Bakı Avrasiya Universitetinin professoru Ədalət
Tahirzadə ilk dəfə olaraq Azərbaycan Cümhuriyyətinin Parlament
sədri Əlimərdan bəy Topçubaşovun imzaladığı maraqlı bir məktubu
əldə edib.
Axar.az xəbər verir ki, indiyədək heç yerdə dərc edilməyən
məktubda Əlimərdan bəy Topçubaşovun imzası "Azərbaycan
Hökuməti-Cümhuriyyəsi Sülh Heyətinin sədri" (sənədin sonundakı
möhürün üstündə belə yazılıb) olaraq göstərilib. Məktub 95 ildən
sonra Paris arxivindən tapılıb.
Əlimərdan bəy kimə və nə yazıb?
Sənəd barədə açıqlama verən Ə.Tahirzadə bildirib ki, Azərbaycan
Cümhuriyyəti Sülh Heyətinin başçısı kim Parisə Sülh konfransına
göndərilən Əlimərdan bəy Topçubaşov 1920-ci il mayın 12-də yazdığı
hesabatda Avropaya oxumağa göndərilmiş tələbələrin ağır maddi
durumundan söz açıb:
"O, 447 saylı bu məktubu əslində Azərbaycan Cümhuriyyətinin xalq
maarif nazirinə ünvanlayıb. Onu yazaraq zərfə qoyub və ağzını
bağlayıb. Ancaq Azərbaycanda müstəqil dövlətimizin yıxıldığını və
rusların qurduğu bu yeni hakimiyyətdən nəsə gözləməyin əbəs
olduğunu dəqiqləşdirəndən sonra məktubu göndərməkdən vaz keçib.
Hesabatı Sülh Heyətinin katibi Abbas bəy Atamalıbəyov yazıb və
sonunda Əlimərdan bəylə birgə Abbas bəy də ona qol çəkib".
Sənəddə oxuyuruq:
"...Buradakı qəzetlər xəbər verir ki, bizdə çevriliş olub,
təəssüf ki, bu haqda Heyətin səhih qaynaqlardan heç bir məlumatı
yoxdur".
Professor bunu müharibə ərəfəsində rabitə əlaqələrinin zəif
olması ilə izah edib:
"28 apreldə baş vermiş çevriliş haqqında belə bir nüfuzlu
diplomatik heyətin sədrinin hətta 12 mayda - yarım aydan sonra da
bilgili olmaması bu gün təəccüb doğurur. Ancaq Birinci Dünya
savaşının yenicə bitdiyi dönəmdə Avropa ilə Azərbaycan arasında
poçt rabitəsinin hədsiz bərbad durumunu nəzərə alsaq, bu
məlumatsızlığı təbii saymalıyıq".
Hesabatda Ə.Topçubaşov göstərib ki, hökumətin tələbələrə
göndərdiyi 215 min 660 frank yalnız 3 mayda Parisə gəlib çatıb. O
zamanadək Fransa, Almaniya və İtaliyada oxuyan tələbələrə Sülh
Heyəti öz hesabına yardım göstərib. Yeni gələn puldan isə Fransa və
İtaliyada oxuyan tələbələrə (uyğun olaraq hər birinə ayda 600 və
500 frank) 1 iyunadək, Almaniyada oxuyanlara (400 frank) 1
sentyabradək təqaüd verilib.
100 tələbənin taleyi araşdırılıb
Ə.Tahirzadənin sözlərinə görə, o zaman Əlimərdan bəy tələbələrə
ilin sonunadək dolanmaq üçün ən azı ayda 1000 frank hesabı ilə
təcili pul göndərməyi də tələb edib:
"Sənəddən daha sonra oxuyuruq ki, tələbələrin qayğıları ilə
məşğul olmaq Sülh Heyətinin xeyli vaxtını alır. Heyətin katibi
A.b.Atamalıbəyov yalnız bu işlə məşğuldur. Maraqlı bir fakt da
budur ki, hesabat yazılan vaxtadək göndərilənlərdən yalnız
Mirzeynalabdin Mirqasımov ali məktəbə girə bilib, yerdə qalanların
hamısı hələlik oxuyacağı ölkənin dilini öyrənməklə məşğul
olublar".
Bu sənəd Azərbaycan Cümhuriyyəti Sülh Heyətinin gənc hökumətin
xaricə təhsil almağa göndərdiyi 100 tələbənin taleyinə nə qədər
qayğıkeşliklə yanaşdığını bir daha təsdiqləyir.
Xatırladaq ki, professor Ə.Tahirzadə uzun illərdir Azərbaycan
Cümhuriyyəti hökumətinin 1920-ci ilin yanvarında xaricə oxumağa
göndərdiyi 100 tələbə haqqında araşdırmalar aparıb və bu haqda
kitab hazırlayıb. Görkəmli diplomat, UNESCO-nun keçmiş şöbə müdiri
Ramiz Abutalıbov bu işdə ona daim yardım göstərib:
"Ramiz bəy indi də müjdə verərək bildirib ki, Parisdə yaşayan və
işləyən gürcü araşdırmaçı dostumuz Giorgi Mamulia sənə çatdırmaq
üçün Əlimərdan bəy Topçubaşovun tələbələrlə bağlı, indiyədək heç
kəsin görmədiyi hesabatının surətini göndərib. R.Abutalıbov öz
məktubuna Mamulianın qeydlərini də əlavə edib".
Zərfi ilk dəfə Giorgi Mamulia açıb
G.Mamulia R.Abutalıbova yazır:
"Ədalət üçün Topçubaşının tələbələr haqqında 12 may 1920-ci il
tarixli hesabatını göndərirəm. Bu sənəd onda ola bilməz, çünki
Azərbaycana göndərilməyib. O, zərfə qoyularaq bağlanıb və mən onun
ağzını açanadək arxivdə eləcə də qalıb. Hesabata məruzənin sonunda
adları sadalanan qoşmalar da əlavə olunub..."