Ermənistanın Rusiyanın tərkibinə qatılması və RF-in subyektlərindən birinə çevrilməsi üçün müzakirələrin getdiyi barədə xəbərlər həqiqəti əks etdirmir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bu tip xəbərlərin yayılmasının bu ölkənin və ya onun havadarlarının regionda oynadığı bir oyun olduğunu bildirib:
“Ermənistan bu gün Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu işğal 26 ildən artıqdır ki, davam etməkdədir. Bu da azmış kimi, Türkiyəyə də ərazi iddialarından əl çəkmirlər. Bir ölkənin ərazisini işğal edən, digər qonşusunun isə torpaqlarına göz dikən bir ölkənin Rusiyanın subyekti halına çevrilməsi mümkün deyil. Buna görə də bu xəbərləri əsassız hesab edirəm. Ermənistanın belə bir niyyəti olsaydı, 90-cı ildə, SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasının tərkib hissəsi olaraq qalardı”.
Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın hazırda qarşısında duran ən böyük hədəf SSRİ-nin dağılması fonunda müstəqil olan ölkələri yenidən bir araya gətirməkdir:
“Heç kəsə sirr deyil ki, bu gün Rusiya özünü keçmiş SSRİ-nin varisi kimi görür. Təsadüfi deyil ki, bu gün postsovet ölkələri Rusiyanın maraq dairəsi olaraq görülür. Rusiya dəfələrlə bu ölkələri bir araya toplamaq və özünün liderliyində siyasi-iqtisadi-hərbi blok yaratmağa cəhd edib. Hazırda bu ölkələrin hamısını bir araya gətirmək heç də asan deyil. Bu gün Ermənistan faktiki olaraq Rusiyadan hər sahədə asılı bir dövlətdir. Hətta buna görə Ermənistanı Rusiyanın bir əyaləti də hesab etmək olar. Lakin Rusiya bu ölkəni ilhaq edib başını ağrıtmaq istəməz. Belə bir niyyəti olsa idi, hər halda, bunu çoxdan edərdi”.
Qeyd edək ki, “Vzqlyad” nəşri Rusiyanın siyasi dairələrində Ermənistanın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə bağlı müzakirələr getdiyi haqda məlumat yayıb.