Krım tatarları yarımadanın siyasi xəritəsində özünəməxsus yer tutur. Bu mənada Prezident Zelenskinin Krım tatarlarının nümayəndəsi ilə görüşdə Ukraynada Ramazan və Qurban bayramının dövlət səviyyəsində qeyd olunması məsələsini gündəmə gətirməsi ciddi siyasi addımdır. Bu yolla o, Krım tatarlarının tam dəstəyini alacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ukrayna Prezidenti Vladimir Zelenskinin Krım tatarlarının nümayəndəsi ilə görüşdə Ukraynada Ramazan və Qurban bayramının dövlət səviyyəsində qeyd olunması haqda sözlərini şərh edərkən deyib. Politoloq bildirib ki, Zelenskinin məlum addımı təkcə Krım tatarlarının deyil, Rusiyanın tərkibindəki digər türk qurumlarının da rəğbətinə səbəb olacaq.
Qabil Hüseynli Krımın tarixi türk torpağı olduğunu xatırladıb:
“1783-cü ilədək Krım xanlığı Osmanlı imperiyasının himayəsində idi. Yəni bu ərazidə tarixən Krım tatarları yaşayıb. Krım xanlığının Rusiya tərəfindən işğal olunmasından sonra bölgəyə slavyan xalqları köçürülüb. Bununla belə, yarımadaya uzun müddət nə ukraynalı, nə də tatar idarəçi təyin edilib. Bu gün Krımda tatarların sayı azalıb. Təbii ki, burada süni faktorlar önəmli dərəcədə rol oynayır. Belə ki, 30-cu illərdə SSRİ rəhbərliyinin Krım tatarlarını kütləvi şəkildə Qazaxıstana sürgün etməsi Krımın etnik vəziyyətinə çox ciddi təsir etmişdi. Bu azmış kimi, İkinci Dünya müharibəsi illərində faşist Almaniyası yerli Krım tatarlarına çox böyük əziyyət verib, kütləvi şəkildə qətlə yetirmişdi”.
Q.Hüseynli deyib ki, bu gün Krımda yaşayan tatarların bir çoxu Tatarıstandan gəlmədir:
“Yerli Krım tatarlarının sayı isə azdır. Lakin Krım tatarları yarımadanın siyasi taleyi üçün önəmli rola malikdir. Bu mənada həm Rusiya, həm də Ukrayna Krım tatarlarının dəstəyini almağa çalışır”.
Politoloq qeyd edib ki, Krım tatarları Ukrayna ilə birlikdə hərəkət edirlər:
“Krımın işğalı zamanı Krım tatarlarının böyük bir qismi Ukraynaya keçdi. Hazırda Krım tatarlarının siyasi rəhbərləri də, siyasi elitası da Ukrayna ərazisindədir. Krım Tatarları Cəmiyyətinin başçısı Mustafa Cəmilov Ukrayna Ali Radasının deputatıdır. Bu gün Krım tatarları Ukrayna ərazisinə köçməyin tərəfdarı deyil. Onlar Krımın yenidən Ukraynaya birləşdirilməsi üçün fəal siyasət aparırlar. Ümumilikdə demək olar ki, Krım tatarlarının siyasi platformasında Rusiya yox, Ukrayna ilə birlikdə gələcəyə davam fikri hakimdir”.