Aprelin 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclası keçirilib.
Azərtac xəbər verir ki, Prezident İlham Əliyev
2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu
dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib.
Dövlət başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini,
son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4
faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib.
Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi
siyasət nəticəsində mümkün olduğunu deyən Prezident İlham Əliyev
bildirdi ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi
bizim ümumi dinamik inkişafımıza təsir etməyib. Dövlət başçısı
ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına
tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu
da diqqətə çatdırıb.
Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini,
30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham
Əliyev bildirib ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət
mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və
ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin
davam etdirildiyini deyən dövlətimizin başçısı bu il dövlət
investisiya proqramının geniş olduğunu, zəruri layihələrin
icrasının nəzərdə tutulduğunu vurğulayıb, ölkəmizdə həyata
keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları
tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Ölkəmizin
beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın dünya birliyinin
dəyərli və etibarlı üzvünə çevrildiyini deyən Prezident İlham
Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu
diqqətə çatdırıb. Məhz bunun sayəsində son illərdə bölgədə yaşanan
böhranlardan ölkəmizin itkisiz çıxdığını deyən dövlət başçısı qeyd
edib ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik
ölkə kimi tanınır.
Bu ilin əvvəlindən xaricə etdiyi çoxsaylı səfərlərin ölkəmizin
beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıran
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən danışıb. Bildirib ki, Ermənistan sülh istəmir,
status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə
həll olunmur. Prezident İlham Əliyev vurğulayıb ki, keçən il
həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan
görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb,
münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal
altında saxlanmasını davam etdirib.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, münaqişə
Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları
çərçivəsində həll olunmalı, ikili standartlara son
qoyulmalıdır.
Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki önəmli
hadisəyə - Bakıda "Cənub" Qaz Dəhlizi Məşvərət Şurasının iclasının
keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin
qoyulmasına da toxunub.
Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya
Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci
rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə
ediblər.
Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və
sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin
zəruriliyini vurğulayıb. Hər bir rayonda sənaye zonalarının
yaradılmasının vacibliyini diqqətə çatdıran dövlətimizin başçısı
kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb
etdiyini, ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı
olmadığını bildirib, amma bununla belə ərzaq təhlükəsizliyinin tam
təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə
bağlı tapşırıqlarını verib.
Dövlətimizin başçısı çıxışında manatın məzənnəsi ilə bağlı
məsələyə də toxundu, bu sahədə görülən tədbirlərin iqtisadi
baxımdan səmərəli olduğunu deyib.
Prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin
bahalığından narazılığını ifadə etdi, bu sahədəki vəziyyətin
araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə
tapşırıqlar verdiyini vurğulayıb.
Bu il daha 3 "ASAN xidmət" mərkəzinin açılacağını deyən
dövlətimizin başçısı əhalinin elektrik enerjisi və içməli su ilə
təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verib.
Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına
hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman
obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı,
Media Kəndinin də yaradıldığını bildirdi. Paralel olaraq paytaxtda
abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar
xəttinin salındığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonunadək
nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.