölçülür, yüzlərlə yaşayış məntəqəsi, kommunikasiya şəbəkələri dağıdılıb, iqtisadiyyata milyonlarla dollar ziyan dəyib. ABŞ isə İsrailin müdafiəsinə qalxdığı formada, Səud ailəsini də qoruyur. Amma yəhudi təsisatından fərqli, bu ərəb dövlətinə göstərilən mühafizə xidməti pulludur – təxminən jurnalist Camal Qaşıqçı olayına göz yummaq müqabilində yüz milyon dollarlıq ödəniş kimi...
Buynuzsuz qoçun heyfi buynuzluda qalmaz, deyib ata-babalarımız... Elə bir neçə gündür dünyanı qarışdıran da qisasın qiyamətə qalmamasıdır. Hərçənd husilər indiyə qədər də rəqiblərinə qarşı müxtəlif əməliyyatlar keçirmiş, Səudiyyənin ayrı-ayrı texnikasını, silah-sursatını, canlı qüvvəsini sıradan çıxarmışdılar. Lakin Yəmən faciəsinin müəllifləri olan iri güclər buradan ərşə dirənən insan fəryadlarına yönəlik BMT, İƏT çağırışlarına görə olmasa da, qarışıq, nəzarətsiz məmləkətdən hər an gələ biləcək sərt əks-hücumları, qlobal təhlükələri göz altına alaraq münaqişə ocağını söndürməyə cəhd göstərmədiklərindən məntiqsiz problemin məntiqi sonu yetişdi. Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkaik və Xuraysə bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına 10 pilotsuzun hücumu və sonrakı güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb, hansı ki, şirkətin ümumi hasilatının 50 faizinə bərabərdir. Gözlənilməz olay Kral sülaləsini çaşdırmaqla yanaşı, Ağ Evi də bərk qəzəbləndirərək ödənişli müttəfiqlik damarını xeyli genəldib. Dövlət katibi Pompeonun bölgəyə ezamiyyəti ilə hadisəni yerində araşdırmaq qərara alınıb. Və bilmirəm, pərakəndə husilərin belə mükəmməl işi bacaracaqlarına inanmadıqları üzündənmi, ya çoxdan yaydıqları qiyamçıları İranın dəstəklədiyi xəbərinə, deməli raketləri də istiqamətləndirə biləcəyi ehtimalına istinadən, ya da hərif donordan həriscəsinə faydalanmaqla vampir iştahasını doydurmaq ehtiyacından, yaxud 11 sentyabr olayı və Səddamın Küveytə hücumunda olduğu kimi yaranmış əlverişli fürsətdən bəhrələnib regionda daha geniş kontingentlə kök salmaq istəyini reallaşdırmaq üçünmü çeşidli planlar qurulur. Hər halda indi husilərdən danışan, onları suçlayan çox azdır, bütün nəzərlər Tehrana dikilib. Bizim bəzi jurnalist və politoloqlarımızın arzularından fərqli, Donald Tramp “İranla müharibə ən sonuncu seçimdir” deyərək hərb variantını istisna edib, ancaq 48 saat müddətində yeni sanksiyaların tətbiqini zəruri sayıb.
Bu da dünyada ədalət prinsiplərinə verilən “önəm”, insan haqlarının “təntənəsi”... Səudiyyə koalisiyası beş ilə yaxındır ki, zəif, kasıb, diktatura hakimiyyəti və vətəndaş qarşıdurmaları ilə taqətdən düşmüş Yəməni bombalayır, yerlə-yeksan edir, beynəlxalq aləmin, Qərbin vecinə deyil, nüfuzlu qurumlar, hüquq-müdafiə təşkilatları lal-kara dönüb, bəziləri bəyanat verməklə, nümayəndə göndərməklə işlərini bitmiş sayır. Amma ABŞ və müttəfiqlərinin mənafeyi tapdalanan anda planetin qəflət yuxusuna haram qatılır, hegemon hərəkətlər başlanır, cəza mexanizmi işə salınır...
Baş verənləri tam araşdırıb maddi sübutlar ortaya qoymadan köhnə rəqibləri qaralamaq, gözə xoş görünməyənləri günahkar çıxarmaq, yanında olmayanları qarşında görməksə siyasi xof və kəmfürsətlik nümunəsidir. Əvvəla, husilərin sentyabr xoxundan öncəki avqust xəbərdarlığında daha sıx şəkildə İraqın adı hallanırdı. Bir ay öncə Səudiyyənin neft qurğularına hücuma xeyir-dua vermiş Bağdadı ittiham edirdilər, Tehran da ara-sıra həmin kampaniyaya qoşulmaqda, dəstək verməkdə suçlu bilinirdi. Mümkündür ki, yerə səpələnmiş metal qırıqları sovet dövrünün X-55 qanadlı raketinə, yaxud bu layihənin İran istehsalı “Soumar”a aiddir. Bəlkə də sözügedən qələbələri ilə öyünən husilər ölkənin oxşar quruluşlu qanadlı raketlərindən də dəm vurublar. Lakin bütün bunlar hava həmləsinin İran tərəfindən həyata keçirilməsi iddiasına əsas vermir və ola bilsin, pilotsuzlar da hadisənin yeganə səbəbi deyil.
