"Azərbaycan Dövlət Neft Şirkətinin də ixtisar edilən
işçilərlə bağlı proqramları var".
Bu sözləri Axar.az-a ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin
Quliyev ixtisar edilən işçilərin aqibəti ilə bağlı danışarkən
deyib.
ARDNŞ sözçüsü qeyd edib ki, ixtisar edilən işçilərlə bağlı təkcə
BP-nin proqramları yoxdur. SOCAR da ixtisar edilən işçiləri
düşünür:
"Niyə təkcə BP-nin ixtisar etdiyi işçilərini nəzərə alması
qiymətləndirilir? Niyə ARDNŞ-in belə proqramlarından danışmırlar?
İllərdir Neft Şirkətinin ixtisar edilən işçilərlə bağlı böyük bir
proqramı var. Bu proqrama əsasən, ixtisar edilən hər işçi nəzərə
alınır və ya ona seçim verilir. Bizim şirkətdə ixtisar edilən
işçilərin əmək haqlarının beş misli nağd olaraq özlərinə ödənilir.
ARDNŞ bu proqramlara başlayanda, bu cür addımlar atanda heç bir
şirkətdə belə bir layihə yox idi".
N.Quliyev qeyd edib ki, ixtisar edilən işçi işdən çıxmaqdan
imtina etdiyi zaman ona başqa seçimlər də verilir:
"Əvvəlcə onu qeyd edim ki, ARDNŞ-də işçilər ixtisar olunmur,
vəzifələr ixtisar olunur. Vəzifə ixtisar olunan zaman isə həmin
işlə məşğul olan işçi və ya işçilərin şirkətin başqa sahəsində
ixtisası üzrə ehtiyac varsa, orada işləmək təklif olunur. Əgər
vakant yer yoxdursa, bu zaman ona öz ixtisasını dəyişmək,
ixtisasına nisbətən yaxın olan işlə təmin olunmaq təklif edilir.
İşçi əmək haqqının 5 mislini nağd alaraq götürüb gedə də bilər,
"sərbəstləşən işçilər" haqqında proqrama əsasən, 1 il müddətində
ayda maaşlarının yarı faizini alaraq ixtisaslarını dəyişib başqa
işdə çalışa da bilər. Təbii ki, bu seçim işçinin özündən
asılıdır".
Xatırladaq ki, BP ixtisar etdiyi işçilərin banklara olan bütün
borclarını ödəməyi üzərinə götürür. BP-nin borca dəstək (loan
support) proqramı var ki, bu proqram bank vasitəsilə kredit
ödəyənlərə şamil olunur. Belə ki, ixtisar olunan işçilərdən kim o
proqrama qoşulubsa, BP onlara işdən çıxdıqdan sonra 12 ay
müddətində dəstəyini davam etdirir. İşçinin banka olan kreditini
ödəməyi öz üzərinə götürür.