Son günlər Yaxın Şərq və Qafqaz istiqamətində siyasi,
iqtisadi və hərbi münasibətlər qızışmaq üzrədir. Həm İranın nüvə
məsələsilə bağlı ilkin razılıq, həm də Yəmən konfliktinin böyüməsi
bölgədəki müəyyən mövqelərin dəyişməsinə şərait yaratdı. Hazırkı
zamanda region üçün yaranmış kritik situasiyanın səbəblərini
müzakirə etmək üçün rusiyalı politoloq Qriqori Trofimçuka müraciət
etdik.
Qafqaz savaşı
- İran üzərindən artıq sanksiyalar götürülür. Üstəlik,
Türkiyə NATO üzvüdür və şərqə genişlənmək istəyir. Belə çıxır ki,
bölgədə Rusiyaya qarşı üç rəqib peyda olub...
- Türkiyə və İran hazırda Rusiyanın bölgədəki rəqibləri yox,
daha çox onun tərəfdaşlarıdır. Əlbəttə, əgər onlarda təsadüfən
hansısa hadisə baş verməsə, onda hər şey olduğu kimi qalacaq. Yəni
Türkiyəni Ərdoğan, İranı isə faktiki olar ayətullah Xameneyi idarə
etdiyi müddət ərzində Qafqaz məsələsində hər şey olduğu kimi
qorunub saxlanılacaq. Təbii ki, Qərbə Qafqazda Rusiyaya rəqib
olacaq dövlətlər lazımdır. Hazırkı məqamda yalnız Gürcüstan NATO və
ABŞ-ın regiondakı əsas ümidləridir.
- Amma belə bir şəraitdə Qarabağda savaş qızışır. Rusiya
bölgəyə nəzarətini itirirmi?
- Rusiya heç bir halda Qarabağda müharibəni başlatmayacaq. Əgər
başlatsa, nəinki cənubi, hətta bütün Qafqazı avtomatik olaraq
sarsıdacaq. Rusiyaya həmçinin hazırda Qarabağ cəbhəsində baş
verənlər də sərfəli deyil. Belə ki bu, Azərbaycan və Ermənistan
arasında mövcud olan uzun, soyuq atəşkəsi pozur. Mən bir neçə il
öncə demişdim ki, əgər Qarabağ problemi üzrə danışıqlarda inkişaf
olmasa, müharibə əvvəl-axır başlayacaq. Bu qaçılmazdır. İndi onu
çox ciddi şəkildə Ukraynadakı müharibə də qızışdırır. Bu anda əgər
hazırkı qarşıdurmalar bundan sonrakı müddətdə də qızışsa, Rusiyanı
da Qarabağ zonasındakı müharibəyə cəlb etməyə çalışacaqlar.
Birinci Avrasiya Müharibəsi başlayıb
- Jirinovski bir müddət öncə verdiyi müsahibəsində
Qarabağa rus ordularının yeridilməsini söylədi. Amma baxın Rusiya
hazırda demək olar ki, hamıya qarşı vuruşur və demək olar ki,
dünyada xaos hökm sürür. Əgər Jirinovskinin dedikləri reallaşsa,
Moskvaya təzyiq hansı formada reallaşa bilər?
- Jirinovski Rusiyanın Yeltsin dövrünə aiddir və buna görə də
onun söylədiklərinin hamısına bu baxımdan nəzər yetirmək lazımdır.
Rusiya və ruslar yumşaq şəkildə desək, Yeltsin və onu əhatə edən
hər kəsə çox böyük şübhə ilə yanaşırlar. Əgər Jirinovski harasa,
hansısa qüvvəni yeritmək istəyirsə, onda qoy o özü şəxsən partiyası
ilə birgə müharibəyə getsin. Qalanlarına isə onun toxunmağına gərək
yoxdur. Bilirsiniz, Üçüncü Dünya Müharibəsi çoxdan başlayıb, lakin
onu biz "Üçüncü Dünya" adlandırmayacağıq. Bu, birinci Avrasiya
Müharibəsi olacaq. Burada isə savaş Sovet dövründən qalmış
sərhədlər və Avrasiya materikindəki SSRİ-nin təsir zonaları üstündə
olacaq.
Enerji savaşı: Qalib kim olacaq?
- O zaman bunu enerji savaşı da adlandıra bilərik. Bu
savaşda kim qalib olacaq?