Hələ avqustda “Moon of Alabama” (Alabamanın Ayı) sosial hesabı, svpressa.ru saytı və digərləri yazırdılar ki, “Səud koalisiyası Yəmənlə savaşı tam uduzub. Husilərinn Yəməndə əldə etdikləri silahdan onların müdafiəsi yoxdur. Bu silah ölkənin iqtisadi həyatını təhdid altında saxlayır. Səudiyyə Ərəbistanı pilotsuzlar vasitəsilə reallaşan kütləvi hücumları durdura biləcək nəyəsə sahib deyil. Neft qurğularını qorumaq üçün Rusiya istehsallı yüzlərlə “Zireh-S1” və “Fıstıq” hava hücumundan müdafiə sistemləri gərəkdir, amma heç onların da dəf edə biləcəklərinə zəmanət yoxdur”.
İkinci, sadə xalq yalançı din libasına bürünmüş, “iki müqəddəs məkanın xadimi” qismində süni görüntülü repressiv rejimin amansız təzyiqlərindən cana doyub. İlk imkanda avtoritar hakimiyyəti devirmək yönündəki çıxışlarsa qəddarlıqla yatırılır. Bir sözlə, “Ərəb baharı”nın ölkə daxilinə sızmasına hələlik zor gücünə də olsa imkan verilmir. Hücuma görə məsuliyyəti üzərinə götürmüş husi silahlıları təmsilçisinin bəyanatındakı bir cümlə isə diqqətdən kənarda qala bilməz: “Bu əməliyyat bizim güclərin Səudiyyə Ərəbistanının içərilərində həyata keçirdikləri ən uğurlularından biridir və ciddi kəşfiyyat əməliyyatı, ilkin monitorinq və Krallıqdakı comərd və azad insanların işbirliyindən sonra reallaşıb”. Nəzərə alın ki, istər gündə 6,8 milyon barel xam neftin emal olunduğu və ümumi neft-qaz hasilatının üçdə ikisinin keçdiyi Əbkaik, istərsə də 190 km cənubi-qərbdə, ikinci ən böyük karbohidrogen yataqları hüdudlarında yerləşən Hurəysədəki qurğu Yəməndən 1000 km-dən artıq məsafədə yerləşir.
Üçüncü, gənc şahzadələrin sarayda mühüm vəzifələrə yiyələnmək, neftdən gələn fantastik gəlirlərə nəzarət, topladıqları saysız-hesabsız sərvəti qoruyub saxlamaq uğrunda savaşı da məsələdə az rol oynamır. Rəsmi Ər-riyad yaxınlarda “Aramco” dövlət neft korporasiyasındakı payının satışı üzrə planları təzələyib. Köhnə energetika naziri Xalid əl-Fəlihin vəzifəsi əvvəl aşağı salınıb, sonra isə kürsüdən alınaraq vəliəhd şahzadənin ögey qardaşı Əbdüləziz bin Salmanla əvəzlənib. Məlumatda vurğulanır ki, Xalid əl-Fəlihin uzaqlaşdırılması millətçilərin “Aramco”nu və ölkənin sərvətini satmağa müqavimətinə son qoyub: “Amma əsas qurğularının təhlükəsizliyinə təminat verilməyən və ciddi hücumlara məruz qalan şirkətin hansısa payını kim alar? Səudiyyənin təlxək şahzadəsi “Aramco”nun səhmlərini məqbul qiymətə satmazdan əvvəl Yəmənlə barışmalı olacaq. O, husilər sülh bağlamaq istəməmişdən qabaq Yəmənə və onun xalqına təzminat şəklində xeyli milyard ödəməyə məcburdur.”
Dördüncü, adətən dünya jandarmeriyası bir məkanı dağıtmaq istəyəndə daha az zərərlə ötüşmək üçün daxildəki müxtəlif qüvvələri üz-üzə qoyur, vuruşdurur. Yəməndə də başlıca döyüş qaçaq prezident Əbdurrəbuh Mənsur Hadiyə sadiq qüvvələrlə şiəliyin Zeydi təriqətinə mənsub husi qiyamçıları arasındadır. Hakimiyyət qüvvələri də loyallıq məsələsində parçalanıblar. Onların bəziləri Hadiyə, digərləri isə husi inqilabçılara və hələ müəyyən nüfuza malik keçmiş prezident Əli Abdullah Salehə rəğbət bəsləyirlər. Mənsur Hadi həm də ölkənin sünni cənubunda Xalq Müqavimət Komitəsi kimi tanınan silahlı birləşmə və yerli tayfalar tərəfindən dəstəklənir. İndi belə bir qarışıqlıqda, xüsusən də husilərin uzunmüddətli mübarizələri sayəsində silah-sursat, hətta dronlar istehsalını bacardıqları şəraitdə neft yataqlarına hücumu İranın üzərinə yükləməyə çalışmaq xeyli gülüncdür.
