Rusiya paytaxtında Bakı-2015
Avropa oyunlarının təqdimat mərasimi keçirilib.
APA-nın verdiyi məlumata görə, "Redisson Royal, Moskva"
mehmanxanasının konqres-parkında baş tutan tədbirdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva,
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, baş nazirin
müavinləri Dmitri Roqozin və Arkadi Dvorkoviç, xarici işlər
nazirinin müavini Qriqori Karasin, iş adamı Əlişer Usmanov, VTB
bankın sədri Andrey Kostin, Rusiya Olimpiya Komitəsinin prezidenti
Aleksandr Jukov, ölkənin ən tanınmış simaları, siyasi və ictimai
xadimləri iştirak ediblər.
Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda,
Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən
sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi
başlanıb. Çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
tədbirə gələn Rusiya hökumətinin, biznes və idman nümayəndələrini
salamlayıb:
"Mən çox şadam ki, biz Avropa oyunlarının təqdimatını dost
Rusiyanın paytaxtında keçirə bilirik. İki ölkə arasındakı
münasibətlər möhkəm tarixi əsasın üzərində qurulub. Onilliklər
ərzində bizim xalqlarımızı humanitar, mədəni və insani əlaqələr
bir-birinə bağlayıb. Bu əlaqələr ikitərəfli siyasi, iqtisadi
münasibətlərin inkişafı üçün əlverişli iqlim yaradıb. Bugünkü
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında qurulan
dost və mehriban qonşu ölkələrə nümunədir. Bizim əməkdaşlığımız
ictimai həyatın bütün sahələrini, iqtisadi, siyasi və humanitar
sahələri əhatə edir. İkitərəfli münasibətlərə yeni impulsu Rusiya
Prezidenti Vladimir Putinin 2013-cü ilin yayında Azərbaycana
gerçəkləşdirdiyi səfər verib. Rusiyanın nüfuzlu dövlət adamlarının
rəhbərlik etdiyi nümayəndə heyətlərinin il boyu Azərbaycana
səfərləri iki ölkə arasında münasibətlərə öz töhvəsini verib.
Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi üçün
etdiyinizə görə sizə təşəkkürümü bildirirəm".
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyətindən
danışan Mehriban Əliyeva bildirib ki, bu təşkilat Rusiyada yaşayan
və təhsil alan azərbaycanlı gəncləri birləşdirib:
"RAGB gənclərin Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək
edir".
Azərbaycanın birinci xanımı Rusiya və Azərbaycan arasında idman
sahəsində, Olimpiya hərəkatında əməkdaşlıq əlaqələrinin olduğunu
söyləyib:
"Fürsətdən istifadə edib, sizi Soçi Qış Olimpiadasını möhtəşəm
səviyyədə keçirdiyinizə görə təbrik etmək istəyirəm. Bu gün
Azərbacanda idman sahəsinə dəstək dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Biz müstəqil Azərbaycan dövləti olaraq
1996-cı ildən Olimpiya oyunlarında iştirak edirik. Bu günə kimi
idmançılarımızın qazandığı uğurlarla fəxr edirik. Londonda
keçirilən sonuncu Yay Olimpiya oyunlarında idmançılarımız ikisi
qızıl olmaqla 10 medal qazandılar. Avropa ölkələri arasında 15-ci,
bütün iştirakçı ölkələr arasında isə 30-cu yeri tutdular. Keçən il
Çində keçirilən gənclərin Olimpiya oyunlarında idmançılarımız 5-i
qızıl olmaqla 12 medal qazanaraq 200 iştirakçı arasında 10-cu yerə
layiq görülüblər. Azərbaycanda idman obyektlərinin tikintisinə və
yenidənqurulmasına böyük diqqət yetirilir. Son 10 ildə bütün ölkə
ərazisində 40-dan çox Olimpiya mərkəzi tikilib. Bizim ölkə
beynəlxalq idman yarışlarının keçirilməsi üzrə böyük təcrübə
toplayıb. Bakıda müntəzəm olaraq müxtəlif idman növlərinə dair
Avropa və Dünya çempionatları keçirilir. İdmançılarımızın uğur
qazanmasının əsas səbəblərindən biri onlara dövlət tərəfindən
göstərilən dəstək və müasir idman infrastrukturlarının
yaradılmasıdır. Bir sözlə, bütün bu faktorlar və ölkənin sürətlə
inkişafı Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının
Azərbaycan paytaxtı Bakıda keçirilməsi haqqında qərarının əsasını
təşkil edir".