- Əgər ABŞ-da qeyri-adi heç nə baş verməsə, o zaman onlar -
Vaşinqton və müttəfiqləri bu enerji savaşından qalib çıxacaqlar.
Əgər ABŞ-a qarşı olan ölkələr bunların baş verməsini istəmirlərsə,
o zaman indidən anti-Amerika blokuna girməlidirlər. Amma belə blok
yoxdur və olmayacaq. Çünki hər kəs başlayan qlobal qarşıdurmada öz
mənfəətini güdür. Bu cür fikir ayrılığı Vaşinqtonun maraqlarına
xidmət edir. Həm də unutmaq lazım deyil ki, ABŞ vahid qlobal
moderator rolunu oynamağa başlayır.
- Cənab Trofimçuk, siz Amerika və müttəfiqləri dediniz.
Amma bir məsələ də var ki, Vaşinqton özünün Yaxın Şərqdəki əsas
müttəfiqi olan İsraillə münasibətlərini pisləşdirir.
- Amerika heç bir zaman İsraildən küsməyəcək. Amerika-İsrail
münasibətlərində yalnız texniki məsələlər meydana çıxa bilər. Belə
məsələlər sırasına biz "İsrailə kim və hansı dövrdə rəhbərlik
edəcək?" suallarını aid edə bilərik. Məsələni bir az da
dəqiqləşdirək. Yəqin burada məsələ bir az tərsinədir. Belə ki,
hazırda ABŞ-ı İsrail özü idarə edir. Bu ölkədəki xüsusilə aparıcı
klanlar onlara aiddir. Beləliklə, İsraillə savaş Amerikanın özünə
də sərfəli deyil.
Yəmən böhranı: iki mühüm səbəb
- Amma Amerikanın digər müttəfiqi də Türkiyədir.
Buradakı son hadisələr də kifayət qədər maraqlıdır.
- Türkiyədəki son hadisələr yalnız ölkəni daxildən sarsıtmağa
yönəlib. Onların arxasında 2013-cü ildə ekoloqları küçələrə çıxaran
qüvvələr dayanıb. Sözsüz ki, bunlar nə kürdlər, nə də ki Ankaranın
digər ənənəvi düşmənləridir. Bu cür razılaşdırılmış addımlar yalnız
dünyanın əsas güc mərkəzlərinin ixtiyarındadır. Son illər Qərb
Türkiyəni az da olsa nəzarət altında saxlayır. Belə ki, Ankaranın
Yaxın Şərq müharibəsindəki, Türkiyə-Rusiya layihələrindəki,
Qafqazda özünün aktiv oyununu oynamaq istəməsi ilə bağlı mövqeləri
Vaşinqtona sərf etmir.
- Müsahibə boyunca adı çəkilən bütün güclərin hamısının
Yaxın Şərqdə marağı olduğunu görərik. Amma hazırda bu bölgədə
vəziyyət bir neçə il bundan öncəkindən daha pis hala gəlib. Bunlar
Yaxın Şərq xəritəsinin dəyişilməsi ilə bağlı bir siqnal ola
bilərmi?
- Yəməndəki savaş Yaxın Şərqin xəritəsini daha çox dəyişir.
Dünyanın bu hissəsində hər kəsin hər kəsə qarşı savaşı güclənir.
Yaxın Şərqin xəritəsi artıq faktiki olaraq dəyişib. Belə ki artıq
keçmiş Suriya, İraq yoxdur. Həmçinin bu bölgədə bir çox keçmiş
dövlətlərin sərhədləri silinir və İŞİD tipində yeni dövlətlər
yaranır ki, onlar da haranı göstərsələr, ora gedirlər. Yəmən savaşı
ABŞ-ın İrana təzyiq etməsi üçün yaxşı vasitəyə çevrilir. Onlar
hansısa nüvə proqramı ilə bağlı danışıqlara baxmayaraq, hələ də
İranı Yaxın Şərqdə radikalizmin alovlanmasında günahlandırırlar.
Yaxın Şərq alovunun yalnız iki məqsədi var. Bunlardan birincisi,
bölgədə yaranmış xaosun mümkün qədər Türkiyə, Qara dəniz regionu və
Qafqaza keçirilməsini təmin etmək, ikincisi isə ABŞ-ın əlində dünya
enerji ehtiyatlarının toplanması üçün maksimum şərait
yaratmaqdır.