Haşiyə: İslamının Zeydilik təriqətinə aid husilər həm də Ənsar Allah (Allahın döyüşçüləri) kimi tanınan qrupun üzvləridir. Zeydilər əhalinin üçdə birini təşkil edir və 1962-ci ilədək 1000 il müddətində Yəmənin şimalında imamlıq kimi tanınan sistemdə yaşayıblar. Adlarını 2004-cü ildə doğma Saada əyalətinin daha geniş muxtariyyət qazanması məqsədli hərəkatın rəhbəri Hüseyn Bədrəddin əl-Husidən götürüblər. Həmin ilin sonlarında o, hərbçilər tərəfindən qətlə yetirildi və ailəsi hökumətə qarşı 5 dəfə üsyana qalxdı. Nəhayət 2010-cu ildə husilərlə Yəmən rəhbərliyi arasında atəşkəs sazişi imzalandı.
Beşinci, yaranmış münbit şəraitdən istifadə etməklə təşkilatlanan radikal islamçılığı xatırlamağa çalışaq. Ərəb yarımadasının Əl-Qaidəsi (AQAP) həm prezident Hadiyə, həm də husilərə qarşıdır. AQAP özünün cənubdakı və cənub-şərqdəki istehkamlarından bir sıra ölümcül hücumlar reallaşdırıb. Qərb kəşfiyyatı AQAP-ı texniki hazırlığına və qlobal əlaqələrinə görə Əl-Qaidənin ən qorxulu qruplarından biri sayır. Həmkarımız Kənan Rövşənoğlunun araşdırmalarına əsasən, mənzərəni bir az da tündləşdirən terrorçu İslam Dövləti təşkilatının 2014-cü ilin sonlarında burada zühur etmiş qoludur. Onlar AQAP-ı kölgədə qoymaq niyyətindədirlər və 2015-ci ilin martında Sanada törədilmiş silsilə intiharçı bomba partlayışıları üçün məsuliyyəti öz üzərlərinə götürüblər.
Altıncı, Məhəmməd bin Salmanın 2015-ci ildə Yəmənlə başlatdığı mənasız savaş onlara ayda bir neçə milyard dollara başa gəlir. Səudiyyə Ərəbistanının büdcə kəsiri bu il yenidən çoxalaraq ümumdaxili məhsulun 7 faizinə çatmaqdadır. Ölkəyə təzə pullar, ya da neftə daha yüksək qiymətlər gərəkdir. Eyni zamanda, artıq rəsmi Vaşinqtondan da husilərlə saziş hazırlamaq tələbləri səsləndirilir. “Vol Strit Jurnal” nəşri xəbər verir ki: “Tramp administrasiyası Yəməndə dördillik vətəndaş savaşına son qoymaq cəhdi ilə İranın dəstəklədiyi husi üsyançılarla danışıqlara başlamağa hazırlaşır”.
Bu qeydləri kifayət qədər uzatmaq mümkündür, ən əsası, Səudiyyə suveren bir məmləkətə illərdir haqsız divan tutmağın, Qərb bütün vasitələrlə həmin soyqırımı dəstəkləməyin, dünya isə gözü qarşısındakı insanlıq dramı müqabilində susmağın acılarını yaşayır. Yəmən Qırmızı dənizlə Ədən körfəzini birləşdirən ensiz Bab əl-Məndab boğazının üstündə yerləşdiyinə görə stratejidir. Adıçəkilən dar boğazdan isə qlobal neftin əksər daşımaları keçir. Misir və Səudiyyə Ərəbistanını narahat edən budur ki, husilərin üstünlük qazanması boğazdan neft keçidi üçün əngəl törədə bilər.
Məqaləmi də onların təmsilçisinin xəbərdarlığı ilə bitirmək istəyirəm: “Səudiyyə rejiminə söz veririk ki, gələcək əməliyyatlarımız genişlənəcək və o öz təcavüz və mühasirəsini davam etdirincə həmişəkindən daha ağrılı olacaq. Biz təsdiq edirik ki, hədəflər bankımız gündən-günə genişlənir və Səudiyyə rejiminin ölkəmizi işğalını dayandırmaqdan savayı çıxış yolu yoxdur”.
P.S. Yeri gəlmişkən, vəliəhd Məhəmməd bin Salmanın neft müəssisələrinə dron hücumundan sonra ağır günlər keçirdiyi xəbəri yayıldı. “Əl-Nəşrə” saytı şahzadənin psixologiyasının pozulduğunu bildirir. Mənbə qeyd edir ki, Bin Salman dron hücumundan sonra depressiyaya girib və sakitləşdirici dərmanların dozasını iki dəfə artırıb. Ərəblərin Tvitter fenomeni Müctəhid isə bunları yazır: “Bin Salman hər nə qədər sakit görünsə də, əslində narahat və həyəcanlıdır. O bu dəfə ölkələrini yox edəcək savaş və neft olaylarını ciddiyə alıb. Vəziyyəti qaydasına salmasalar, onları yox edəcəklərini düşünürlər”.
Tarix
2019.09.21 / 09:15
|
Müəllif
Qurban Cəbrayıl
|