Mehriban Əliyeva ölkədə bütün idman obyektlərinin tikildiyini və
yarışlara hazır olduğunu qeyd edib:
"Bakı-2015 Avropa idman tarixində yeni səhifə açacaq. Bizim üçün
Birinci Avropa oyunlarını keçirmək, təşkil etmək və qəbul etmək
böyük qürur və məsuliyyətdir. Oyunlarda 20 idman növündə 6000-dən
çox atlet iştirak edəcək. Bakı-2015 gələcəkdə keçiriləcək Avropa
oyunları üçün standart olacaq. Əminəm ki, Avropa oyunları yay
Olimpiya oyunları ilə bir səviyyədə keçiriləcək. Bunun üçün lazım
hər şey edilib. Güclü təşkilat komitəsi yaradılıb. Biz beynəxalq
idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq
federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər tərəfindən böyük
dəstək var. Minlərlə azərbaycanlı gənc Avropa oyunlarında könüllü
olmaq istəklərini bildiriblər. Biz Olimpiya kəndimiz ilə fəxr
edirik. Ümid edirəm ki, Rusiya idmançıları bu məkanda qalmaqdan
zövq alacaqlar. İdmançıların maksimal komfort şəraitdə qalmaları
üçün şərait yaratmağa çalışmışıq. Media təmsilçiləri üçün yaradılan
şəhərcik də beynəlxalq standartlara cavab verir. Avropa oyunlarını
1000-dən çox yerli və xarici reportyor, 50-dən çox teleşirkət,
100-dən çox ölkəyə yayımlayacaq. Əlbəttə ki, biz Birinci Avropa
oyunlarını keçirən ölkə kimi istəyirik ki, gələn qonaqlar ölkəmiz
haqqında daha çox məlumat alsınlar. Oyunların başlanmasına iki aya
yaxın müddət qalıb. Bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı
qəbul etməyə hazırıdır. Biz möhtəşəm sülh, dostluq və idman
bayramının ərəfəsindəyik. Əminəm ki, Birinci Avropa oyunları
birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək. Fürsətdən
istifadə edib, sizləri Avropa oyunlarında iştirak etməyə,
idmançılara azarkeşlik etməyə dəvət edirəm".
Daha sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr
Jukov çıxış edib. O, Avropa Olimpiya Komitəsinin vacib və düzgün
qərar qəbul etdiyini qeyd edib: "Avropaya öz oyunları lazımdır.
Birinci Avropa Oyunlarının keçirilməsinin gözəl Bakı şəhərinə
verilməsi əla haldır. Bu doğrudan da çox düzgün qərardır.
Azərbaycanda idmanın necə sevildiyini, Bakıda bir çox böyük
yarışların keçirildiyini və Bakının böyük təcrübəyə malik olduğunu
bilirik. Azərbaycanda idmanın necə inkişaf etdiyini də bilirik.
Bakı sadəcə gözəl şəhər deyil, həm də idman şəhəridir. Heç şübhə
etmirəm ki, Bakı Avropa oyunlarını yüksək səviyyədə keçiriəcək".
Aleksandr Jukov bildirib ki, Rusiyada Bakı-2015 Avropa oyunlarına
ciddi yanaşılır: "Oyunlarda təmsil olunacaq Rusiya Komandasının
tərkibində güclü idmançılar olacaq. Bizim yaxşı ənənəmiz var. Bu
ənənə Rusiya Komandasının Evini yaratmaqdır. Bakıda da belə ev
yaratmaq istəyirik, harada ki, bizim birgə idman tariximiz təqdim
olunacaq. Bu Bakı sakinləri və oyunları izləməyə gələn xarici
turistlər, azarkeşlər üçün çox maraqlı olacaq".
Rusiya Olimpiya Komitəsinin prezidenti Bakı-2015 Avropa
oyunlarının Təşkilat Komitəsinə uğurlar arzulayıb.
Sonda Bakı-2015 Avropa oyunlarına görülən hazırlıq işlərinə həsr
olunan film nümayiş olunub. Filmdə Bakı-2015 Avropa oyunlarının
keçiriləcəyi idman arenaları əks olunub.