"İranın savaşdan qalib
çıxdığını zənn etməsinin və özünü bu cür aparmasının kifayət qədər
əsasları var".
Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc Qərb-İran
razılaşmasının gerçəkləri barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, şifahi razılaşma və niyyət protokolu
imzalanan kimi Obamanın Netanyahuya zəng vurması beynəlxalq
yanaşmaların birmənalı olmadığını göstərir:
"Bir sıra dövlətlər İranın izolyasiya rejimindən çıxmasını milli
maraq və təhlükəsizliklərinə zərbə hesab edir. ABŞ yeni xarici
siyasətində nə qədər gələcək planlarını tapsa da, daxildə imkanları
xeyli məhduddur. Çünki respublikaçılar Obamanın qərarının
əleyhinədir. Ölkə daxilində Obamanı hədələyənlər isə bəzi xarici
məsələlərə müqavimət göstərə bilməyəcəklər. Ən önəmlisi ABŞ-ın bunu
İranı gizli dəf etmə planının tərkib hissəsi saymasıdır. Yəni bu,
İranın gələcəkdə zərbə alması üçün hesablanmış bir layihədir.
Əslində bu, ABŞ-ın regionda özünə müttəfiq seçməsi və gələcəkdə
Yaxın Şərqə və ərəb dünyasına qarşı İranın gücündən faydalanmaq
planı da deyil. Yaxud Türkiyəyə qarşı yeni bir zərbə qüvvəsi,
həmçinin Rusiyanı parçalamaq və İranı Rusiyadan ayırmaq niyyəti də
birinci yerə qoyula bilməz. Əvvəlki ənənəvi siyasət, yəni
sanksiyalar rejimi və yasaq tədbirlər İranı nə qədər zəiflədirdisə,
hakimiyyəti bir o qədər gücləndirirdi. Obamanın son çıxışında bunu
açıq mətnlə də olsa dilə gətirməsi təsadüf deyil. Görünür, bir
müddət sonra İranın nüvə silahını əldə etmək və 1400-ə qədər nüvə
silahının hazırlanması üçün lazımlı texnoloji prosesi həyata
keçirməyə başlayacağı təqdirdə bunun qarşısının diplomatik yolla,
sanksiyalarla almağın qeyri-mümkünlüyünü hesablayıblar. Bax,
layihənin əsl adı bundan ibarətdir".
Millət vəkili bildirib ki, yeganə yol hərbi vasitələri işə
salmaqdır, hansı ki, bu, vaxtilə İraq və başqa dövlətlərə qarşı da
həyata keçirilib.
Onun sözlərinə görə, ABŞ-ın İran siyasətinə Rusiya cavabsız
qalmayacaq:
"Hadisələrin bu cür cərəyan etməsi, İranın müttəfiq deyil, hətta
Yaxın Şərqə qarşı planlar üçün istifadədən daha çox, müvəqqəti bir
dövr üçün nüvə məsələsindən geri duracağı təqdirdə resurslarının
Avropaya çıxması ilə İranın güclənməsindən irəli gəlir. Qərbin
üsul-idarəsi İrana ayaq açarsa, bu, inqilabı bir situasiya
yaradacaq. Çünki qapalı rejimdən çıxmaq İranın daxildən sarsılması
deməkdir. ABŞ-ın hədəflədiyi əsl siyasət bundan ibarətdir. Əgər
hadisələr belə inkişaf edərsə, tam əminliklə deyə bilərəm ki,
Rusiya buna seyrçi qalmayacaq. Kreml İranla Qərbin oynadığı oyunu
pozmaq üçün hətta böyük ehtimalla müəyyən nüvə başlıqlarını İrana
sata da bilər. Rusiya maraqlarını fəal bir şəkildə qorumaq üçün
İran amilindən imtina etməyəcək. Hətta Yaxın Şərqdə şiə
ideologiyasının güclənməsinə Moskva artıq imza atıb. Bunu
Suriyadakı vəziyyət, o cümlədən Yəməndə bir-birinin ardınca bir
neçə şəhəri ələ almış şiə qüvvələrinə Rusiyanın xeyli loyal və isti
münasibəti göstərir".
"Əgər İran Amerika planına uymuş olsa, hətta Rusiya İranı nüvə
silahına sahib etmək üçün əməliyyatlara belə başlaya bilər", -
millət vəkili bildirib.
Deputat hazırda Azərbaycanın da mürəkkəb bir situasiyadan
keçdiyini qeyd edib:
"İranın izolyasiyadan çıxması ilə onun imkanlarından
Ermənistanın da yararlanması üçün şərait yarana bilər. Düzdür,
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr İranı
qıcıqlandıra bilər. Ancaq İranın Azərbaycan əleyhinə yürütdüyü
keçmiş siyasətini müəyyən mənada dayandırması mümkündür. İllüziyaya
da qapılmamalıyıq. Hər halda ortada İsrail dövləti, Türkiyənin
maraqları və Amerikanın birparametrli olmayan siyasəti var. Əminəm
ki, ortada elə hadisələr cərəyan edəcək ki, bu, həm Yaxın Şərqdəki
proseslərdən, eləcə də İranın bir sıra başqa addımları ilə bağlı
olacaq. Mümkündür ki, Suriya və Yəmənlə bağlı məsələlərdə də İranın
atdığı addımlar yenidən nüvə danışıqlarına zərbə vursun. Yəni İran
nüvə silahı əldə etməsin deyə, ona bütün Yaxın Şərqi təslim
etməyəcəklər. Yaxud da ABŞ və Qərb Əsəddən İrana görə əl çəkəsi
deyil. Həqiqətən də Amerika Trans-Atlantik ticarət sazişi kimi
məlum marşal doktrinasını işə salıbsa və Avropanı öz resursları ilə
zənginləşdirmək istəyirsə, bu halda İran onun üçün yenidən rəqib
olacaq. Ona görə də ilkin razılaşmanın təsiri altında verilən çox
uzaqgedən proqnozlar özünü doğrultmaya da bilər".